Məhkəmə qərarları › İş №e-2-2(117)-270/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-270/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - yük daşınması müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-270/2025 24.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin rəhbəri X6 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6945 manatın, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 7000 euronun (qətnamənin icra olunduğu vaxta 1 evronun Azərbaycan nisbəti ilə), həmin borc məbləğlərinin 5% illik bank uçot dərəcəsinə uyğun hesablanmış 190 manatın, vəkilə ödənilmiş 721 manatın, ödənilmiş 162 manat dövlət rüsumunun, cəmi 23968 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə-cavabdeh) qarşı cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 10645 (on min altı yüz qırx beş) manatın, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 7000 euronun (qətnamənin icra olunduğu vaxta 1 euronun Azərbaycan manatına nisbəti ilə), həmin borc məbləğlərinin borcun ödənilmədiyi xx.xx.2024-cü il tarixdən məhkəmə qərarının çıxarıldığı günədək həmin borc məbləğlərinin Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi 5 (beş) faiz illik bank uçot dərəcəsinə uyğun 190 (bir yüz doxsan) manatın cavabdehdən tutulması, pozulmuş hüququn bərpası üçün vəkilə ödənilmiş 721 (yeddi yüz iyirmi bir) manatın, ödənilmiş 162 (bir yüz altmış iki) manat məhkəmə xərclərinin, cəmi 23968 manatın cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməli olan 10645 manat borcdan 3700 manat ödəniş edildiyindən həmin hissədə 6945 (altı min doqquz yüz qırx beş) manat tələb etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xidmətlərin göstərilməsi haqqında 1358-101081 MMC saylı, xx.xx.2024-cü il tarixli müqavilə bağlanılaraq cavabdehin yükünü Türkiyənin Qaziantep şəhərindən Mingəçevir şəhərinə daşınması xidməti göstərilərək həmin müqavilə üzrə öhdəliklərini icra etmişdir. Bundan sonra 2024-11-01 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehin sifarişi üzrə ona aid olan yükün Almaniyadan Rusiya istiqamətinə (Moskva şəhərinə) daşınma xidməti göstərilərək həmin müqavilə üzrə öhdəliklərini icra etmiş, cavabdeh isə göstərilən daşınma xidmətləri üzrə razılaşdırılmış daşınma haqqını ödəməyərək müqavilə üzrə öhdəliklərinin tam icrasını təmin etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödəməli olduğu 11645 (on bir min altı yüz qırx beş) manat üzrə göndərilmiş MT2411 seriyalı, 11025916 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 11645 manat xidmət haqqı üzrə borc məbləğləri ilə razılaşaraq həmin qaiməni qəbul etmiş, həmin borc məbləğindən 1000 (bir min) manatı xx.xx.2024-cü il tarixdə ödənilmiş, qalan 10645 (on min altı yüz qırx beş) manatın ödənilməsi təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə ödənilməli olan 12000 (on iki min) EURO (manat hesabı ilə 20832 manat) üzrə göndərilmiş MT2501 seriyalı, 10697607 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimə üzrə 20832 manat xidmət haqqı üzrə borc məbləği ilə razılaşaraq həmin qaiməni qəbul etmiş, həmin borc məbləğindən 5000 (beş min) EURO xx.xx.2024-cü il tarixdə iddiaçıya köçürülmüş, qalan 7000 EURO ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli aktlara əsasən cavabdeh göstərilmiş xidmətlərin icra olunaraq qəbul edildiyini, xidmətlərin dəyərləri üzrə yaranmış borc məbləğlərini təsdiq edərək razılaşmışlar. Dəfələrlərlə cavabdehdən borc məbləğlərinin ödənilərək müqavilələr üzrə öhdəliklərinin tam icrası tələb edilmiş, lakin cavabdeh tərəfindən hər dəfə borc məbləğinin ödəniləcəyi bildirilsə də, verilmiş vədə bu günədək əməl edilməmişdir. Cavabdehlə bağlanılmış müqavilələr üzrə borc məbləğləri 7000 EURO və 10645 manat təşkil edir.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385-386 və 449-cu maddələri göstərilmişdir.

5. Cavabdehin rəhbəri Nümayəndə2 iddia tələbinə etiraz təqdim edərək bildirir ki, aralarında xx.xx.2024-cü il tarixdə daşınma müqaviləsi bağlanmış və iddiaçı tərəfindən Türkiyənin Qaziantep şəhərindən Mingəçevir şəhərinə balıq yemi yükü daşınmışdır. Həmin müqavilənin bəndlərində Türkiyənin Qaziantep şəhərindən Azərbaycana yükün daşınması göstərilmiş, Almaniyadan Rusiyaya yük daşınması göstərilməmişdir. İddiaçının ərizəsində göstərilənlər Almaniyadan Rusiyaya yük daşınması iddiası tamamilə yalandır, heç bir sənədə və ya sübuta əsaslanmır. Belə ki, iddiaçı vasitəsi ilə Türkiyənin Qaziantep şəhərindən 1 yük maşını balıq yemi məshulu gətirmiş, daşınma xərci 3400 ABŞ dolları dəyərində olmuşdur. Lakin Türkiyyədəki şirkət olan malı göndərən HEMAKS MAKİNA SANAYE A.S. şirkəti X2 qeydiyyatda olmadığı üçün 20 gün sərhəddə gözləmiş, günü 150 dollar gözləmə pulu və digər xərclər göstərilməklə bu səbəbdən də 3450 ABŞ dolları əlavə hesablanmış, 11645 manat etmişdir. İddiaçı yükü Mingəçevir şəhərinə çatdırmış, əlavə olaraq da bu daşınmadan 3450 ABŞ dolları maddi ziyana düşmüşdür. İddiaçı bildirir ki, ona aid olan yükü Almaniyadan Rusiyaya daşımış və bununla bağlı xx.xx.2024-cü il tarixli daşınma müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə xx.xx.2024-cü il tarixli 2024-22- 01 nömrəli olmaqla iddiaçı ilə və OOO PPK MMC (bundan sonra mətndə "xxxx" MMC və ya Rusiya şirkəti) arasında bağlanmışdır. Bununla bağlı Rusiyada partnyor olaraq çalışdıqları Rusiya şirkətinin yüklərinin daşınması təklifini iddiaçının rəhbərinə bildirmiş, o da razılaşmışdır. Balıq yemini gətirən zaman məhsulları anbara boşaldan günü iddiaçı şirkətin rəhbəri bildirmişdir ki, malları anbara boşaltmağa icazə verməyəcək, səbəbi Almaniyadan Rusiyaya "xxxx" MMC-yə daşınan mallara görə öhdəlik imzalamalıdır, çünki o müştərini iddiaçı ilə tanış etmişdir. Bunun qanunsuz olduğunu bildirmiş, lakin balıq yemi gətirən sürücüyə təsir göstərərək Mingəçevirdə olan anbarına malların boşaldılmasına icazə verməmişdir. Həmin günü malların boşaldıması üçün gömrük əməkdaşı gəlmiş, lakin icazə verilmədiyi üçün mallar boşaldılmamışdır. Belə olduğu halda səhərisi gün məcbur qalıb Almaniyadan Rusiyaya "xxxx" MMC-yə gedən mallara görə öhdəlik adlı bir sənədi imzalamışdır. Bundan sonra malları boşaltmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində MT**********16 nömrəli 11645 manatlıq elektron qaimə göndərilmiş, həmin vəsaitdən xx.xx.2024-cü il tarixində, Bakı şəhərində olan zaman cavabdehin rəhbəri X6 təcili pul istəmiş, o isə “whatsap” şəbəkəsi üzərindən “yerləşmə məkanı” məlumatını göndərmiş, Bakı şəhərində Nərimanov rayonu ərazisində yerləşən “Royal” hotelin restoranında iddiaçının rəhbəri X6a 1700 manat vermiş, xx.xx.2024-cü il tarixində bank köçürməsi ilə iddiaçıya 3700 manat, xx.xx.2024-cü il tarixində 1000 manat ödəmişdir. Ümumilikdə, xx.xx.2024-cü il tarixində MT**********16 nömrəli qaimə üzrə 6400 manat ödəniş etmiş, həmin qaimə üzrə 5245 manat borcu qalmışdır. 5245 manat olan vəsaiti iddiaçıya ödəməməyinə səbəb balıq yemini daşıyan ** BL ***/ ** ZA *** nömrəli yük maşınının sahibi Elnur Abdullayevə çatan 5246 manat vəsaitin iddiaçının rəhbəri X6 tərəfindən ödənilməməsi olmuşdur. Almaniyadan Rusiyaya faktiki olaraq "xxxx" MMC tərəfindən daşınan yükün isə onunla heç bir əlaqəsi yoxdur və bu daşınma əməliyyatı ilə bağlı o heç bir rəsmi və ya yazılı hüquqi sənəd imzalamamışdır. Rusiyada partnyor olaraq çalışdıqları "xxxx" MMC-nin yüklərinin daşınması təklifini o bildirdiyindən yüklərin daşınması üçün ona akt imzalatdırmışdır. Onlara sonradan məlum olmuşdur ki, yüklər iddiaçı tərəfindən deyil, "xxxx" MMC tərəfindən daşınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında daşınma müqaviləsinin olmaması da müəyyən olunmuşdur.

İİ. Tərəflərin mövqeləri:

6. İddiaçı MMC-nin rəhbəri X6 məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən müqavilələr üzrə cavabdehin sifarişi ilə Almaniyadan Rusiyaya və Türkiyədən Azərbaycana yüklərin daşınmasını onun rəhbəri olduğu şirkət həyata keçirmişdir. Ona Bakı şəhərində oteldə 1700 manat nağd pul verilməmiş, heç bir otelə getməmiş, şirkətləri ödənişləri rəsmi qaydada həyata keçirir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini tam icra etməməsini etiraf edərək ödəməli olduğu qalıq borcunun Elnur Abdullayev adlı şəxsin məktubu əsasında ödəmədiyini bildirmiş, 11645 manat borc məbləğindən elektron qaimələr üzrə 3700 manat, 1000 manat olmaqla cəmi 4700 manat ödəmiş, yerdə qalan 6945 manatın ödənilməsini təmin etməmişdir.

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 bildirdi ki, müqavilə şərtlərinə və hüquqi şəxslər arasında ödəniş qaydalarına əsasən ödənişlər yalnız elektron-qaimələr əsasında aparılır. İşə əlavə olunmuş sənədlərlə isə cavabdehin daşınma xidmələrinə görə 1700 manatın ödənilməsi təsdiq olunmur. Bunda başqa məhkəmə qərarı olmadan, hər hansı şəxsin məktubu əsasında öhdəliklərin icrasının dayandırması və ya bundan imtina olunması qanunsuzdur. İddia ərizəsində qeyd olunduğu kimi, cavabdehin təklifinə və sifarişinə əsasən Rusiya şirkəti ilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Almaniyadan Rusiyaya yükün daşınması təmin edilmiş, cavabdeh və Rusiya şirkəti xidmətlərin icra olunduğunu qəbul edərək, ödənilməli olan 12000 avronu təsdiq etmişlər və həmin məbləğdən 5000 avro ödənilmiş, yerdə qalmış 7000 avronun ödənilməsi isə təmin olunmamışdır. Rusiya şirkəti ilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin 1.8-ci maddəsinin tələblərinə görə mal partiyasının daşınması üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra, tərəflər görülmüş işlər haqqında akt tərtib edərək imzalayırlar. Həmin müqavilənin tələblərinə görə xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" MMC, Cavabdeh xx.xx.2024-cü il tarixli "xxxx" 13-********** MMC saylı hesab-faktura əsasında Almaniya Rusiya istiqamətində göndərilmiş yükün daşınması xidmətlərini həqiqətən İddiaçı MMC tərəfindən icra olunduğunu və "xxxx" MMC və Cavabdeh tərəfindən bu xidmətlərin qəbul olunduğunu və xidmətin dəyərinin 12 000 EURO təşkil etdiyini imzaları ilə təsdiq etmişlər. Qeyd olunan məbləği rus firması ödəməsə, Cavabdeh MMC elektron qaimə üzərindən təqdim olunan məbləği ödəməyi öz üzərinə götürür” qeyd olunaraq öz imza və möhürləri ilə təsdiq etmişlər. Həmin aktın tərtib olunaraq təsdiq edilməsində kimsə təzyiq və təhdidlərə məruz qalmamış, hər bir tərəf həmin aktı iradə ifadəsi ilə tərtib edərək könülü olaraq imzaları ilə təsdiqləmişlər. Cavabdeh sifarişi üzrə daşınmış yükə görə xidmət haqqının ödənilməsini öz öhdəsinə götürdüyündən ödənilməli olan 7000 EURO cavabdeh tərəfindən onlara ödənilməsi təmin edilməlidir.

8. Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə bağlanmış daşınma müqaviləsi üzrə Türkiyənin Qaziantep şəhərindən Mingəçevir şəhərinə balıq yeminin daşınması ilə bağlı müqavilə üzrə ümumi borc 11645 manat olmuş, həmin borcdan 1000 manat, 3700 manat və 1700 manat isə iddiaçı şirkətin rəhbərinə Bakı şəhəri Nərimanov rayonunda olan “Royal” otelin qarşısında şəxsən nağd qaydada vermişdir. İddiaçıya borcu 5245 manat təşkil edir. “X1” MMC ilə bağlanmış müqaviləni iddiaçı tərəf saxtalaşdırmış, müqavilənin düzgün variantını elektron kabinetlə məhkəməyə təqdim etmişdir. Həmçinin Rusiya şirkətinə sorğu verərək müqaviləni və digər zəruri sənədləri məhkəməyə elektron poçtla göndərilmişdir. Həmin müqavilənin tərcümə olunmuş variantını məhkəməyə təqdim edir. Bundan əlavə yükü daşıyan sürücülərdən biri buradadır. Onun şahid qismində dindirilməsini məhkəmədən xahiş edir. Digər sürücü isə keçən dəfə məhkəmə iclasında gəlmişdi, hazırlıq iclası olduğundan dindirilməmiş, hazırda isə Rusiyadadır. Ona görə də həmin şəxsin Rusiyadan qayıtdıqdan sonra şahid qismində dindirilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

9. Məhkmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Nümayəndə2 birinci dəfədir ki, şəxsən üzbəüz görür, əvvəllər onunla telefonla danışmışdır. O, yükdaşıma ilə məşğul olur, özünə məxsus yük maşını-tırın nömrəsi ** DR ***-dir. Daşıma ilə bağlı sosial şəbəkələrdə olan qruplarda yükdaşıma ilə məşğul olan şirkətlər vasitəilə yükləri daşıyır. 2024-cü ilin noyabr ayında bunlardan biri ilə əlaqə saxlamış, özünü Estella və başqa adlarla təqdim edən xanımla danışmışdır. Həmin yükü Almaniyadan Rusiyaya aparmalı olmuş, sonradan bilmişdir ki, Rusiyada gömrükdə ünvan dəyişikliyi olur. X5 şəhərinə aparmış, şirkətin adı yadında deyil, həmin şirkətin ünvanı barədə beynəlxalq yükdaşıma sənədi olan SMR sənədində məlumat qeyd edilmişdir. Yükün çəkisi 21 ton olmuş, özü "xxxx" MMC-nin bayrağı altında olsa da müstəqil işləyir, yükü noyabr ayının əvvəlində daşımış, aparıb Rusiyada təhvil vermişdir. Onunla danışıq aparan iddiaçı şirkətin rəhbəri olan məhkəmə iclasındakı xanım olmuşdur. Ona isə yükün daşınmasına görə haqqı ödəməmişlər.

İİİ. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

11 Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

12.Azərbaycan Respublikasının Mülki Məcəlləsi

-324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. 854.3. Qaimədə aşağıdakı məlumatlar göstərilməlidir: 854.3.1. bu Məcəllənin 853cü maddəsində göstərilən məlumatlar; 854.3.2. qaimənin tərtib edildiyi yer və tarix; 854.3.3. yük göndərənin adı və ünvanı; 854.3.4. daşıyıcının adı və ünvanı; 854.3.5. yükləmənin yeri və tarixi; 854.3.6. yük yerlərinin adı və nömrələri; 854.3.7. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər); 854.3.8. zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri. 854.6. Əgər yük göndərən bu Məcəllənin 854.3.2, 854.3.4-854.3.8 və ya 854.4-cü maddələrində nəzərdə tutulan məlumatları yanlış və ya natamam vermişdirsə, bununla əlaqədar bütün zərər üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır. 854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi:

18. İşdə olan Tentli (çadırlı) nəqliyyat vasitələri ilə daşınma müqaviləsindən müəyyən edilir ki, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə2 ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə referans nömrə 1358-101081 nömrəli müqavilə bağlanmış, müqavilənin 2-ci bəndinə görə yükü aparan 75BL854-67ZA169 nömrəli nəqliyyat vasitəsi müəyyən edilmiş, yükün çıxışı Qaziantep şəhəri, daşıma qiyməti 3200 ABŞ dolları, yükün çatdırılma gömrük yeri Yevlax şəhəri, yükün çatdırılma müddəti 15-20 gün müəyyən edilir. Həmin Müqavilənin 9-cu bəndinə əsasən Fikir ayrılıqları (uyğunsuzluqlar) bölməsində qeyd edilir ki, hər hansı bir anlaşılmazlıq halında İstanbul Bakırköy Məhkəmələri və Azərbaycanın səlahiyyətli olduğu tərəflər tərəfindən qəbul ediləcəkdir.

19. İşdə olan 01 noyabr tarixli 2024-11-01 nömrəli daşınma müqaviləsindən görünür ki, “Ekspeditor” adlandırılan İddiaçı MMC ilə “Müştəri” adlandırılan "xxxx" MMC arasında bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Müştəriyə məxsus 21000 kq yük Almaniyanın Emlihhaym şəhərindən Rusiyanın Moskva şəhərinə müvafiq haqq müqabilində daşınması nəzərdə tutulur. -Müqavilənin 1.2-ci bəndinə görə onun qüvvədə olduğu vaxt xx.xx.2024-xx.xx.2025. - Müqavilənin 2-ci bəndinə görə Daşımanın dəyəri ******* rubl təşkil edir. Hər avtomobilin dəyəri 583000 rubldur, hər avtomobil üçün gömrük xərci 500 EURO, Morrex Groupdan hesab-faktura alındığı vaxtdan 72 saat ərzində həyata keçiriləcəkdir. Bu şərtlərlə bağlı məsələlər üzrə hər iki ölkənin (Azərbaycan və Rusiya) məhkəmələri qərar qəbul edə bilər. -Müqavilənin 2-ci bəndinin “Nəticə” bölməsində Yükün sifarişçisi Cavabdeh olduğundan Morrex Groupun borcunu o ödəməlidir.

20. İşdə olan 01 noyabr tarixli 2024-11-01 nömrəli daşınma müqaviləsindən (iş vərəqi 52-ci səhifə rus dilində) görünür ki, “Ekspeditor” adlandırılan İddiaçı MMC ilə “Müştəri” adlandırılan "xxxx" MMC arasında bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Müştəriyə məxsus yük Almanıyanın Emlihhaym şəhərindən Rusiyanın Moskva şəhərinə müvafiq haqq müqabilində daşınması nəzərdə tutulur. -Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin qüvvəyə minmə vaxtı xx.xx.2024cü ildir. -Müqavilənin ümumi dəyəri 583000 rubldur.

21. İşdə olan Xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 1358- 10BN81/Morrex nömrəli Aktdan müəyyən edilir ki, İddiaçı MMC və Cavabdeh MMC xx.xx.2024-cü il tarixli 1358-10BN81/Morrex nömrəli hesab faktura əsasında Gaziantep- Bakı istiqamətində yükün daşınması xidmətləri haqqında İddiaçı MMC tərəfindən icra olunduğunu və Cavabdeh MMC tərəfindən xidmətlərin qəbul olunduğunu, xidmətin dəyərinin 11645 manat təşkil etdiyini sonuncu hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq etmişlər.

22. İşdə olan Xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 1358- 10BN81/Morrex nömrəli Aktdan müəyyən edilir ki, İddiaçı MMC, "xxxx" MMC və Cavabdeh MMC xx.xx.2024-cü il tarixli MORREX 13-********** nömrəli hesab faktura əsasında Almaniya-Rusiya istiqamətində yükün daşınması xidmətlərini İddiaçı MMC tərəfindən icra olunduğunu, 1358-10BN81/Morrex "xxxx" MMC və Cavabdeh MMC tərəfindən xidmətlərin qəbul olunduğunu, xidmətin dəyərinin 12000 EURO təşkil etdiyini və həmin aktı İddiaçı MMC, "xxxx" MMC və Cavabdeh MMC-nin rəhbərləri və möhürləri ilə təsdiq etmişlər.

23. İşdə olan xx.xx.2024-cü il tarixli MT**********16 nömrəli elektron qaiməfakturadan görünür ki, Cavabdeh MMC-yə İddiaçı MMC-tərəfindən beynəlxalq yükdaşıma xidməti üçün 11645 manat dəyərində xidmət göstərildiyi ilə bağlı elektron qaimə göndərmiş, həmin qaimə cavabdeh hüquqi şəxsin möhürü vurulmaqla qəbul edilmişdir.

24. İşdə olan xx.xx.2024-cü il tarixli expressbank ASC ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına MT**********16 nömrəli elektron qaimə üzrə 3700 (üç min yeddi yüz) manat ödəniş edilmişdir.

25. İşdə olan xx.xx.2024-cü il tarixli expressbank ASC ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1000 (bir min) manat ödəniş edilmişdir.

26. İşdə olan xx.xx.2025-ci il tarixli Bakı şəhəri Əhməd Rəcəbli 12 ünvanında yerləşən Royal hotelin məlumatına görə Nümayəndə2 xx.xx.2024-xx.xx.2024-cü il tarixdə qeyd edilən oteldə qalmış, 100 manat vəsait ödəmişdir.

27. Cavabdehin rəhbəri tərəfindən məhkəməyə təqdim edilən Whatsap sosial şəbəkə vasitəsilə iddiaçının rəhbəri ilə apardığı danışıqlara dair çıxarışları təqdim etmiş, məhkəmə iclasında iddiaçı təşkilatın rəhbərinə qeyd edilən danışıqların məhkəmə iclasında dinlənilməsi ilə bağlı müraciət edilmiş iddiaçı təşkilatın rəhbəri buna razı olmadığı üçün dinlənilmə aparılmamışdır. Qeyd edilən danışıqların kağız formasında əlavələrində “Bireex logistica” adlı nömrə adı altında 31 oktyabr 2024-cü il tarixdə saat 13:00 radələrində yazışma və səs göndərmə, həmçinin “məkan yerləşmə xəritəsi göndərmə” əməliyyatı müşahidə olunur.

28. Rusiya Federasiyasının "xxxx" MMC xx.xx.2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinə ünvanladığı məktubda bildirir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsinə görə 01 noyabr 2024-cü il tarixli 2024-1-01 nömrəli müqavilə çərçivəsində İddiaçı MMC-nin Ziraat Bank Azərbaycan ASC-də olan hesabına 20 noyabr 2024-cü il tarixli 77 nömrəli ödəniş sənədinə əsasən 583000 rubl məbləğində vəsait köçürülmüşdür. Eyni zamanda, yuxarıda qeyd edilən müqavilə üzrə ödəniş "xxxx" MMC-nin hesabına həyata keçirilmiş, hesabaşma və ödənişin hər hansı bir üçüncü şəxsə aidiyyəti yoxdur.

Vİ. Məhkəmənin mövqeyi:

29. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

30. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən cavabdeh və "xxxx" MMC ilə bağlanmış yük daşıma müqavilələrində alternativ məhkəmə aidiyyəti müəyyən edilmişdir. Belə ki, tərəflər arasında mübahisə yarandığı təqdirdə işə həm Azərbaycan, həm də müqavilə üzrə müvafiq olaraq Türkiyənin və Rusiyanın məhkəmələri tərəfindən baxılmasının mümkünlüyü qeyd edilmişdir. Ona görə də, müvafiq ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət edildiyindən işə həmin məhkəmə tərəfindən baxılması, qanunun və müqavilə tələblərinə uyğun olmuşdur. Məhkəmə iclasında cavabdehin məhkəmə aidiyyəti ilə bağlı vəsatəti üzrə məhkəmə tərəfindən ayrıca qərardad qəbul edilməli olsa da, məhkəmə yanlışlığa yol verərək qeyd edilən məsələni məhkəmə iclas protokolunun qərarı ilə həll etmiş, bu pozuntu işə mahiyyəti üzrə baxıldıqdan sonra müəyyən edilmiş, bu səbəbdən həmin pozuntunu aradan qaldırmaq mümkün olmamışdır.

31. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

32. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, iş üzrə tərəflər arasında bağlanmış Tentli (çadırlı) nəqliyyat vasitələri ilə daşınma müqaviləsindən müəyyən edilir ki, cavabdeh hüquqi şəxsin rəhbəri Nümayəndə2 ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə referans nömrə 1358-101081 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə Türkiyənin Qaziantep şəhərindən Azərbaycana balıq yeminin daşınması baş tutmuş, yük daşınmış və cavabdehə təhvil verilmişdir. Qeyd edilən yükün daşınma xərci 11645 manat təşkil etmiş, həmin vəsaitdən xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 3700 manat ödəniş edilmişdir. Həmin müqavilə üzrə işin mübahisələndirilən halı cavabdehin rəhbəri Nümayəndə2 Həsən oğlu tərəfindən 1700 manat məbləğində vəsaitin iddiaçı hüquqi şəxsin rəhbəri X6a verilməsi ilə bağlıdır. Sonuncu şəxs məhkəmə iclasında bu vəsaiti qəbul etməsini inkar etmişdir. Lakin cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddiaçının rəhbəri ilə bağlı telefon danışıqlarını təqdim etmiş, eyni zamanda həmin vaxtı Bakı şəhəri Nərimanov rayonu ərazisində “Royal” hoteldə qalmasına dair sənədi təqdim etmiş, iddiaçı şirkətin rəhbərinə 1700 manatı nağd formada həmin hotelin qarşısında verdiyini bildirmişdir. Eyni zamanda, telefon vasitəsilə aparılan danışıqların dinlənilməsi ilə bağlı məhkəmənin təklifinə X6 razı olmadığından həmin səs yazıları dinlənilməmişdir.

33. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

34. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

35. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

36. Sübutları qiymətləndirən zaman Məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya fakt ilə bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (digər qərarlar ilə yanaşı baxın: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ (extracts)).

37. Məhkəmə qeyd edilən arqumentlərə hərtərəfli və obyektiv yanaşaraq qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf ilkin dəlillərini irəli sürmüş və etirazını əsalandırmış, bununla bağlı sübutlar təqdim etmişdir. İddiaçı tərəf isə 1700 manat məbləğində vəsaitin ona nağd formada verilməsini ümumiyyətlə inkar etmiş, lakin etirazla bağlı əks əsaslı olaraq hər hansı bir arqument və ya dəlil irəli sürməmiş, əsaslandıra bilməmişdir. Qanunvericiliyin məzmununa görə sübutetmə vəzifəsinin icrası baxımından əgər tərəf sübut təqdim etmək və ya sübutun araşdırılmasında iştirak etmək imkanından imtina edirsə və ya bu imkanı əngəlləyirsə, belə vəziyyətdə həmin tərəfin sübutun əleyhinə olduğu hal kimi qiymət verilməlidir.

38. Məhkəmə cavabdeh hüquqi şəxsin rəhbərinin arqument və etirazlarının istinad edildiyi halları sübuta yetirdiyini qəbul edir, iddiaçı tərəf isə tələbini 1700 manatın ödənilməsinin inkar edilməsi hissəsində sübut edə bilməmişdir. Məhkəmə belə olan vəziyyətdə cavabdeh tərəfindən iddiaçı hüquqi şəxsin rəhbərinə nağd formada yük daşınma xidmətinin dəyərindən 1700 manat məbləğində vəsaitin ödənildiyini qəbul edir.

39. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb digər müqavilə ilə bağlı yaranmış öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlıdır. Belə ki, işdə olan 01 noyabr tarixli 2024-11-01 nömrəli daşınma müqaviləsi eyni nömrəli, eyni tarixdə “Ekspeditor” adlandırılan İddiaçı MMC ilə “Müştəri” adlandırılan "xxxx" MMC arasında müqavilələri bağlanmışdır. Hər iki müqavilənin məzmununa görə müştəriyə məxsus yükün Almaniyanın Emlihhaym şəhərindən Rusiyanın Moskva şəhərinə müvafiq haqq müqabilində daşınması nəzərdə tutulur.

40. Qeyd edilən müqavilə hazırkı iş üzrə Cavabdeh MMC tərəfindən imzalanmamış və ya başqa formada həmin müəsissə tərəfindən təsdiq edilməsi müəyyən edilmir. Eyni tarixli və nömrəli, lakin müxtəlif məzmunlu Müqavilənin 2-ci bəndinin “Nəticə” bölməsində “Yükün sifarişçisi Cavabdeh MMC olduğundan İddiaçıMMC-nin borcunu o ödəməlidir”, lakin bununla bağlı qeyd edilən şirkətin məlumatının, yəni həmin müqavilə üzrə “Sifarişçi” olmasını, həmin müqavilə üzrə hüquq və öhdəliklər üzrə məsuliyyət daşıması ilə bağlı müqavilənin hər hansı formada təsdiq etməsi müəyyən edilmir.

41. İddiaçının əsaslandığı yeganə sənəd işdə olan Xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli MORREX 13-********** nömrəli Aktdır, həmin aktın məzmununda qeyd edilmişdir ki, İddiaçı MMC, "xxxx" MMC və Cavabdeh MMC xx.xx.2024-cü il tarixli 1358-10BN81/Morrex nömrəli hesab faktura əsasında Almaniya-Rusiya istiqamətində yükün daşınması xidmətlərini İddiaçı MMC tərəfindən icra olunduğunu, 1358- 10BN81/Morrex "xxxx" MMC və Cavabdeh MMC tərəfindən xidmətlərin qəbul olunduğunu, xidmətin dəyərinin 12000 EURO təşkil etdiyini və həmin aktı "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh MMC-nin rəhbərləri və möhürləri ilə təsdiq etmişlər.

42. Qeyd edilən aktın nömrəsi tərəflərin arasında bağlanmış xx.xx.2024-cü il tarixli MORREX 1358-101081 MMC nömrəli və tərəflərin mübahisələndirmədiyi balıq yeminin daşınması ilə bağlı müqavilənin nömrəsidir.

43. Bundan əlavə tərəflər arasında xx.xx.2024-cü il tarixdə 2 ədəd akt imzalanmış, həmin aktlardan biri qeyd edilən aktdır, digəri isə Xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 1358-10BN81/Morrex nömrəli Aktdır, həmin aktla müəyyən edilir ki, İddiaçı MMC və Cavabdeh MMC xx.xx.2024-cü il tarixli 1358-10BN81/Morrex nömrəli hesab faktura əsasında Gazientep-Bakı istiqamətində yükün daşınması xidmətləri haqqında İddiaçı MMC tərəfindən icra olunduğunu və Cavabdeh MMC tərəfindən xidmətlərin qəbul olunduğunu, xidmətin dəyərinin 11645 manat təşkil etdiyini sonuncu hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiq etmişlər.

44. Məhkəmə işin mübahisəli olan halına, yəni tərəflər arasında bağlanmış 01 noyabr tarixli 2024-11-01 nömrəli daşınma müqaviləsinə münasibətdə qeyd edir ki, həmin müqavilədən cavabdehin rəsmi olaraq məlumatlı olması, hüquq və vəzifələr daşıması, yəni həmin müqaviləni təsdiq etməsi müəyyən edilmir. Belə ki, eyni tarixli, eyni nömrəli lakin müxtəlif məzmunlu müqavilələrin məhkəməyə sübut olaraq təqdim edilməsi sübutların mümkünlüyü baxımından həmin sübutları mötəbər sübut olaraq qiymətləndirmir.

45. Bundan əlavə həmin müqavilələr real olaraq mövcud olsa belə, cavabdeh tərəfindən təsdiq edilmədiyindən onun üçün hər hansı bir öhdəlik yaratmamışdır. İddiaçının əsaslandığı yeganə sübut yuxarıda qeyd edilən “Xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 1358-10BN81/Morrex nömrəli Akt”dır ki, həmin akt müqavilə tərəfi olmayan şəxs üçün hər hansı bir öhdəlik yaratmır. Belə ki, cavabdeh hüquqi şəxs iddiaçı ilə başqa bir hüquqi şəxs arasında bağlanmış daşınma müqaviləsinin tərəfi deyildir. Müqavilənin məzmunu aydın olmalı, hüquq və öhdəliyin yaranma əsası qeyd ediməli, daşınan yükün mənsub olduğu şəxs, onun daşınma xidmətlərini ödəyən şəxs, öhdəlikləri icra etməyən şəxsin məsuliyyəti və digər hallar açıq aydın görünməlidir. Tərəflər arasında akt imzalanıb, bu akt hansı əsasla imzalanıb, hansı öhdəliyə əsaslanıb və sair kimi suallara cavab vermir.

46. Həmin akta münasibətdə məhkəmə qeyd edir ki, akt tərəflər arasında mövcud hüquqi münasibətlərin başlanğıcını, gedişini, nəticələrini və digər vəziyyətləri təsdiq etmək üçün müqavilə tərəflərin istinad etdiyi halları sübut etmək üçün istinad etdikləri sənəd olaraq qəbul edilə bilər. Lakin, aktın ya qanuni əsası və ya müqavilə əsası olmalıdır. Hazırkı vəziyyətdə qeyd edilən akt tərəflər arasında hər hansı bir müqaviləyə əsaslanmır. Tərəflər arasında digər müqavilə öhdəliyinin icrası ilə bağlı, yəni müvafiq yükü qəbul edən zaman tərəflərin imzaladığı sənədin imzalanması zamanı qeyd edilən akt da imzalanmışdır. İddiaçı da həmin sənədə əsaslanaraq hazırkı borcun bir hissəsini tələb edir.

47. Bundan əlavə cavabdehə qeyd edilən müqavilə üzrə iddiaçının mövqeyindən yanaşılsa, zamin olaraq öhdəlik daşıması üçün də müqavilə və hüquqi əsaslar mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İddiaçının qeyd edilən akta əsaslanaraq müvafiq yük daşıma haqqının iş üzrə cavabdehdən tələb etməsi üçün müqavilə əsası olmadığı, yəni sonuncunun həmin müqavilə üzrə məsuliyyət daşıması müəyyən edilmir.

48. Məhkəmə yekunda müəyyən etdi ki, cavabdeh, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə referans nömrə 1358-101081 nömrəli müqavilə üzrə ödəməli olduğu 11645 manat məbləğində vəsaitdən 3700 manat və 1000 manat məbləğində vəsaiti iddiaçının bank hesabına, 1700 manat məbləğində vəsaiti isə nağd formada iddiaçı təşkilatın rəhbərinə verdiyindən cavabdehin 5245 manat (11645-3700-1000-1700) ödənilməmiş borcunun qalması təsdiq edilir. Bundan əlavə iddiaçı 190 manat illik 5% lə hesablanmış əldən çıxmış fayda üçün məbləğ tələb edir. Qeyd edilən əsas borc üzrə illik 5%-lə 262,25 manat, aylıq 21,85 manat təşkil edir. Cavabdeh tərəfindən qeyd edilən məbləğ ən azı xx.xx.2024-cü il tarixə ödənilməli idi. İddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il olduğundan 2 aylıq üzrə qeyd edilən faiz borcu 43,70 manat təşkil edir. Qeyd edilən müqavilə üzrə cavabdehdən 5245 manat əsas borc, 43.70 manat əldən çıxmış fayda tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

Məhkəmə iddia tələbinin qismən təmin edilməsini qeyd edib ödənilmiş dövlət rüsumunun münasib hissəsi olan 35.65 manat məbləğin, eyni zamanda, 721 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin tutulması ilə bağlı konkret halları və təqdim edilmiş məlumatları qiymətləndirməklə, həmçinin iddianın qismən təmin edilməsini nəzərə alaraq cavabdehdən ağlabatan məbləğ olan 300 manat vəkil xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi qərarına gəlmişdir.

Vİİİ Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 5245 manat əsas borc, 43.70 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35.65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5624.35 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar