Məhkəmə qərarları › İş №2(111)-113/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-113/2025

17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-113/2025 17.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 22 dekabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağa görə qazancının ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə rəsmi olaraq evlənmiş və birgə nikahdan xx.xx.2024-cü il tarixdə X3 adında uşaqları doğulmuşdur. Övladı doğulandan cavabdehlə ayrı yaşayırlar. Cavabdeh hərbi qulluqçudur. Bir uşağın tələbatını qarşılamağa yetəcək qədər əmək haqqı alır. Buna baxmayaraq uşağın ehtiyacını ödəmir. Övladı körpə olduğu üçün onun tələbatını ödəmək də kifayət qədər maddi vəsait tələb edir. Özü heç bir yerdə işləmir və anasının köməkliyi ilə uşağı saxlayır. Buna görə də cavabdehdən qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Məhkəmədə iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, cavabdehlə hazırda ayrı yaşadığını, birgə nikahdan doğulmuş uşağı anasının aldığı əmək haqqı hesabına özü saxladığını, cavabdehin ona heç bir maddi köməklik göstərmədiyini bildirərək iddia təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməklə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmədə iştirak edən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə izahatında Cavabdeh atası olduğunu, həqiqətən də iddiaçı ilə cavabdehin ayrı yaşadığını, iddiaçının ona qarşı qaldırılmış iddia tələbinə cavabdehin etirazı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli nikah akt qeydindən çıxarışa əsasən Cavabdeh ilə X4 01 iyul 2024-cü il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Fərəcova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli doğum akt qeydindən çıxarışa əsasən iş üzrə tərəflərin 22 dekabr 2024-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş, iş üzrə cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş və N saylı hərbi hissə tərəfindən verilmiş N mart 2025-ci il tarixli A-56 nömrəli arayışdan görünür ki, Cavabdeh N saylı hərbi hissədə xidmət edir və vergilər xaric əmək haqqı 1270,35 manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, məhkəməyə müraciət olunduğu 04 mart 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh 22 dekabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2024-cü ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 22 dekabr 2024-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaq da İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən 1 uşağa görə hər ay valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə biri miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (1270,35:4=317,58x12=3811 manat) təmin edilmiş hissəsinə münasib olan 58,11 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 04 mart 2025-ci il tarixdən hesablanmaqla 22 dekabr 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 58,11 (əlli səkkiz manat, on bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar