Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-255/2023 01.11.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 24 avqust 2017-ci il təvəllüdlü X4 və 02 fevral 2020-ci il təvəllüdlü X5 hər uşaq üçün hər ay sabit məbləğdə 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin tutularaq ona-İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 08 sentyabr 2016-ci ildə Kəngərli rayon Qeydiyyat şöbəsində 102 nömrə ilə nikaha daxil olmuşlar. Birgə nikahdan birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvvəllüdlü X7 doğulmuşdur. Özü heç bir yerdə işləmir. Cavabdeh hal-hazırda Bakı şəhərində yaşayır. Ayrı yaşadıqları müddət ərzində cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmır, övladlarını maddi cəhətdən təmin etmir. Bu səbəbdən də onlar maddi cəhətdən sıxıntı içində yaşayırlar. Cavabdeh uşaqlarına sabit pul məbləğdə aliment ödənilməsini istəyir. Məhkəmədə izahat verən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, Nərimanla yola gedə bilmədiklərindən ayrılaraq öz atası evinə Şahbuz rayon Nursu kəndinə getdiyini, artıq 1 ildir ki, cavabdehlə ayrı yaşadıqlarını, bu müddət ərzində cavabdehin onunla və uşaqları ilə maraqlanmadığını, uşaqların saxlanmasında iştirak etmədiyini, uşaqlarına heç bir maddi köməklik göstərmədiyini, özünün heç bir yerdə işləmədiyini, uşaqların saxlanması üçün maddi cəhətdən çətinlik çəkdiyini bildirib Cavabdeh aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırki işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İ 881936 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X8 08 sentyabr 2016-cı il tarixdə rəsmi nikah bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 102 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada "Rəsulova" soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 966335 nömrəli və AZ-İV 463415 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 24 avqust 2017-ci il təvəllüdlü X6 və 02 fevral 2020-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu 06 sentyabr 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh 24 avqust 2017-ci il təvəllüdlü X2 və 02 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2016-cı ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 24 avqust 2017-ci il təvəllüdlü X6 və 02 fevral 2020-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaqlar da İddiaçı himayəsində yaşayırlar və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Ona görə də iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən onu da nəzərə almışdır ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni həm ata, həm də ana uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 172.1.1-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 2 ay müddətində baxılır və həll edilir. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda göstərilənləri və 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan iki uşağın saxlanması üçün 340 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x340=4080 manat) təmin edilmiş hissəsinə münasib olan 60.8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 24 avqust 2017-ci il təvəllüdlü X2 və 02 fevral 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60.8 (altmış manat, səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-255/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-255/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver