Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-808/2025 12.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Elmar oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş övladları - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları-Cavabdeh hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində 235 nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah bağlamışdır. Birgə nikahdan onların iki övladı – xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Əvvəlcə ailə münasibətləri normal olsa da, sonradan aralarında yaranmış münaqişələr səbəbindən nikah pozulmuş və Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-61/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı ləğv edilmişdir. Həmin qətnamə ilə övladların ananın yanında qalması müəyyən edilmiş və Cavabdeh onların saxlanılması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit məbləğdə aliment ödəməsi qərara alınmışdır. İddiaçı göstərmişdir ki, həmin qətnamə müəyyən müddət icra olunsa da, böyük övladı Nəcibə Abdullayeva bir müddət atası ilə yaşadığına görə tərəflər arasında razılıq əldə edilmiş və bu səbəbdən o, cavabdehdən aliment tələbini geri götürmüşdür. Şərur Rayon İcra və Probasiya şöbəsinə təqdim etdiyi ərizə əsasında icraata xitam verilmiş və icra sənədi geri qaytarılmışdır. Lakin sonradan Nəcibə yenidən ananın yanına qayıdaraq onunla yaşamağa başlamış və artıq altı aydan çoxdur ki, hər iki övlad ananın yanında qalmaqdadır. İddiaçı qeyd etmişdir ki, övladlar böyüdükcə onların gündəlik tələbatları artmaqdadır. O, işləsə də təkbaşına bütün xərcləri qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə övladlarının saxlanılması ilə maraqlanmır, onların qayğı və tələbatlarının ödənilməsinə heç bir yardım göstərmir. Halbuki, övladların saxlanılması valideynlərin bərabər vəzifəsidir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuş və övladları – Nəcibə və Ruqayyənin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsini tələb etmişdir. xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin hallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçının bu tələbinin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınmalı və MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-61/2020 saylı qətnaməsi əsasında verilmiş müvafiq icra sənədi üzrə icra işinə iddiaçının ərizəsində qeyd etdiyi kimi xitam verilməmiş, həmin icra sənədi iddiaçının Şərur Rayon İcra Şöbəsinə ünvanlanmış ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə, yəni Şərur Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə belə hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi hallarından fərqli olaraq icra sənədinin onu vermiş məhkəməyə geri qaytarılması icra sənədində qeyd olunan tələb üzrə tələbkarın müstəqil iddia qaldırması üçün əsas deyildir. Bu halda tələbkar icra sənədində qeyd olunan tələb üzrə müstəqil iddia qaldırmaq əvəzinə, həmin icra sənədinin yenidən icraya yönəldilməsi ilə bağlı icra icraatı qaydasında müvafiq məhkəməyə müraciət etməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası 23.3-cü maddəsinə əsasən isə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(110)-61/2020 saylı qətnaməsi əsasında verilmiş müvafiq icra sənədinin yenidən icraya yönəldilməsi ilə bağlı ərizə ilə icra icraatı qaydasında Şərur Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-808/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-808/2025
12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver