Məhkəmə qərarları › İş №2(111)-137/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-137/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-137/2022 05.07.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi əvəzi X7 oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay sabit pul məbləğində 193 manat aliment tutularaq 12 iyun 2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı ildə qeyrirəsmi evlənərək, rəsmi nikah qeydiyyatından 2019-cu ildə keçmiş, birgə nikahdan 12 iyun 2017-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Mehbalı ilə aralarında mübahisə olduğu üçün ayrılaraq ayrı yaşayırlar. Heç bir yerdə işləmir və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Mehbalı isə bir ata kimi uşağın saxlanmasında heç bir maddi köməklik etmir və uşaqla maraqlanmır. Ona görə də məcbur qalıb ondan aliment tələb edir. Mehbalının müntəzəm qazancı və gəliri yoxdur. Fərdi əməklə-heyvandarlıqla məşğul olur. Ona görə alimentin də sabit pul məbləğində müəyyən olunmasını istəyir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, haliyədə cavabdehlə ayrı yaşadığını, heç bir yerdə işləmədiyini, uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini, Mehbalının isə bir ata kimi uşağın saxlanmasında heç bir maddi köməklik etmədiyini, ona görə də məcbur qalıb ondan aliment tələb etdiyini, cavabdehin müntəzəm qazancı və gəlirinin olmadığını, lakin geniş təsərrüfatla məşğul olduğunu, ona görə alimentin də sabit pul məbləğində müəyyən olunmasını istədiyini göstərərək, Cavabdeh hər ay sabit pul məbləğində aliment tutularaq birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdeh ailə təsərrüfatı ilə məşğul olur və yaxşı qazanc əldə edir, lakin onun qazancı barədə məhkəməyə təqdim hər hansı bir sübut yoxdur, bunu nəzərə alaraq Cavabdeh 150 manat alimentin təyin edilməsinə etiraz etmir, bu barədə o məhkəməyə ərizə də veribdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İ 945417 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X4 arasında 07 fevral 2019-cu il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 460087 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 12 iyun 2017-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 27 may 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh 12 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2016-cı ildə qeyri-rəsmi evlənərək, rəsmi nikah qeydiyyatından 2019-cu ildə keçmişlər. Birgə nikahlarından 12 iyun 2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuş, haliyyədə tərəflər ayrı yaşamaqla uşaq da İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda göstərilənləri və 2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, cavabdehin isə uşağın saxlanmasında iştirak etməməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanması üçün 150 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x150=1800 manat) təmin edilmiş hissəsinə münasib olan 38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27 may 2022-ci il tarixdən hesablanmaqla 12 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar