Məhkəmə qərarları › İş №2(110)-748/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-748/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-748/2025 18.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X12 Elmar oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından xx.xx.2013cü il tarixdə doğulmuş X10, xx.xx.2016-cı il tarixdə doğulmuş X11 və xx.xx.2020-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının və digər gəlirlərinin yarısı miqdarında alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə xx.xx.2013-cü il tarixdə Şərur rayon Dizə kənd İƏD üzrə Nümayəndəlikdə nikah haqqında akt qeydləri kitabında 02 № ilə rəsmi nikah qeydiyyatına alınmaqla ailə qurduqlarını, bu nikahdan üç övladlarıxx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüldü X7 doğulduğunu, birgə yaşadıqları müddətdə ilk vaxtlar ailə münasibətlərinin yaxşı olmasına baxmayaraq bir müddət sonra Cavabdeh spirtli içkilərə meyilli olması və xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə yola gedə bilmədiklərini, bu səbəbdən də tez-tez cavabdehlə ailə-məişət zəminində mübahisələr etməyə başladıqlarını, axırıncı dəfə xx.xx.2025-ci il tarixdə aralarında olan mübahisədən sonra artıq cavabdehin hərəkətlərinə dözə bilməyib üç azyaşlı övladı ilə birlikdə Şərur rayon Dizə kəndində yaşayan valideynlərinin yanına qayıtdığını, həmin tarixdən də cavabdehlə ayrı yaşadıqlarını, ayrı yaşadıqları müddətdə Cavabdeh nə onunla, nə də uşaqlarla maraqlanmadığını, gündəlik zəruri tələbatlarının qarşılanmasında maddi cəhətdən köməklik göstərmədiyini, birgə nikahlarından doğulmuş uşaqlarının artıq böyüdüyünü, Rahimənin 11, Səmanın 9, Sadıqın isə 5 yaşı olduğunu, uşaqların bütün qayğılarını özünün çəkdiyini, gündəlik zəruri tələbatlarının qarşılanmasına isə valideynlərinin köməklik etdiyini, Cavabdeh hərbi qulluqçu olduğunu, Kəngərli rayon Qıvraq Polkunda MAXE işlədiyini, aylıq gəlirinin yaxşı olduğunu, ona görə də cavabdehin birgə nikahdan doğulmuş azyaşlı uşaqlarının saxlanılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq aylıq qazancına və digər gəirlərinə münasibətdə ona aliment ödəməsini istədiyini, aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etdiyini, Cavabdeh ilkin mediasiyaa sessiyasında iştirak etmədiyinə görə Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞN/24-V- 00731 saylı arayış verildiyini, ona görə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçı X3 izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 3 aydır ki cavabdehlə ayrı yaşadıqlarını, uşaqlarının onun yanında olduğunu, ayrı yaşadıqlarını müddətdə Cavabdeh tərəfindən ona cəmi 850 manat pul verildiyini, özünün heç bir yerdə işləmədiyini bildirmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etdiyini, özünün hərbiçi olduğunu, iddiaçının dediklərində haqlı olduğunu, uşaqların saxlanması üçün 10 gün ərzində 750 manat pul göndərdiyini, qalan maaşını isə kreditə ödədiyini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Dizə kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ seriyalı, 687968 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Vəliyev”, arvada “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli doğum akt qeydi üzrə çıxarışlardan görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X10, xx.xx.2016-cı il tarixdə doğulmuş X11 və xx.xx.2020-ci il tarixdə doğulmuş X7 ata məlumat qrafasında “Cavabdeh”, ana məlumat qrafasında isə “X3” qeyd edilmişdir. İş materiallarında olan X4 xx.xx.2025-ci il tarixli MŞN/25-V-00731 nömrəli arayışından görünür ki, iddiaçı aliment tələbi barədə X4 müraciət etmiş, lakin cavabdeh mediasiyaa sessiyasında iştirak etməmişdir. İş materiallarında olan və Müdafiə Nazirliyinin N №-li hərbi hissəsindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh N №-li hərbi hissədə MAHHXHQ-su kimi manqa komandiri vəzifəsində xidmət edir. İş materiallarında olan və iddiaçı X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizədən görünür ki, hazırki mülki iş məhkəmənin icraatında olduğu dövrdə Cavabdeh tərəfindən iddiaçıya aliment ödənişi olaraq 850 manat pul verilmişdir və iddiaçı iş üzrə yekun məhkəmə qərarı verilərkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, tərəflərin birgə nikahından 3 uşaqlarının doğulması, birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X6, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2020ci il tarixdə doğulmuş X7 anaları- X1 yanında qalmaları, tərəflərin hazırda ayrı yaşaması, tərəflərin ayrı yaşadıqları dövrdə cavabdeh tərəfindən iddiaçıya ümumilkdə 850 manat məbləğində pulun aliment ödənişi kimi iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmənin əsaslandırması: Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentin tutulması ilə bağlı tələb hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqlarının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək qeyd etməyi zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsində isə qiymətləndirilən iddia tələbləri üzrə dövlət rüsumunun məbləğləri müəyyən edilmişdir. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən və bu da özü-özlüyündə bir il ərzində ödənilməli olan alimentin miqdarının müəyyən edilməsində çətinlik yaratdığından məhkəmə belə hesab edir ki, cavabdehin vəziyyəti ağırlaşdırıla bilməz və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qiymətləndirilən iddia tələbinə dair iddialar üzrə dövlət rüsumunun ən aşağı məbləği əsas götürülməklə, ondan 30 (otuz) manat məbləğində dövlət rüsum tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflərin birgə nikahından olan 09 aprel 2020-ci il təvəllüdlü xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüldü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19 iyun 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq uşaqların anası X2 ödənilməli; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; - Qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; -Aliment tutulması zamanı cavabdeh tərəfindən məhkəmə qətnaməsi çıxarılanədək, yəni xx.xx.2025-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilmiş (850) manat məbləğində aliment ödənişləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından olan 09 aprel 2020-ci il təvəllüdlü xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüldü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19 iyun 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq uşaqların anası X2 ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Aliment tutulması zamanı cavabdeh tərəfindən məhkəmə qətnaməsi çıxarılanədək, yəni xx.xx.2025-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilmiş (850) manat məbləğində aliment ödənişləri nəzərə alınsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar