Məhkəmə qərarları › İş №2(111)-75/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-75/2024

19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-75/2024 19.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 24 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 150 (yüz əlli) manat aliment alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 24 oktyabr 2009-cu ildə rəsmi nikah qeyd etdirərək evlənmiş, birgə nikahdan iki övladı - 23 mart 2015-ci il təvəllüdlü X8 və 24 iyun 2012-ci il təvəllüdlü X10 olmuşdur. Cavabdehlə 10 il birlikdə yaşadıqdan sonra yola getmədiklərindən Kəngərli Rayon Məhkəməsinin 05 avqust 2019cu il tarixli qətnaməsi ilə nikahları pozularaq 24 iyun 2012-ci il təvəllüdlü X10 onun himayəsinə, 23 mart 2015-ci il təvəllüdlü X9 isə anası Cavabdeh himayəsinə verilməklə onun saxlanılması üçün Əfsanənin tələbi ilə onun xeyrinə 100 (bir yüz) manat aliment müəyyən edilmişdir. Həmin tarixdən də alimenti vaxtlı-vaxtında ödəyir. Göstərmək istəyir ki, yenidən 30 dekabr 2021-ci ildə faktiki evlənmiş, iki uşağı vəfat etmiş, bir oğlu isə 11 may 2023-cü ildə X4 doğulmuşdur. Bunları bildirməkdə məqsədi odur ki, iki uşaq və arvadı onun öhdəsindədirlər. Nə özü, nədə ki, arvadı işləmir. Ailəni çətinliklə dolandırır. Alimenti isə çox çətinliklə ödəyir. Əfsanə isə yenidən ailə quraraq maddi imkanı da yaxşıdır. Bir uşağını saxlamaq üçün alimentə də ehtiyacı yoxdur. Özü isə bir uşağa aliment verməklə onunla yaşayan iki uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən də cavabdehdən övladı X1 üçün hər ay 150 manat aliment alınıb verilməsini istəyir. Həmçinin bildirir ki, Mediasiya haqqında Azərbaycan Respublikası Qanuna uyğun olaraq 05 fevral 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Məhkəmədə iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək cavabdehdən aliment tələb etdiyini, uşağın birini onun saxladığını, digərini isə özü saxladığını, lakin ona 100 manat aliment ödədiyini, uşağın birini özü saxladığına görə cavabdehdən aliment tələb etdiyini, yenidən ailə qurduğunu, həmin ailəsindən bir azyaşlı uşağının olduğunu, hazırda heç bir yerdə işləmədiyini, maddi cəhətdən çətinlik çəkdiyini, neçə ildir ki, alimenti vaxtında ödədiyini, hazırda himayəsində 2 uşağı olduğuna görə ödəyə bilmədiyini, əgər işləyib alimenti ödəyə bilsəydi, heç bir tələbinin olmayacağını, cavabdeh əvvəllər işləmədiyinə görə ondan aliment tələb etmədiyini, indi isə ailə qurduğuna, imkanının yaxşı olduğuna görə aliment ödəyə biləcəyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının onun imkanının yaxşı olduğunu dediyini, lakin imkanının olmadığını, yoldaşının fəhlə olduğunu, özünün də işləmədiyini, heç bir gəlirinin olmadığını, aldığı alimentlə uşağını çətinliklə saxladığını, iddiaçının rəsmi işi olmasa da, yüzlərlə qoyununun olduğunu, evlərdə usta kimi, bəzən də Türkiyə Respublikasına gedib işlədiyini, özünün ona aliment verməyə imkanının olmadığını, əgər uşağı saxlaya bilmirsə, qaytarılıb ona verilməsini bildirərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(111)-88/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, iş üzrə tərəflər arasında saziş bağlanaraq yetkinlik yaşına çatmayan uşaqlardan X10 atasının, X9 isə anasının yanında saxlanması müəyyən olunmuş, İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq 23 mart 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİİ 750964 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin 24 iyun 2012-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 750965 nömrəli doğum akt qeydindən çıxarışa əsasən iş üzrə tərəflərin 23 mart 2015-ci il tarixdə X9 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-V 214409 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X6 birgə nikahından 11 may 2023-cü il təvəllüdlü X4 adında uşaqları doğulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh aliment tələbi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə tərəflər 2009-cu ildə qeyri-rəsmi evlənərək 2016-cı ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Tərəflərin bu nikahlarından övladları - 24 iyun 2012-ci il təvəllüdlü X10 və 23 mart 2015-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasında olan nikah Kəngərli Rayon Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(111)-88/2019 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamədə məhkəmə tərəflər arasında bağlanmış sazişlə yetkinlik yaşına çatmayan uşaqlar - 24 iyun 2012-ci ildə doğulmuş X7 atasının, yəni hazırkı iş üzrə İddiaçı yanında, 23 mart 2015-ci ildə doğulmuş X3 isə anasının, yəni hazırkı iş üzrə Cavabdeh yanında qalmasını müəyyənləşdirdiklərinə dair məhkəməyə saziş təqdim etdiklərinə və məhkəmə tərəfindən bu sazişin uşaqların və ya tərəflərdən birinin marağını pozduğu müəyyən edilmədiyinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması məsələsinə toxunmamışdır. Lakin, həmin qətnamədə Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən uşağın təminatının mümkün qədər maksimal saxlanmasını təmin etmək məqsədilə Cavabdeh yanında qalmış 23 mart 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödənilməsi qət olunmuşdur. Hazırkı iddia tələbinin hüquqi mahiyyətindən aydın olur ki, iddiaçının iddianı qaldırmaqda konkret olaraq məqsədi iddiaçının öz yanında qalan övladı 24 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə Cavabdeh 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsidir. İddia tələbinin əsası kimi iddiaçı özünün işləmədiyini, yeni ailə qurduğunu, həmin evlilikdən də bir uşağının olduğunu, iki uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini və cavabdehin isə yeni ailə qurduğunu, maddi imkanının yaxşı olduğunu, yanında qalan uşağının saxlanılması üçün alimentə ehtiyacı olmadığıını göstərmişdir. İş üzrə məhkəmə araşdırması zamanı cavabdehin işləməsi və hər hansı gəlirinin olması, eləcə də, maddi imkanının yaxşı olması və alimentə ehtiyacının olmamasını təsdiq edən hal müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat vəsaitin tutulması tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay sabit pul məbləğində 150 manat vəsaitin tutulması tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, mövcud qətnamə qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bununla bağlı hər hansı mötəbər sübut da məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, iddiaçının uşağın saxlanması üçün hər ay cavabdehdən sabit pul məbləğində 150 manat vəsaitin tutulması tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən və öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin cavabdehin işləmədiyini və heç bir gəlirinin olmadığını, eləcə də, himayəsində azyaşlı uşağının olmasını nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh 24 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar