Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-783/2024 20.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün atası Cavabdeh sabit pul məbləğində hər ay 600 (altı yüz) manat miqdarında alimentin alınaraq anası İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 31 iyul 2019-cu il tarixdə Cavabdeh ilə Şərur rayon Cəlilkənd İƏDN-də qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, nikahlarının həmin orqanın akt qeyidləri kitabında 09 nömrə ilə qeydiyyata alındığını, onların bu nikahından üç övladı - xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 doğulduğunu, Ailə qurduqları ilk vaxtlarda Cavabdeh ilə münasibətlərinin yaxşı olduğunu, on ildən artıq bir müddətdə mehriban yaşamaqla ailə təsərrüfatını birgə idarə etdiklərini, lakin sonradan cavabdehin xarakterində olan dəyişiklik, eyni zamanda onun pis vərdişlərə qurşanması səbəbindən aralarında mübahisələr olduğunu və nəticədə cavabdehin ona şiddət tətbiq etməklə nalayiq ifadələrlə təhqir etdiyini, aralarında baş vermiş bu hadisədən sonra cavabdehlə birgə yaşamağı mümkün olmadığından uşaqlarım ilə birlikdə ata evinə getməyə məcbur olduğunu, artıq bir aydan çoxdur ki, onun övladları ilə birgə atas T.Vəliyevə məxsus Şərur rayonu Axura kəndində yerləşən evdə yaşadığını, bu müddətdə də cavabdehin uşaqlarları ilə maraqlanmadığını, onların qayğılarını çəkmək üçün heç bir səy göstərmədiyini, baxmayaraq ki, övladlarının saxlanılmasına köməklik etmək onun valideyinlik borcu olduğunu, buna görə də övladları Tünzalə, Sevinc və Sevilin yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşaq üçün 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin alınaraq mənim xeyrinə ödənilməsini istədiyini, alimentin ödənilməsi ilə bağlı tərəfindən Mediasiya Təşkilatına da müraciət edildiyini, lakin Mediasiya prosesi də onların razılığa gəlməkləri istiqanətində heç bir heç bir müsbət nəticə vermədiyini, bu səbəbdən də onun hazırki tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı ilə xx.xx.2009-cu il tarixdə Şərur rayon Cəlilkənd kənd İƏD-də rəsmi olaraq ailə qurduqlarını, birgə yaşadıqları müddətdə üç uşaqlarının - xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 doğulduğunu, ilk vaxtlar ailə münasibətlərinin yaxşı olduğunu, sonradan aralarında yaranmış ailədaxili mübahisə səbəbindən iddiaçının hər üç uşağı da götürərək valideynlərinin yanına getdiyini, haliyədə ondan aliment tələb etdiyini, haliyədə bir uşaq üçün 100 manat olmaqla ümumilikdə üç uşaq üçün 300 manat aliment ödəyə biləcəyini, eyni zamanda alimenti uşaqlarıda götürüb evə qayıdıqları təqdirdə ödəyəcəyini, qız uşaqlarının başqa yerdə kirayə qalmaqlarını istəmədiyini, həmçinin kənd təsərrüfatı məqsədilə bankdan 60000 manat kredit götürdüyünü, aylıq 3215 manat ödəniş etdiyini, gələcəkdə işləri qaydasına düşəcəyi təqdirdə daha çox aliment ödəyəcəyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında cavabdehin qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin vəkilinin izahatlarına və iş materialında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. - Belə ki, iş materiallarında olan: -Şərur Cəlilkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 420484 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir; -Şərur rayon Cəlilkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2010cu il tarixli AZ-İİ № 502284 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2010-cu il təvəllüdlü X1 valideyinləridir; -Şərur rayon Cəlilkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 667577 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2012-ci il təvəllüdlü X2 valideyinləridir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 536282 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2015-ci il təvəllüdlü X3 valideyinləridir; Məhkəmə təqdqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, onların bu evliliyindən 3 övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş və tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladları iddiaçı ilə birlikdə cavabdehdən ayrı yaşayırlar. Hazırda isə iddiaçı övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini, cavabdeh isə övladlarının tələbatını ödəməkdə iddiaçıya heç bir köməklik göstərmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, o cümlədən qanunvericilik aktlarının tələblərini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqlara qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, iddiaçı üçün sadalanan diqqətəlayiq halları, cavabdehin sabit iş yerinin, sabit əmək haqqının olmamasını, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq alimenti sabit pul məbləğində tutulması tələbinin qismən təmin edilməsi qənaətinə gələrək müəyyən edir ki, iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə üç uşağa görə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin qeyd edilir ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən, ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Alimentin sabit məbləği müəyyənləşdirilərkən uşaqların təminatının mümkün qədər maksimal saxlanması əsas götürülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. - 172.1.1-ci maddəsinə əsasən işə bərpa, aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 aydan gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; -19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 5040 manat (420x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 70.4 (yetmiş manat qırx qəpik) manat (30+4040x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə üç uşağa görə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə aliment tulmasına dair hissədə dərhal icra edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 70.4 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev