Məhkəmə qərarları › İş №2(111)-55/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-55/2025

21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-55/2025 21.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment tutularaq 05 avqust 2016-cı il təvəllüdlü X4 və 24 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 may 2016-cı il tarixdə Naxçıvan MR Kəngərli rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirib ailə qurmuşlar. Həmin nikahdan 2 övladı-xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. X7 ilə ünvan 1 ünvanında kirayədə yaşamış, lakin hazırda birgə nikahda olsalar da Teymurun təyinatını Naxçıvan şəhərindən Kəngərli rayonuna verdiklərindən onu və övladlarını kirayədə qoyub Naxçıvan MR Kəngərli rayonu Qıvraq qəsəbəsində atası evində onlarla birlikdə yaşayır. Demək olar ki, evə gəlmir, bir ailə başçısı kimi onlarla maraqlanmır. Onun valideynləri isə ona gün vermədiklərindən övladları ilə birlikdə kirayədə yaşayır. Cavabdeh övladlarının təhsili, geyim, ərzaq və digər ehtiyacları ilə qəti şəkildə maraqlanmır. Getdiyi gündən evə 1 qəpik də olsa, pul göndərməmişdir. X1 qara ciyərində exnakok vardır. Əvvəlcədən əməliyyat olsa da, yenidən yaranmışdır və müalicəsi üçün təcili pul lazımdır. Özü heç bir yerdə işləmir. Maddi imkanı yaxşı olmadığından qızını əməliyyat etdirə bilmir. Tək qadın olaraq həm evin, həm də övladlarının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Hər bir əşyanın qiymətində artım müşahidə olunur və bu da onların ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün Cavabdeh aliment ödəməsini istəyir. Hazırda Cavabdeh hərbi qulluqçudur. Yüksək məbləğdə əmək haqqı və.s gəlirlər əldə edir. Məhkəmədə iştirak edən iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, əvvəllər cavabdehlə Naxçıvan şəhərində kirayədə qaldıqlarını, lakin hərbiçi olduğu üçün sonradan Qıvraqda xidmət etməyə başladığını, hal-hazırda özünün uşaqları ilə birlikdə Naxçıvan şəhərində kirayədə yaşadığını, cavabdehin hazırda ailəsi ilə maraqlanmadığını, onların ehtiyaclarını ödənilməsi üçün alimentə ehtiyacı olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən iş üzrə Cavabdeh hərbi xidmət üçün Qıvraq qəsəbəsinə gəldikdən sonra Naxçıvan şəhərinə gedib-gələ bilmədiyindən Qıvraq qəsəbəsində valideynlərinin evində onlarla yaşamağa başladığını, iddiaçının onunla birlikdə Qıvraq qəsəbəsində valideynlərinin evində onlarla birlikdə yaşamaq istəmədiyini, 9 ildir ki, kirayə pulu verdiyini, Qıvraqda öz evi olduğu halda gedib ayrı evdə yaşamaq və yenidən kirayə ödəmək istəmədiyini, aliment ödəməyə etiraz etmədiyini bildirərək qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Qeydiyyat şöbəsinin 12 may 2016cı il tarixli AZ-İİ 069561 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X8 12 may 2016-cı il tarixdə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Rüstəmova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 751970 nömrəli və AZ-İİİ 964472 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 05 avqust 2016-cı il təvəllüdlü X10 və 24 oktyabr 2017-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş üzrə məhkəmə tərəfindən Cavabdeh aylıq əmək haqqı və gəlirləri barədə X5 Orduya göndərilmiş sorğuya 21 fevral 2025-ci il tarixli 3-25-210/2-576/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh N saylı hərbi hissədə xidmət edir və aylıq pul təminatı 1743,85 manat təşkil edir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, məhkəməyə müraciət olunduğu 08 yanvar 2025-ci il tarixdən hesablanmaqla Cavabdeh 05 avqust 2016-cı il təvəllüdlü X10 və 24 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş üzrə iddiaçının və cavabdehin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2016-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından 05 avqust 2016-cı il təvəllüdlü X10 və 24 oktyabr 2017-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuş, haliyədə tərəflər ayrı yaşamaqla uşaqlar da İddiaçı himayəsində yaşayırlar və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən 2 uşağa görə hər ay valideynin qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (1743,85:3=581,28x12=6975 manat) təmin edilmiş hissəsinə münasib olan 89,75 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 08 yanvar 2025-ci il tarixdən hesablanmaqla 05 avqust 2016-cı il təvəllüdlü X4 və 24 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 89,75 (səksən doqquz manat, yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar