Məhkəmə qərarları › İş №2(110)-739/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-739/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - Yük daşınması müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-739/2022 19.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ezamiyyə xərci qismində ödənilmiş pul məbləğinin tutulması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ezamiyyət xərci qismində ödənilmiş 975 (doqquz yüz yetmiş beş) manat, sair xərc qismində ödənilmiş 170 (bir yüz yetmiş) manat, mediasiya ödənişi qismində ödənilmiş 50 (əlli) manat, məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat olmaqla, cəmi 1227 (bir min iki yüz iyirmi yeddi) manat məbləğində pulun alınıb İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru iddia ərizəsində İddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirdiyini, Cavabdeh İddiaçı işçisi olduğunu, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə (kontrakt) əsasən Cavabdeh həmin tarixdə cəmiyyətə sürücü vəzifəsinə (peşəsinə) işə qəbul edildiyini, həmin əmək müqaviləsində işçi olaraq Cavabdeh funksiyalarının göstərildiyini, rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetrilməsinin həmin funksiyalardan olduğunu, həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh görüləcək işi layiqincə yerinə yetirməyi öhdəsinə götürdüyünü, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən beynəlxalq yükdaşıma ilə bağlı sifariş daxil olduğunu, həmin sifarişə əsasən malların sifarişçidən götürülərək Gürcüstan Respublikasının ərazisindən keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə çatdırılmalı olduğunu, həmin sifarişin icrasının Cavabdeh həvalə edildiyini, bütün sənədləşdirmə işlərinin aparıldığını, yol vərəqələri, gömrük sənədləri və sair sənədlərin toplanılaraq sürücüyə təhvil verildiyini, bununla əlaqədar xx.xx.2022-ci il tarixli 117 nömrəli xarici ölkəyə yüklərin daşınması üçün işçilərin ezam edilməsi barədə əmr imzalandığını, həmin əmrdan göründüyü kimi “Qaya Neqliyyat“ Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bakı şəhərindən Türkiyə Respublikasına 10 (on) təqvim günü müddətinə ezam edilməsi, işçinin ezamiyyə xərclərinin (yemək xərcləri) əvəzinə hər gün üçün 75 manat olmaqla, 10 təqvim günü və hər gün üçün 75 manat olmaqla 3 təqvim günü mehmanxana xərcinin şirkətin hesabına ödənilməsi, avtonəqliyyat vasitəsinin yük daşınma zamanı tranzit ölkə olaraq Gürcüstan Respublikasının ərazisindən keçdiyi üçün tranzit kartının alınması məqsədilə şirkəti xalis mənfəət hesabına həmin işçinin kart hesabına 170 manat vəsaitin ödənilməsinin əmr edildiyini, həmin əmr əsasında xx.xx.2022ci il tarixli 0856 nömrəli ödəniş tapşırığından və hesabdan çıxarışdan göründüyü kimi həmin tarixdə Cavabdeh hesabına ezamiyyə xərci qismində 975 (doqquz yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin köçürüldüyünü, bundan sonra sürücü Cavabdeh sifarişçi - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına gələrək daşınması tapşırılan malı yük maşınına yüklədiyini, lazımi sənədləri və ezamiyyə xərclərini götürdüyünü, lakin avtomobili şirkətin dayanacağına qoyaraq müəyyən edilmiş vaxtda yola çıxmaqdan imtina etdiyini və tapşırığı icra etmədiyini, bununla da Cavabdeh onunla İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əməl etmədiyini və öz üzərinə düşən öhdəliyi icra etmədiyini, buna görə də İddiaçı tərəfindən Cavabdeh ona həmin sifarişin icrası məqsədilə ezamiyyət xərci qismində ödənilmiş 975 (doqquz yüz yetmiş beş) manat, sair xərc qismində ödənilmiş 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 1145 (bir min bir yüz qırx beş) manat məbləğində pulun geri qaytarılması tələb edildiyini, lakin cavabdehin pulun qaytarlmasından imtina edildiyini, buna görə də onun hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, Cavabdeh ezamiyyət xərci qismində ödənilmiş 975 (doqquz yüz yetmiş beş) manat, sair xərc qismində ödənilmiş 170 (bir yüz yetmiş) manat, mediasiya ödənişi qismində ödənilmiş 50 (əlli) manat, məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat olmaqla, cəmi 1227 (bir min iki yüz iyirmi yeddi) manat məbləğində pulun alınıb İddiaçınə ödənilməli olduğunu hesab etdiyini qeyd etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2022ci il tarixdə İddiaçı MMC-nin direktoru Nümayəndə məhkəməyə daxil olmuş ərizəsində 19 dekabr 2022-ci il saat 14:00 tarixə təyin olunmuş məhkəmə iclasında iş yükünün çox olması ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini diqqətə çatdırmaq istədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 09 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı MMC-nin direktoru Nümayəndə iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materillarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən (konrtakdan) görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materillarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, “Qaya Neqliyyat“ MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materillarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 117 nömrəli xarici ölkəyə yükərin daşınması üçün ezam edilməsi barədə əmrdən görünür ki, İddiaçı MMC-nin işçisi Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bakı şəhərindən Türkiyə Respublikasına 10 (on) təqvim günü müddətinə ezam edilməsi, işçinin ezamiyyə xərclərinin (yemək xərcləri) əvəzinə hər gün üçün 75 manat olmaqla, 10 təqvim günü və hər gün üçün 75 manat olmaqla 3 təqvim günü mehmanxana xərcinin şirkətin hesabına ödənilməsi, avtonəqliyyat vasitəsinin yük daşınma zamanı tranzit ölkə olaraq Gürcüstan Respublikasının ərazisindən keçdiyi üçün tranzit kartının alınması məqsədilə şirkəti xalis mənfəət hesabına həmin işçinin kart hesabına 170 manat vəsaitin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0856 saylı Ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli 117 və 118 nömrəli əmrlərə əsasən İddiaçı MMC tərəfindən İddiaçı MMC-nin işçilərinin 2022-ci ilin aprel ayı üçün ezamiyyə xərcləri üçün 2175 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ezamiyyə xərcləri cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən sürücü Cavabdeh AZ45BRES******************** saylı hesabına 975 manat ödəniş köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0857 saylı Ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli 117 nömrəli əmrə əsasən İddiaçı MMC tərəfindən İddiaçı MMC-nin işçilərinin 2022-ci ilin aprel ayı üçün ezamiyyə xərclərinin ödənilməsinə 170 manat ödəniş köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ezamiyyə xərcləri cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən sürücü Cavabdeh AZ45BRES******************** saylı hesabına 170 manat ödəniş köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 29220 nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, “Qaya Neqliyyat“ MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 33 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, mediasiya xərci olaraq 50 manat ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə sürücü qəbul olunmuşdur. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh “İşəgötürən” tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz öhdəsinə götürsədə, bu öhdəliyə əməl etməyərək İddiaçı MMC-yə verilmiş sifarişin icrası ilə bağlı onun bank hesabına ezamiyyə xərcləri ödənilsədə, tapşırığı icra etməyərək iddiaçıya 1145 (bir min bir yüz qırx beş) manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 10-cu maddəsinin “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; - 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; - 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludu;. - 194-cü maddəsinin 2-ci hissəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; - 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; - 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin ilkin mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat pulun cavabdehdən alınıb ona ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia tələbi mediasiya xərci və dövlət rüsumuna dair hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Cavabdeh ezamiyyət xərci qismində ödənilmiş 975 (doqquz yüz yetmiş beş) manat, sair xərc qismində ödənilmiş 170 (bir yüz yetmiş) manat, mediasiya ödənişi qismində ödənilmiş 50 (əlli) manat, məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat olmaqla, cəmi 1227 (bir min iki yüz iyirmi yeddi) manat məbləğində pulun alınıb İddiaçı xeyrinə ödənilsin.“ “ Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar