Məhkəmə qərarları › İş №2(111)-173/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-173/2024

12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-173/2024 12.07.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay sabit pul məbləğində 235 manat aliment tutularaq 30 mart 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci ildə qeyri-rəsmi evlənərək, birgə nikahdan 30 mart 2016-cı il tarixdə X4 doğulmuşdur. Uşağın atalığı müəyyən olunmuşdur. Cavabdehlə çox az müddətdə bir ailədə yaşamışlar, uşaq olduqdan sonra da o bir dəfə də olsun onunla maraqlanmamışdır. Özü heç bir yerdə işləmir. Uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Duman isə bir ata kimi uşağın saxlanılmasında heç bir maddi köməklik etmir, uşaqla maraqlanmır. Ona görə də məcbur qalıb ondan aliment tələb edir. Alimentin də sabit pul məbləğində müəyyən olunmasını istəyir. Məhkəmədə iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, Dumanla 2015-ci ildə qeyri-rəsmi evləndiyini, 2016-cı ildə X2 doğulduğunu, indiyə qədər onu özünün saxladığını, may ayında atalığın müəyyən olunduğunu, həmin vaxt cavabdehlə 130 manat alimentin verilməsinə dair aralarında razılığın olduğunu, cavabdehin isə yalnız keçən ay 120 manat ödədiyini, buna görə də məhkəmə qərarının çıxarılmasını istədiyini, cavabdehin ailə qurduğunu, həmin ailəsindən də 2 uşağının olduğunu, ona görə də razılaşdıqları 130 manat məbləğində alimentin alınması barədə qərar verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırki işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İ 193012 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh 30 mart 2016-cı ildə İddiaçı doğulmuş X2 atası müəyyən edilmiş və həmin tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-V 215417 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 30 mart 2016-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iş üzrə cavabdeh X4 evlidir və onun xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adında uşaqları vardır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 06 iyun 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh 30 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər qeyri-rəsmi evlənmişlər. Birgə nikahlarından 30 mart 2016-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaq da anası İddiaçı himayəsində yaşayır və iddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında tam iştirak etmir. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Cavabdehin başqa nikahından da 2 azyaşlı övladı vardır və iddiaçı bunları nəzərə alaraq cavabdehdən130 manat aliment alınmasını istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 172.1.1-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 2 ay müddətində baxılır və həll edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda göstərilənləri və 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün 130 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x130=1560 manat) təmin edilmiş hissəsinə mütənasib olan 35.6 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyun 2024-cü il tarixdən hesablanmaqla 30 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (yüz otuz) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 35.6 (otuz beş manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar