Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-166/2022 20.09.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 15-ilə yaxındır ki, tibb sahəsində həkimlik fəaliyyətində çalışır. Bu məsləyini 2019-cu ildən Kəngərli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində növbətçi həkim vəzifəsində davam etdirir. 13 aprel 2022-ci il tarixdə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyən X1 və qeydiyyat şöbəsində işləyən tibb bacısı Şahid3 ona bildirmişlər ki, Səadəttin həkim onlara bildirmişdir ki, Cavabdeh Rəna həkim haqqında kollektiv arasında ədəbsiz sözlər sərf edir, bu barədə Rəna həkimi məlumatlandırın, çünki, Cavabdeh sərf etdiyi rüsvayedici sözlər tibb müəssisəsinin nüfuzuna xələl gətirir və kollektiv arasında bu kimi davranışlara yol vermək olmaz. Cavabdeh onun haqqında kollektiv arasında sərf etdiyi bu sözlərlə, iftiralarla bağlı Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə Quliyevanı məlumatlandırmış, baş həkim Xəyalə Quliyeva bu barədə əlavə söz-söhbətə məhəl verməməyi ona tapşırmış və bu məsələ ilə bağlı müvafiq araşdırma aparıb tədbir görəcəyini bildirmişdir. 14 aprel 2022-ci il tarixdə xəstəxananın baş tibb bacısı Ramidə xanım, özü və Cavabdeh müvafiq məsələnin araşdırılması üçün baş həkim Xəyalə Quliyevanın qəbulunda olmuş, Cavabdeh onun haqqında kollektiv arasında sərf etdiyi sözləri inkar etsə də, baş həkim Xəyalə Quliyeva bu zaman Sadəddin həkimə zəng vuraraq ondan Cavabdeh onun haqqında sərf etdiyi sözlər, iddialar barədə məlumat almış, Sadəddin həkim Cavabdeh onun haqqında sərf etdiyi ədəbsiz sözləri təsdiqləmiş və bu sözləri dilə gətirərək ifadə edə bilməyəcəyini bildirmişdir. Cavabdeh işlədiyi kollektiv arasında onun haqqında təhqir və böhtan xarakterli rüsvayedici məlumatlar yaydığını bildikdən sonra ciddi psixi gərginlik yaşamağa başlamış, demək olar ki, günün 24 saatı Cavabdeh onun haqqında yaydığı rüsvayedici sözləri düşünür, Cavabdeh onun haqqında nə üçün bu kimi böhtan xarakterli rüsvayedici məlumat yaydığını, islədiyi kollektivdə iş yoldaşlarının onun haqqında nə düşündüklərini təhlil edir, düsünür. Artıq bu düşüncələri onu həddindən artiq yorduğundan mənəvi sarsıntı içərisindədir, əvvəlki gündəlik həyat tərzini, əmək fəaliyyətini qeyri-ixtiyari olaraq normal şəkildə sürdürə bilmir. Belə ki, əmək fəaliyyəti dövründə müəssisə daxilində istirahət və tənha qalmaq üçün bir neçə dəfə baş həkim və təcili tibbi yardım şöbəsinin müdiri Şahid1 icazə istəmiş, ailəsində uşaqlara qayğı göstərilməsinə laqeyd yanaşdığını hiss edir, bir çox hallarda uşaqların istəklərinə aqressiv münasibət göstərir və hüquq normalarına əsaslanaraq mənəvi zərərin əvəzi olaraq Cavabdeh onun xeyrinə 5000 (beş min) manat məbləğində pul tutularaq ödənilməsini qanuni və əsasli hesab edir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək izahatında iddia ərizəsində göstərilənləri təsdiqlədiyini, Kəngərli Rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyini, Cavabdeh ilə heç bir ədavətinin və heç vaxt mübahisəsinin olmadığını, yəni üzüzə gəlmədiyini, iddia ərizəsində göstərdiyi hadisələrin 2022-ci ilin aprel ayının 13-də baş verdiyini, bütün bu söz-söhbətlərin həmin vaxt qulağına çatdığını, Cavabdeh onun haqqında “Şərur rayonundan gəlib bu rayonda namussuzluq edir” dediyini, Nəcəf həkim adlı şəxsə “o, qadından ehtiyatlı olun, gəlib bizim rayonda özünə ər axtarmağa və namussuzluq etməyə, Şərurda həkim kimi işləyirmiş, əxlaqsızlıq üstündə çıxardıblar” dediyini, bu barədə baş həkimə söhbət etdiyini, baş həkimin otağında Cavabdeh, o və baş tibb bacısı Ramidə xanımla məsələni müzakirə etdiklərini, baş həkimin otağında feldşer Sadəddinə zəng vurduqlarını, baş həkimin ona “sən Gülnarə və X7 xanım haqqında dediyi sözlər deyibsən və bu nə dərəcədə düzgündür?” deyə soruşduğunu, Sadəddin də “bəli düzdür, elə söhbət olub, Cavabdeh nəinki Rəna haqqında, bir çox insanlar haqqında danışır” dediyini, baş həkimin də Cavabdeh “Rənadan üzr istə” dediyini, bu vaxt Saranın qışqıraraq otaqdan çıxdığını, aprelin 14-də Kəngərli rayon mərkəzi xəstəxanasında baş həkim tərəfindən iclas keçirildiyini, xəstəxanada keçirilən iclasda bütün xəstəxana işçilərinin iştirak etdiyini, iclasda Cavabdeh bu barədə xəbərdarlıq edildiyini, lakin Cavabdeh iclasda səs-küy salaraq bütün bunların yalan olduğunu bildirdiyini, iclasdan sonra Sara xanımın üzr istədiyini, baş həkim Xəyalənin Cavabdeh bu barədə 1 ay vaxt verdikdən sonra ona şiddətli töhmət verdiyini, bir gün xəstəxanada otaqda Şahid5 ilə danışanda Sara xanımın içəri girdiyini və “mən Şahid2ənin haqqında danışmışam, sənin haqqında heç nə deməmişəm” dediyini, sonra isə “elə olubsan ki, danışmışam da” dediyini, sonra da həmin sözünü geri çəkdiyini, Cavabdeh şəxsən onun üzünə əxlaqını pislədiyini deməsə də, başqa şəxslərə onun haqqında pis ifadələr işlətdiyini, artıq Kəngərlidə heç kəsin üzünə baxa bilmədiyini, işdə keçirdiyi mənəvi sarsıntılara görə Saranın cavab verəcəyini, nə evində, nə də iş yerində fikrini toplaya bilmədiyini, əzab çəkdiyini, Cavabdeh bu gündə onun haqqında danışdığını, göstərdiyi şahidlərin də bu faktları təsdiq edəcəklərini, keçirdiyi iztirablarla bağlı hazırda təqdim ediləsi sübutunun olmadığını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilən halların düzgün olduğunu, cavabdehin iddiaçı barəsində rüsvayedici, əxlaqsız sözlər işlətdiyini, həmin sözləri isə tam çılpaqlığı ilə kimlərin yanında nə dediyini yazılı izahat şəklində məhkəməyə təqdim ediləcəyini və hər hansı şəxs barəsində təhqiramiz sözlər yayılanda təbii ki, həmin adamın iztirablar, sarsıntılar keçirəcəyini və cavabdeh tərəfə barışıq üçün təşəbbüs göstərilsə də, yenə də cavabdehin hərəkətlərinə davam etdiyini, barışığa heç bir şəkildə yanaşmadığını, heç kəsin durduq yerdə bu məsələ ilə bağlı vəkil tutub məhkəməyə müraciət etmədiyini, Rəna xanımın da mənəvi iztirablar keçirdini və hətta işdə olan vaxtı ona təcili yardım göstərildiyini, iddiaçının mənəvi iztirablar keçirdiyindən işin sivil yolunu seçərək Cavabdeh qarşı məhkəmədə iddia qaldırdığını, iddiaçının işlədiyi müəssisənin işcilərinin məhkəmədə şahid qismində dindiriləcəyini bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, deyilənlərin hamısının yalan olduğunu, Rəna xanımla heç bir probleminin olmadığını, 2022-ci ilin aprel ayının 14-ü işə gəldiyini və həkim Rəna xanım ondan onu nə vaxtdan tanıdığını soruşduğunu, xəstəxanada həkim işləyən dövrdən tanıdığını dediyini, sonra Rəna xanımın Gülnarənin telefonda ona atdığı səsi dinlətdiyini, guya Rəna xanımın haqqında danışmağını bildirdiyini, aprel ayının 14-ü günorta saatlarında xəstəxanada iclas olduğunu, iclasda baş həkim Xəyalənin Rəna xanımın haqqında pis ifadələr işlətməyimi dediyini, guya bu haqda xəstəxanada işləyən feldşer Sadəddinə dediyini, özünün xadimə işləyən bir insan olduğunu, xəstəxanada Rəna xanımdan heç bir pislik görmədiyini, hətta Şahid5 ilə Rəna xanım söhbət edən zaman onların söhbətinin üstünə çıxdığını və Rəna xanım da ona “elə sözlər danışıbsan ki, elə bu günə qalıbsan” dediyini, onun da “məni bütün Qıvraq camaat tanıyır, səni də bütün Şərur” dediyini, bu hadisədən sonra şəkərinin qalxdığını və narahat olduğunu, sonradan eşitdiyinə görə Rəna xanımın “xəstələnibsə cəhənnəmə xəstələnsin” dediyini, əgər o sözləri demişsə Sadəddin həkimin məhkəməyə şahid kimi çağırılmağını istədiyini, Rəna xanımın bütün bunları onu işdən çıxartmaqdan ötrü etdiyini, baş həkimin də ona verdiyi töhmətin səbəbinin bu hadisə ilə bağlı olmadığını, ona verilən töhmətin səbəbinin nizam-intizam qaydalarını pozduğuna görə verildiyini göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəməyə göndərdiyi yazılı izahatında da iddianın əsassız olduğunu qeyd edərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində xəstəxanada işlədiyi dövrdə Cavabdeh bir gün şəxsən ona “Rəna həkimin əxlaqsız, özbaşına, pis qadın olduğunu, başqa şəxslərlə gəzdiyini, Şərurda adına yaxşı söz demədiklərini, o hərəkətlərini indi burada təkrarlamaq istədiyini” dediyini, bir gün bu söhbəti Şahid2ə ilə otaqda danışan zaman Sadəddin həkimin də gəlib həmin söhbətin üstünə çıxdığını və onlara “düz deyirsiniz Sara mənə də Rəna haqqında elə ifadələr işlədib” dediyini, bir gün növbədə olan vaxtı Sadəddin və Saranın gecə saat 3-ə, 4-ə qədər Rəna haqqında söhbət etdiklərini, sonra Xəyalə həkimin bunu eşitdiyini və bu barədə Sadəddindən soruşanda, o da cavabında “biz Rəna həkimin məsələsini müzakirə edirdik” dediyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Vəliyev Saranın hələ Rəna xanımın bu xəstəxanaya daxil olmamışdan əvvəl də bir çox adamın haqqında pis ifadələr işlətdiyini, onun özünün də haqqında danışdığından Sara ilə 3-4 ildir ki, danışmadığını, onun niyyətinin xəstəxanada hamını ləkələmək olduğunu, Rəna xanım haqqında haqqında bu rüsvayçı sözləri şəxsən Saranın özündən eşitdiyini, Rəna xanım haqqında Vəliyev Saranın hətta baş həkimin də haqqında pis ifadələr işlətdiyini, Rəna xanımın haqqında Zümriyyə xanımla növbədə olan vaxtı tərbiyəsiz, küçə qadını kimi ifadələr işlətdiyini, Rəna haqqında deyilənləri həm Rənaya, həm də Zümürüyəyə dediyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində son vaxtlar xəstəxana daxilində əməkdaşlar barəsində pis ifadələr işlədilməyə başladığını, özünün də bir həkim olaraq bundan çox narahatlıq keçirdiyini, Rəna xanım xəstəxanaya gəldikdən sonra da bu məsələlərin daha da kəskinləşməyə başladığını, bir müddət sonra xadimə Sara gəlib Rəna haqqında pis ifadələr işlətməyə başladığını və ona “xahiş edirəm bu haqda mənə heç bir şey söyləmə” dediyini, Sara Rəna xanım haqqında “bilirsən bu həkim haradan gəlib və geyimi nə gündədir? Şərurda ad çıxarmış nalayiq həkimlərdən biridir, normal qadın deyil, yoldaşından boşanıb” və bu cür başqa ifadələr işlətdiyini, hətta “Rəna xanımı otağınıza qoymayın, o, çox təhlükəli qadındır” dediyini, bu hadisədən sonra baş həkimin etik komissiyasının rəhbərliyi altında iclas keçirdiyini və həmin iclasda Sara xanımın “nə danışmışamsa, düz danışmışam” dediyini, camaatın haqqında danışmağın bu insana xoş olduğunu, noyabr ayından Rəna həkim kollektivə gələndən sonra onun haqqında danışdığını, bu söhbətlər yayılan vaxtlardan iddiaçıda bu məsələ ilə bağlı güclü baş ağrılarının olduğunu və qan təzyiqinin düşdüyünü, Rəna xanımın 10 gündən bir “özümə gələ bilmirəm” dediyini, tez-zez icazə istədiyi, hətta bu hadisələr baş verən zaman Rəna xanımın işə gələ bilmədiyindən onu əvəz etdiyini göstərdi. Məhkəmə iclasında Cavabdeh Şahid1 “hətta bu hadisələr baş verən zaman Rəna xanımın işə gələ bilmədiyindən onu əvəz etdiyi” və Şahid2 “Rəna xanım haqqında bu rüsvayçı sözləri şəxsən Saranın özündən eşitdiyi” barədə verdiyi ifadəsinə münasibət bildirərək Nəcəf həkimin qohumları ilə Rəna həkim arasında baş vermiş davanı ört-basdır etməyə görə Nəcəf həkimin gəlib Rənanı əvəzlədiyini, Gülnarənin isə onunla danışmadığı halda necə Rəna xanım haqqında söz-söhbəti şəxsən mənim özümdən eşidə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində Cavabdeh şəxsən ona İddiaçı haqqında heç bir söz demədiyini, özünün də iddia ərizəsində göstərilənlərlə əlaqədar heç nə demədiyini, Cavabdeh İddiaçı qarşı heç bir ləkəliyici və alçaldıcı ifadələr işlətmədiyini, telefon ilə Sara haqqında heç bir səs yazısı atmadığını, bu hadisə ilə heç bir əlaqəsinin olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 və Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verərək, İddiaçı haqqında Cavabdeh rüsvayedici sözlərin deməsini eşitmədiklərini, hadisə ilə bağlı heç nə bilmədiklərini göstərdilər. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Mərkəzi X5 şəxsin baş həkiminin xx.xx.2022-ci il tarixli, 59 nömrəli əmrinə əsasən Cavabdeh müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, iş üzrə təqdim olunmuş sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında heç vaxt mübahisə olmamış, iddiaçının iddia ərizəsində göstərdiyi 13 aprel 2022-ci il tarixdə “Cavabdeh Rəna həkim haqqında kollektiv arasında ədəbsiz sözlər sərf edir, bu barədə Rəna həkimi məlumatlandırın, çünki, Cavabdeh sərf etdiyi rüsvayedici sözlər tibb müəssisəsinin nüfuzuna xələl gətirir və kollektiv arasında bu kimi davaranışlara yol vermək olmaz” barədə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında həkim işləyən Şahid4 tərəfindən həmin xəstəxanada xadimə işləyən X2 və qeydiyyat şöbəsində işləyən tibb bacısı Şahid3 bildirməsi faktı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş Şahid4 tərəfindən öz təsdiqlənməmiş və digər şahidlər Şahid6 və Şahid5 da kollektivdə İddiaçı haqqında Cavabdeh rüsvayedici sözlərin deməsini eşitmədiklərini, hadisə ilə bağlı heç nə bilmədiklərini bildirmişlər. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin onun haqqında rüsvayedici məlumatların yayması və yayılan bu məlumatlara görə iztirab və sarsıntı keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən sübutlar bir-birini təsdiq etmir və tamamlamır. Məhkəmə iş üzrə ifadə vermiş Şahid2 ifadəsində iddia ərizəsində göstərilənlərin əksinə olaraq Cavabdeh ilə aralarında olan mübahisə ilə əlaqədar danışmadığı halda iddiaçı haqqında rüsvayedici sözlərin şəxsən cavabdehin özündən eşitməsinə münasibət bildirərək hesab edir ki, ifadənin düzgünlüyü şübhə doğurur, ziddiyyətlidir və hazırkı işlə əlaqədar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə eyni zamanda Şahid3 ifadəsi iddia ərizəsində göstərilənlərlə və digər ifadələrlə eynilik təşkil etmədiyindən hesab edir ki, ifadə mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə iş üzrə ifadə vermiş Şahid1 ifadəsində iddiaçı barədə cavabdehin dediyi rüsvayedici sözlərin nə vaxt və hansı şəraitdə ifadə olunduğu, İddiaçı onun haqqında yayılan sözlərdən sarsıntı keçirməsi, hətta növbədə olarkən onu əvəz etməsi, qeyd etdiklərinin hazırkı işlə əlaqədar olması digər sübutlarla təsdiqlənmədiyindən hesab edir ki, tələblə bağlı onun ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Kəngərli Rayon Mərkəzi X5 şəxsin baş həkiminin Cavabdeh müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 59 nömrəli əmrin surətini təqdim edilsə də, həmin əmrin Cavabdeh məhkəmədə qaldırılan tələblə bağlı əlaqəli olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tələblə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci Qərarında qeyd etmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməli və mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yekunda belə nəticəyə gəlir ki, İddiaçı barədə onun şərəfini, ləyaqətini ləkələyən məlumatların şəxsən Cavabdeh tərəfindən yayılması və bu kimi məlumatların yayılması nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsi və ona zərər vurulması sübuta yetirilməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun alınaraq ona ödənilməsi tələbi barədə iddia sübuta yetirilmədiyindən əsassız hesab edilməli və təmin olunmamalıdaır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun alınaraq İddiaçı ödənilməsinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-166/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-166/2022
20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver