Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-772/2024 09.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 aprel 2013-cü il təvəllüdlü X3 və 08 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2011-ci ildə Cavabdeh ilə qeyri-rəsmi olaraq ailə qurduqlarını, onların iki övladı 04 aprel 2013-cü il təvəllüdlü X3 və 08 sentyabr 2014-cü il təvəllüdlü X2 doğulduğunu, uşaqların atasının Cavabdeh olmasının müəyyən olunduğunu, Nüsrət ilə xasiyyətlərinin uyğun gəlmədiyini, yola gedə bilmədiklərini, uşaqlara qayğı göstərmədiyini, ailəyə baxmadığını, göstərilmiş səbəblərdən aralarında olan ailə münasibətlərinin korlandığını, bu səbəbdən onun azyaşlı övladları ilə birlikdə artıq iki aydır ki, valideynlərinin himayəsində yaşadığını, bu müddət ərzində cavabdehin uşaqların saxlanılması üçün aliment ödəmədiyini, cavabdehdən alimentin ödənilməsini tələb etsə də, onun onunla razılaşmadığını, onun isə uşaqların saxlanılmasında çətinlik çəkdiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, cavabdehin Xələc kəndində yaşadığını, onun aylıq gəlirinin qeyri-müntəzəm olduğunu, uşaqların atası Cavabdeh uşaqların sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiyada cavabdehlə alimentin ödənilməsi barədə razılıq əldə olunmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ilə 2011-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurduqlarını, birgə yaşadıqları müddətdə iki uşağının - 04 aprel 2013-cü il təvəllüdlü X3 və 08 sentyabr 2014-cü il təvəllüdlü X2 doğulduğunu, rəsmi nikahları olmadığından uşaqları üçün atalıq müəyyən olunduğunu, evli olduqları ilk vaxtlar ailə münasibətlərinin yaxşı olduğunu, sonradan aralarında yaranmış ailədaxili mübahisə səbəbindən iddiaçının hər iki uşağı da götürərək Şərur rayon Oğlanqala kəndində yaşayan valideynlərinin yanına getdiyini, həmin vaxtdan cavabdehlə ayrı yaşadıqlarını, ayrı yaşadıqları bu müddətdə uşaqlarını görməyə imkan vermədikləri üçün uşaqlarına heçnə ala bilmədiyini, özünün heç yerdə işləmədiyini, hər uşağa görə 50 manat, ümumilikdə iki uşağa 100 manat aliment ödəyə biləcəyini, artıq alimenti ödəməyə imkanın olmadığını bildirərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir Məhkəmə tərəflərin izahatına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. - Belə ki, iş materiallarında olan: - İstanbul Baş Konsulluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 377464 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 04 aprel 2013-cü ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir; - İstanbul Baş Konsulluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 377464 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 08 sentyabr 2014-cü ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir; - İstanbul Baş Konsulluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV № 371340 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər 04 aprel 2013-cü il təvəllüdlü X1 valideyinləridir; - İstanbul Baş Konsulluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV № 371339 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər 08 sentyabr 2014-cü il təvəllüdlü X2 valideyinləridir; - Şərur rayon Oğlanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 31 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də Şərur rayon Oğlanqala kəndində yaşayır və onun qızı: X3 2013; qızı: X6 2014; anası: X5 1955 tərkibdə ailə üzvləri vardır; Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2011-ci ildə rəsmi nikah qeydiyyatına düşmədən evlənmiş, onların bu evliliyindən 2 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları iddiaçı ilə birlikdə valideyinlərinin himayəsində yaşayırlar. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Bu müddətdə isə cavabdeh övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, iddiaçı üçün sadalanan diqqətəlayiq halları, cavabdehin sabit iş yerinin olmamasını, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 aprel 2013-cü il təvəllüdlü X1 və 08 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin qeyd edilir ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən, ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas götürülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; -19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 3600 manat (300x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 56 (əlli altı) manat (30+2600x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 aprel 2013-cü il təvəllüdlü X1 və 08 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev