Məhkəmə qərarları › İş №2(111)-232/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-232/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-232/2024 23.10.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 08 may 2019cu il təvəllüdlü X2 və 08 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə 235 (iki yüz otuz beş) manat olmaqla iki uşağın saxlanılmasına 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 iyun 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Ailə həyatı quranda münasibətləri yaxşı olmuşdur. Hal-hazırda nikahları pozulmayıb. Qeyd etmək istəyir ki, Kəngərli rayon Böyükdüz kəndinə gəlin köçmüş, 2023-cü ilin oktyabr ayından Naxçıvan şəhərində kirayədə yaşayır. Təxminən 3 aydan artıqdır ki, Cavabdeh onları kirayədə yaşadıqları evdə qoyaraq evi tərk etmiş, bir dəfə də olsun nə onunla nə də uşaqları ilə maraqlanmamışdır. Uşaqları saxlamaq hər iki valideynin həm vəzifəsi həm də borcudur. Lakin cavabdeh uşaqların saxlanılmasına maddi köməklik etməyərək valideynlik hüquq və vəzifələrini pozmaqdadır. Əlavə olaraq bildirir ki, uşaqları azyaşlıdır və Cəlal ürək qüsurlu olduğu üçün özü heç bir yerdə işləmir, yalnız uşaqlara baxır. Uşaqların saxlanılmasına maddi köməkliyi anası Kəklik göstərir. Mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh iştirak etsə də, aliment tələbi ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, 2018-ci ilin iyun ayında cavabdeh ilə ailə qurduqlarını, birgə nikahdan 2 uşaqları olduğunu, 26 oktyabr 2023-cü il tarixdən cavabdehlə birlikdə Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, 2024-cü ilin iyun ayından isə cavabdehin Böyükdüz kəndinə qayıtdığını, həmin vaxtdan onunla və uşaqlarla maraqlanmadığını, uşaqları təkbaşına saxladığını, uşaqlardan birinin İİ dərəcəli əlil olduğunu, xəstəliyinə görə 300 manat müavinət aldığını, onun müalicəsini qarşılaya bilmədiyini, uşağı xəstə olduğundan özünün də işləyə bilmədiyini bildirərək Cavabdeh bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən iş üzrə Cavabdeh izahatında aliment ödəməyə razı olduğunu, lakin özünün xəstə olduğunu, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə gücünün çatmayacağını, yalnız hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyə biləcəyini, “Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi"n-də süpürgəçi-fəhlə işlədiyini, aylıq 560 manat məbləğində əmək haqqı aldığını bildirdi. İş materiallarına əlavə olunmuş AZ-İ 945335 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasında 22 iyun 2018-ci il tarixdə Naxçıvan MR Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışlar. Nikah bağlandıqdan sonra arvada "Quliyeva" soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 460056 nömrəli və AZ-İV 626365 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 08 may 2019-cu il təvəllüdlü X5 və 08 yanvar 2021-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 03 sentyabr 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh 08 may 2019-cu il təvəllüdlü X2 və 08 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2018-cı ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 08 may 2019-cu il təvəllüdlü X5 və 08 yanvar 2021-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaqlar da iddiaçı- İddiaçı himayəsində yaşayırlar və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 172.1.1-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 2 ay müddətində baxılır və həll edilir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda göstərilənləri və 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, cavabdehin ödəmə qabiliyyətini və uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan iki uşağın saxlanması üçün 350 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x350=4200 manat) təmin edilmiş hissəsinə mütənasib olan 62 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 03 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 08 may 2019-cu il təvəllüdlü X2 və 08 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 62 (altmış iki manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar