Məhkəmə qərarları › İş №2(111)-249/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-249/2025

12.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-249/2025 12.09.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X4 Sadət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh birgə nikah dövründə əldə olunan borcun bərabər payda bölünməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə bağlanmış nikah münasibətinin pozulduğu nəzərə alınmaqla, birgə nikah dövründə əldə olunan xx.xx.2022-ci il tarixli RGTK5919306A189 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin (borcun) cavabdehlə bərabər bölünməsi (birgə məsuliyyət daşımasına) və kredit borcunun yarı hissəsinin, yəni ödənilməmiş 30*138=4140 manat (faizləri ilə birlikdə) məbləğində borcun Cavabdeh tərəfindən ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X2 ilə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Qeydiyyat Şöbəsində xx.xx.2007-ci il tarixdə 07 №-li nikahı qeydə alınmışdır. Birgə nikah dövründə onlar birgə yaşayaraq ailə təsərrüfatını idarə etmiş və müəyyən maliyyə öhdəlikləri götürmüşlər. Həmin öhdəliklərdən biri də birgə yaşayış müddətində bankdan götürülmüş kredit borcudur. Sözü gedən borc ailənin ümumi ailə büdcəsinə yönəldilmişdir. Nikah dövründə konkret olaraq xx.xx.2022-ci il tarixində Kapital Bank ASC ilə RGTK5919306A189 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 60 ay müddətinə, illik 21% dərəcəsi ilə 5125,68 (beş min yüz iyirmi beş manat altmış səkkiz qəpik) məbləğində istehlak krediti götürülmüşdür. Kredit ailə ehtiyaclarının təmin edilməsi, gündəlik tələbat mallarının alınması, ümumi ailə büdcəsinə yönələn xərclər üçün istifadə olunmuşdur. Həmin dövrdə ailə büdcəsinə daxil olan vəsaitlər tərəflər arasında birgə istifadə edilmiş, kredit üzrə öhdəliklərə də tərəflərin hər ikisi ortaq şəkildə məsul olmuşdur. Kredit müqaviləsinin bağlandığı vaxtdan 2025-ci ilin dekabr ayınadək hər ay 138.67 (bir yüz otuz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində aylıq ödənişləri, yəni 60 aylıq kreditin yarı hissənin (138*30=4140manat) təkbaşına həyata keçirmişdir. Hal-hazırda isə üzərində olan maliyyə yükünün artması, digər yaşayış və sosial öhdəliklərin mövcudluğu səbəbindən bu ödənişləri həyata keçirməkdə ciddi çətinliklər yaşayır. Hazırda bank borcunun ödənilməsi yükü yalnız özünün üzərindədir və cavabdeh öhdəlikləri yerinə yetirilməsində iştirak etmir. Halbuki, borc ailə ehtiyacları üçün götürülmüşdür və cavabdeh də bu borcu bərabər şəkildə ödənilməsinə məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı izahatında cavabdeh Rəvanə Şükür qızı ilə 13 iyul 2007-ci il tarixdə nikaha daxil olduğunu, həmin illər ərzində ailə kimi ailə təsərrüfatını birgə idarə etdiklərini, həmin öhdəliklərdən biri də Kapital Bank ASC ilə 05 iyul 2022-ci ildə bağlanmış kredit müqaviləsi olduğunu, 5125,68 (beş min yüz iyirmi beş manat altmış səkkiz qəpik) manat, illik 21% olmaqla 60 ay müddətinə kredit götürdüyünü, krediti ailə ehtiyaclarını qarşılanması, gündəlik tələbat mallarının alınması, ümumi büdcənin təmin edilməsi məqsədi ilə istifadə edildiyini, həmin vəsaitin yalnız onun şəxsi xərclərinə deyil, ailənin ümumi tələbatına yönəldiyini, 2024-cü ilin dekabr ayınadək hər ay 138.67 manat olmaqla 30 ay müddətində 4140 manat ödədiyini, maliyyə yükünün artması və digər sosial öhdəliklərin mövcudluğu səbəbindən ödənişləri davam etdirməkdə ciddi çətinliklərlə üzləşdiyini, bütün ödənişləri onun ödədiyini, cavabdeh heç bir ödənişdə iştirak etmədiyini, borcun götürülməsində cavabdehlə bərabər məsuliyyət daşıdığını, qalan ödənilməmiş məbləğin yarısının 4140 manat faizlə birlikdə cavabdeh Rəvanə Şükür qızı tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edərək yazılı izahatını məhkəməyə təqdim etdi. Məhkəmə iclasında sorğu-sual edilərkən iddiaçı 2022-ci il tarixdə cavabdehlə birgə nikahda olarkən Kapital Bank ASC-dən götürmüş olduğu 5125,68 manat pulun bir hissəsi ilə yaşadığı Kəngərli Rayon Qarabağlar kəndindəki evin mətbəx hissəsini 400 manata təmir etdiyini, oraya 1700 manata mətbəx mebeli aldığını, həmin evdə anası ilə birlikdə özünün yaşadığını, 600 manat borcuna verdiyini, uşağı xəstə olduğu üçün uşağı həkimə apardığını və ailənin yeməyinə xərclədiyini, götürdüyü kredit məbləğindən cavabdehə xərcləməsi üçün heç pul vermədiyini göstərmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh izahatında iddianı qəbul etməyərək 2022-ci ilin yanvar ayından iyun ayına qədər iddiaçı ilə bir evdə ayrı otaqlarda yaşadıqlarını, 2022-ci ilin iyun ayından isə ata evinə qayıtdığını və həmin vaxtdan da ayrı yaşadıqlarını, iddiaçının bankdan kredit götürməsi barədə heç bir məlumatının olmadığını, iddiaçının həmin kreditdən ona heç nə almadığını, yaşadığı evdə mətbəxi təmir etdiyini, lakin həmin evdə Vüsalla anasının yaşadığını göstərmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarında olan Kəngərli rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, AZ-İ 256137 nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə X2 arasında 13 aprel 2007-cü il tarixdə Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd İƏDÜN-də nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə müvafiq qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan Kəngərli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(111)- 29/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13 aprel 2007ci il tarixdə Kəngərli Rayon İcra Hakimiyyəti Qarabağlar kənd İƏDÜN-də bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5919306A189 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə, illik 21% hesablanmaqla 5128.68 AZN məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli RGTK5919306A189 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 138.67 (bir yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat və xx.xx.2027-ci il tarixdə 141.51 (bir yüz qırx bir manat əlli bir qəpik) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı və Cavabdeh 13 aprel 2007-cü il tarixdən birgə nikahda olsalar da, faktiki olaraq 2022-ci ilin yanvar ayından ayrı yaşamış və Kəngərli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(111)-29/2023 nömrəli qətnaməsi ilə onlar arasında nikah pozulmuşdur. İddiaçı Kapital Bank” ASC-dən xx.xx.2022-ci il tarixdə 60 ay müddətinə, illik 21% hesablanmaqla 5128.68 manat məbləğində kredit götürmüş, götürmüş olduğu kreditlə yaşadığı Kəngərli Rayon Qarabağlar kəndində yerləşən yaşayış evinin mətbəx hissəsini təmir etdirmiş, həmin yerə mətbəx mebel dəsti almış, hazırda da həmin evdə anası ilə birgə yaşayır. Cavabdehə hər hansı bir əşya almamış, qalan pulu ailəsinin yeməyinə xərcləmiş, əvvəlcədən yaranmış 600 manat borcunu ödəmiş, cavabdehin isə iddiaçının bankdan kredit götürməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə ilk növbədə iddia tələbinə ailə, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Plenum qərarının 3.14-cü bəndində qeyd edilmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmçinin həmin Plenum qərarının 3.19-cu bəndində əsasən nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilibedilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. Plenum qərarından da göründüyü kimi iddiaçı götürmüş olduğu krediti ailənin ehtiyacları üçün sərf etdiyini sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı tərəfindən Kapital Bank” ASC-dən xx.xx.2022-ci il tarixdə götürdüyü kredit ailə ehtiyaclarının təmin edilməsi, gündəlik tələbat mallarının alınması, ümumi ailə büdcəsinə yönələn xərclər üçün istifadə olunmamış, iddiaçı tərəfindən kredit isə xx.xx.2022-ci ildə götürülmüş, iddiaçı ilə cavabdeh 2022-ci ilin yanvar ayından ayrı yaşamış, cavabdehin götürülmüş kreditdən xəbəri olmamış, kredit götürülərkən onlar birgə nikahda olmağına baxmayaraq ayrı yaşamış və kredit götürülərkən aralarında razılaşma olmamış, ailə büdcəsinə daxil olan kredit birgə istifadə edilməmişdir. İddiaçı cavabdeh şəxsdən tələb etdiyi xx.xx.2022-ci il tarixli RGTK5919306A189 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin (borcun) cavabdehlə bərabər bölünməsi (birgə məsuliyyət daşımasına) və kredit borcunun yarı hissəsinin, yəni ödənilməmiş 4140 manat məbləğində borcun məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, kredit üzrə öhdəliklərə də tərəflərin hər ikisi ortaq şəkildə cavabdeh olması məhkəmə baxışında tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, Cavabdeh birgə nikah dövründə əldə olunan kredit borcunun bərabər payda bölünməsi, kredit borcunun yarı hissəsinin, yəni ödənilməmiş 4140 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK5919306A189 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin (borcun) cavabdehlə bərabər bölünməsi (birgə məsuliyyət daşımasına) və kredit borcunun yarı hissəsinin, yəni ödənilməmiş 30*138=4140 manat (faizləri ilə birlikdə) məbləğində borcun Cavabdeh tərəfindən ödənilməsi tələbi barədə iddiası rədd edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar