Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-844/2025 03.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X12 Elmar oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından doğulmuş azyaşlı uşaqları- xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün bir uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla iki uşağa görə hər ay 492 (dörd yüz doxsan iki) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Şahbuz rayon Qeydiyyat Şöbəsində 01 № ilə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş, nikahdan iki övlad – yuxarıda göstərilən azyaşlı uşaqlar doğulmuşdur. Ailə qurduqdan sonra tərəflər Şahbuz rayonunun Ayrınc kəndində cavabdehin valideynləri ilə birgə yaşamışlar. Birgə yaşayışın ilkin dövründə ailə münasibətləri normal olmuş, lakin cavabdehin valideynlərinin ailə münasibətlərinə müdaxiləsi səbəbindən tərəflər arasında tez-tez məişət zəminində mübahisələr baş vermiş, nəticədə ailə münasibətləri gərginləşmişdir. Sonuncu dəfə 17 aprel 2025-ci il tarixdə aralarında yaranmış mübahisədən sonra iddiaçı iki azyaşlı övladı ilə birlikdə Şərur rayonunun Dərəkənd kəndində yaşayan valideynlərinin yanına qayıtmış və həmin tarixdən etibarən cavabdehdən ayrı yaşamağa başlamışdır. Ayrı yaşadıqları dövrdə cavabdeh ailəsi ilə maraqlanmamış, uşaqların saxlanmasına heç bir maddi yardım göstərməmişdir. Əvvəlcə iddiaçı alimentin tutulması barədə məhkəməyə müraciət etmiş və Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə azyaşlı X2 üçün əvvəlki məhkəmə qətnaməsində müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 manat, azyaşlı X3 üçün isə hər ay 180 manat məbləğində alimentin cavabdehdən tutulması müəyyən edilmişdir. Sonradan tərəflər barışaraq yenidən birgə yaşamış, bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixdə notarial qaydada ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və Şahbuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata xitam verilmişdir. Lakin birgə yaşayış qısa müddət davam etmiş, cavabdeh ailəyə qarşı laqeyd münasibətini davam etdirmiş, ailənin maddi təminatına köməklik etməmişdir. Nəticədə iddiaçı 2025-ci ilin aprel ayından etibarən uşaqları ilə birlikdə yenidən valideynlərinin evinə qayıtmış və təkrar olaraq aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçı mübahisəni məhkəməyə qədər həll etmək məqsədilə Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə xx.xx.2025-ci il tarixdə MŞN/25-Ə-00890 saylı arayış verilmişdir. Cavabdeh heyvandarlıqla məşğuldur, maddi vəziyyəti qənaətbəxşdir və iddiaçı tərəfindən tələb olunan iki uşağa görə hər ay 492 manat məbləğində alimentin ödənilməsi cavabdehi maddi cəhətdən çətin vəziyyətə salmayacaqdır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və ona verilmiş sualları cavablandırarkən iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2020-ci ildə evləndiklərini, 2022-ci ildə nikahlarını rəsmiləşdirdiklərini, 2 uşaqlarının doğulduğunu, aprelin 17-dən ayrıldıqlarını, uşaqların saxlanılmasında cavabdehin heç bir köməklik etmədiyini, icra işlərində xəta olunduğuna görə geri qaytarıldığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3013 №li arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 05 yanvar 2022-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə Şahbuz rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada "Əmoyeva" soyadı verilmişdir.
9. Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydi üzrə çıxarışlardan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 “ata” məlumat qrafasında Cavabdeh, “ana” məlumat qrafasında isə İddiaçı qeyd olunmuşdur.
10. Şərur rayonu Dərəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 103/07 №-li arayışdan görünür ki, 2021-ci il təvəllüdlü X9 və 2023-cü il təvəllüdlü X4 rayon Dərəkəndində anaları İddiaçı ilə birlikdə yaşayırlar.
11. Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(110)- 753/2023 saylı qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-127/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və həmin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Şərur Rayon Məhkəməsinin icraatında olmuş 2(110)-753/2023 saylı mülki iş materiallarından görünür ki, məhkəmənin 2(110)-753/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata tələbkarı ərizəsi Şahbuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata xitam verilmişdir.
13. X5 xx.xx.2025-cü il tarixli, MŞN/25-Ə-00890 nömrəli arayışından görünür ki, iddiaçı alimentin təyin olunması barədə X5 müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
14. Cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, onun gəlir məlumatları ilə bağlı EMİS-də hər hansı bir məlumat yoxdur.
15. Cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq münasibətləri üzrə məlumatlarından görünür ki, onun hazırda aliment tələb olunan uşaqlarından başqa yetkinlik yaşına çatmayan uşağının olması barədə EMİS-də hər hansı bir məlumat yoxdur.
16. İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, İddiaçı 250 manat pensiya alır.
İşin faktiki halları:
17. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 05 yanvar 2022-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların nikahı pozulmamışdır, lakin tərələr faktiki ayrı yaşayırlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı ilə birlikdə yaşayır. Hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
19. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.1-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2-ci bəndində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
24. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı: 1-ci bəndində qeyd olunmuşdur ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. 4-cü bəndində qeyd olunmuşdur ki, bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Məhkəmənin mövqeyi: 24.Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair iddiaçının izahatlarını dinləyib hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
25. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən iddiaçının cavabdehə qarşı yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün alimentin tutulması ilə bağlı tələb hüququ vardır.
26. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğlulmuş yetkinlik yaşına çatmamış xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X10 hazırda iddiaçının yanında qaldıqlarından və cavabdeh uşaqlarının saxlanmasında iştirak etmədiyindən uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır.
27. Məhkəmə alimentlə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
28. Məhkəmə, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də valideynlərin vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) sabit pul məbləğində aliment tutulmalıdır.
29. Məhkəmə hesab edir ki, minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən hazırki qətnamə üzrə cavabdehdən tutulacaq alimentin miqdarı minimum əmək haqqının 0.43 misli həddində (170 manat:400 manat = 0.43) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır.
30. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalı və qətnamə dərhal icra edilməlidir.
Məhkəmə baxışının hədləri:
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır.
32. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği-30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi olmalıdır.
Məhkəmə xərcləri:
33. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin olunmuş hissəsinə münasib olaraq 41 manat (2x(170 manat x12 ay)=2x2040=4080 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 30.8 manat= 60.8 manat) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir.
Nəticə:
34. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki: -İddia qismən təmin edilməli; -Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli, -Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; -Məhkəmə xərci olaraq Cavabdeh 60.8 manat (altmış manat, səksən qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Məhkəmə xərci olaraq Cavabdeh 60.8 manat (altmış manat, səksən qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Abil Orucəliyev