Məhkəmə qərarları › İş №2(111)-47/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-47/2021

19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-47/2021 19.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx xxxxxx 2009-cu il təvəllüdlü X5, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir üçün 175 manat olmaqla cəmi 525 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə evlənmiş, birgə evlilikdən xx xxxxxx 2009-cu il təvəllüdlü X9, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxxx 2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Kəngərli Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həmin qətnamə ilə uşaqların iddiaçının yanında qalması və cavabdehdən bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. Nikah pozulduqdan sonra Arazla barışıb bir ailədə yaşadıqları üçün alimentdən imtina etmiş və iş üzrə icraata xitam verilmişdir. Alimentdən imtina etdikdən sonra Araz yenə də evdə dava-dalaş salmış və ayrılmışlar. Bir aydan çoxdur ki, ayrı yaşayırlar. Hazırda uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Araz isə bir ata kimi öz borcunu yerinə yetirməyərək uşaqların saxlanmasında heç bir maddi köməklik etmir. Məcbur qalıb aliment tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Arazın harada işləməsi barədə və aylıq qazancı barədə heç bir məlumatı yoxdur. Ona görə də aliment məbləğinin sabit pul məbləğində müəyyən olunmasını istəyir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini bildirib iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə dindirilən iş üzrə Cavabdeh ona qarşı qaldırılmış iddianı qismən qəbul etdiyini, iddiaçı ilə ayrı yaşadıqlarını və haliyədə heç bir yerdə işləmədiyini, qazancının olmadığını, bu səbəbdən də aliment ödəyə bilməyəcəyini, imkanına görə uşaqlarına geyim və digər ləvazimatlarla kömək etdiyini, Vüsalənin əgər uşaqları saxlaya bilmirsə, özünün saxlaya biləcəyini bildirərək məhkəmədən qeyd edilənləri nəzərə alaraq qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AZ-İİ 336735 nömrəli, AZ-İİİ 533788 nömrəli və AZ- İİİ 534595 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin müvafiq olaraq xx xxxxxx 2009-cu il tarixdə X9, xx xxxxxx 2012-ci il tarixdə X7 və xx xxxx 2016-cı il tarixdə X4 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(111)-31/2020 nömrəli qətnaməsinin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlar ananın yanında qalmaqla, xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tutulub xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X5, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün anaları İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətinə əsasən iş üzrə tələbkar İddiaçı tələbindən imtina etdiyindən Kəngərli Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(111)-31/2020 nömrəli icra sənədinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan MR Dövlət Məşğulluq Xidməti Kəngərli Rayon Məşğulluq Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 05/11 nömrəli arayışına əsasən Cəfərli X6 Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda deyil və mərkəzdən heç bir müavinət almır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan - xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla cəmi 300 manat tutularaq xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X5, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməlidir. Çünki, iş üzrə cavabdeh uşaqlarını saxlamağa borclu olduğu halda, onları saxlamır. Həmçinin aliment tələb edən şəxs alimenti sabit pul məbləğində müəyyən olunmasını istəyir. İddianı qismən təmin edərkən məhkəmə onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Yəni, həm ata, həm də ana uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin mənasına görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda göstərilənləri və 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, cavabdehin ödəmə qabiliyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan üç uşağın saxlanması üçün 300 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x300=3600) təmin edilmiş hissəsinə münasib olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment tutulub xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X5, xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X3 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün anaları İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar