Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-803/2025 18.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 240 manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehlə Cavabdeh ilə xx.xx.2022-ci ildə Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat Şöbəsində nikah bağladıqlarını, həmin nikahdan 24.04. 2024-cu il təvəllüdlü X2 doğulduğunu, evliliklərinin ilk vaxtlarında münasibətlərinin normal olmasına baxmayaraq uşaq dünyaya gələndən sonra bu münasibətlərinin pozulduğunu, cavabdeh övladları Günəşlə, onun problemləri ilə maraqlanmadığını, ailəsinə soyuq münasibət bəslədiyini, xeyli vaxtdır ki, azyaşlı övladı ilə anasıgildə qaldığını, Elnurun ailəyə maddi kömək etmək tələbinə istehza ilə cavab verdiyindən, uşağın saxlanılması üçün aliment ödənilməsi ilə əlaqədar mediasiyaya müraciət etdiyini, cavabdehin mediasiya prosesində heç bir səbəb göstərmədən iştirak etmədiyindən, işin məhkəmədə mübahisələndirilməsinə zərurət yarandığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 8 aydır ki, ayrıldıqlarını, uşaqla maraqlanmadığını, anasıgillə Suraxanıda yaşadığını, cavabdehin Bakıda yaşadığını, cavabdehin X8 marketdə işlədiyini, maaşını 2 hissəyə aldığını, birinci dəfə 400 manat, ikinci dəfə 300 manat aldığını, özünün işləmədiyini, cavabdehin nikahın pozulması barədə iddia qaldırdığını, anasının xəstə olduğunu, atasının onunla birlikdə gəlib-getdiyini, ehtiyacları olduğunu, uşağı 3 aydan bir müayinəyə aparmalı olduğunu, gündəlik vitaminlər və dərmanlar aldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İl seriyalı, 478161 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-V seriyalı, 006851 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə doğulmuş X2 ata məlumat qrafasında Cavabdeh, ana məlumat qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli MŞN/24-M-00696 nömrəli arayışından görünür ki, iddiaçı alimentin təyin olunması barədə X1 müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları üzrə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir və aylıq 450 manat əmək haqqı alır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatları üzrə çıxarışdan görünür ki, İddiaçı hər hansı bir gəliri yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan görünür ki, hazırda cavabdehin aliment tələb olunan uşaqdan başqa yetkinlik yaşına çatmayan uşağı yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehin əmlak məlumatları üzrə çıxarışdan cavabdehin mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş iddiaçının əmlak məlumatları üzrə çıxarışdan mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə doğulmuş X4 adlı övladlarının doğulması, tərəflərin hal-hazırda ayrı yaşaması və xx.xx.2024cü il tarixdə doğulmuş X2 anasının yanında qalması işin mübahisəsiz hallarıdır. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentin tutulması ilə bağlı tələb hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd etmək zəruridir ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək 2025-ci ildə bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 246 manat məbləğində müəyyən olunmasını, xx.xx.2024-cü il tarixdə doğulmuş X2 hal-hazırda anası İddiaçı himayəsində olmasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını, o cümlədən uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmalarını nəzərə alaraq cavabdehdən hər ay bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Həmçinin məhkəmə hesab edir ki, alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən hazırki qətnamə üzrə cavabdehdən tutulacaq alimentin miqdarı minimum əmək haqqının 0.5 misli həddində (200 manat:400 manat = 0.5) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən tutulmalı və qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmçinin Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 44 manat (200 manat x12 ay=2400 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 14 manat= 44 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, -İddia qismən təmin olunmalı; -xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh-Şərur rayonunun Yuxarı Yaycı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh iddiaçı - Kəngərli rayonunun Qarabağlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı; -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; -İddia qalan hissədə rədd edilməli; -Məhkəmə xərci olaraq Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh-Şərur rayonunun Yuxarı Yaycı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh iddiaçı- Kəngərli rayonunun Qarabağlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərci olaraq Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-803/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-803/2025
18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver