Məhkəmə qərarları › İş №2(111)-246/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-246/2022

11.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-246/2022 11.11.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 193 manat olmaqla cəmi 579 manat aliment tutularaq xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X2 və 14.09. 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü ildə Kəngərli rayon Qarabağlar kənd İcra nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər, birgə nikahlarından X7 - xx.xx.2013-cü il təvəllüdlü, X6 - xx.xx.2016cı il təvəllüdlü, X9 - xx.xx.2017-ci il təvəllüdlü uşaqları doğulmuşdur. Pərvizlə aralarında mübahisə olduğu üçün ayrılaraq ayrı yaşayırlar və uşaqlar da onun himayəsində yaşayırlar. Heç bir yerdə işləmir. Uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Pərviz isə bir ata kimi uşaqların saxlanılmasında heç bir maddi köməklik etmir, uşaqlarla maraqlanmır. Ona görə də məcbur qalıb ondan aliment tələb edir. Pərvizin müntəzəm qazancı və gəliri yoxdur. Fərdi əməklə məşğul olur. Ona görə alimentin də sabit pul məbləğində müəyyən olunmasını istəyir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, haliyədə cavabdehlə ayrı yaşadığını, uşaqların da özünün yanında qaldığını, heç bir yerdə işləmədiyini, cavabdehin isə uşaqların saxlanmasında heç bir maddi köməklik etmədiyindən uşaqların saxlanmasında çətinlik çəkdiyini göstərərək iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh gəlməməsinin səbəblərini üzrlü hesab edib hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, AZ-İ 689081 nömrəli nikah akt qeydindən çıxarışa əsasən Cavabdeh ilə X3 arasında 16 sentyabr 2013-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına " Cabbarova" soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, AZ-İİİ 076941, AZ-İV 627808, AZ-İİİ 962494 nömrəli doğum akt qeydlərindən çıxarışlara əsasən iş üzrə tərəflərin 01 sentyabr 2013-cü il tarixdə X7, 26 yanvar 2016-cı il tarixdə X6 və 14 sentyabr 2017-ci il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli rayon Qarabağlar kənd İƏDÜ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1021/22 nömrəli arayışdan görünür ki, İddiaçı Cavabdeh, X7, X6 və X9 tərkibdə ailə üzvləri vardır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh 01 sentyabr 2013-cü il təvəllüdlü X4, 26 yanvar 2016-cı il təvəllüdlü X2 və 14 sentyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla cəmi 300 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2013-cü ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 01 sentyabr 2013-cü il tarixdə X7, 26 yanvar 2016-cı il tarixdə X6 və 14 sentyabr 2017-ci il tarixdə X9 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaqlar da İddiaçı himayəsində yaşayırlar və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda göstərilənləri və 2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini, uşaqların ehtiyaclarının təmin edilməsində valideynlərin hər birinin bərabər məsuliyyət daşıdığını, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, cavabdehin isə uşaqların saxlanmasında iştirak etməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanması üçün 100 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x3x110=3960) təmin edilmiş hissəsinə münasib olan 59.6 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 01 sentyabr 2013-cü il tarixdə doğulmuş X4, 26 yanvar 2016-cı il tarixdə doğulmuş X2 və 14 sentyabr 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 110 (yüz on) manat olmaqla cəmi 330 (üç yüz otuz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 59.6 (əlli doqquz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar