Məhkəmə qərarları › İş №2(111)-262/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-262/2022

17.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-262/2022 17.11.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları 08 dekabr 2015-ci il təvəllüdlü X1, 19 dekabr 2018-ci il təvəllüdlü X4 və 17 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014cü il tarixdə Kəngərli rayon Qabıllı kənd lƏD üzrə nümayəndəlikdə 06 nömrə ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Bu nikahdan üç övladları - xx.xx.2015-ci il təvəllüdlü Əhmədova Ruqayyǝ Nurlan qızı, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri yaxşı olmuş, aralarında heç bir ailə məişət zəminində mübahisələri olmamış, ailə təsərrüfatını birgə idarə etmişlər. Cavabdeh Naxçıvan şəhər N saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edirdi. 2022-ci ilin may ayında Cavabdeh Kəlbəcər rayonuna göndərmişlər. Bir müddət orada xidmət etdikdən sonra telefonla əlaqə saxlayaraq artıq onunla yaşamaq istəmədiyini, orada başqa qadınla dini nikahla evləndiyini və evdən çıxıb getməyini bildirmişdir. Yaşamağa gedəcək başqa yeri yoxdur. Üç azyaşlı uşağı ilə birlikdə cavabdehin valideynlərinin yanında qalır. Cavabdeh bu müddət ərzində bir dəfə də olsun nə onunla, nə də uşaqlarla maraqlanmayıb, gündəlik zəruri tələbatlarının ödənilməsinə maddi dəstək də olmayıb, uşaqlar azyaşlı olduğundan və ananın qayğısına daha çox ehtiyacları olduğundan özü də heç bir yerdə işləyə bilmir. Gündəlik zəruri tələbatlarını baldızının ailəsi qarşılayır. Üç azyaşlı övladı ilə onlara artıq yük olmaq istəmir. Cavabdeh azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ona aliment ödəməsini istəyir. Aralarında olan ailə münasibətlərindən irəli gələn aliment tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya Təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Ə-934 saylı arayış verildi. Bu səbəbdən də Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciat etmək məcburiyyətində qalmışdır. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, haliyədə cavabdehlə ayrı yaşadığını, uşaqların da özünün yanında qaldığını, heç bir yerdə işləmədiyini, cavabdehin isə uşaqların saxlanmasında heç bir maddi köməklik etmədiyindən uşaqların saxlanmasında çətinlik çəkdiyini göstərərək iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edib hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İ 782256 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X8 arasında 02 oktyabr 2014-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada " Əhmədova" soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 534525 nömrəli, AZ-İV 460114 nömrəli və AZ-İV 633119 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 08 dekabr 2015-ci il tarixdə X5, 19 dekabr 2018-ci il tarixdə X7 və 17 aprel 2022ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N noyabr 2022-ci il tarixli, 3491 nömrəli məktubundan görünür ki, Cavabdeh N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edir və aylıq pul təminatı gəlir vergisi, icbari tibbi sığorta və DSMF-yə ödənişlər çıxıldıqdan sonra 1258,17 manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, məhkəməyə müraciət olunduğu 07 oktyabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq, 08 dekabr 2015-ci il təvəllüdlü X1, 19 dekabr 2018-ci il təvəllüdlü X4 və 17 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilməlidir. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2014-cü ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 08 dekabr 2015-ci il tarixdə X5, 19 dekabr 2018-ci il tarixdə X7 və 17 aprel 2022-ci il tarixdə X6 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaqlar da İddiaçı himayəsində yaşayırlar və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (1258,17:2=629,08x12=7549) təmin edilmiş hissəsinə münasib olan 95,49 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı 07 oktyabr 2022-ci il tarixdən başlayaraq tutulub 08 dekabr 2015-ci il tarixdə doğulmuş X1, 19 dekabr 2018-ci il tarixdə doğulmuş X4 və 17 aprel 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Cavabdeh 95.49 (doxsan beş manat, qırx doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar