Məhkəmə qərarları › İş №2(125)-1007/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1007/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1007/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus mebel qonaq otağı (Stenka), yataq dəsti (dolab, güzgülü stol, çarpayı, dolab), divan və 2 kreslo, stol və 6 stul, balınc 5 ədəd, 1 ədəd döşəkdən ibarət cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddaçının oğlu X2 ilə Cavabdeh nikahları qeydə alınaraq ailə qurmuşlar. Ailə qurduqları zaman cehiz əşyalarını mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evə gətirərək yaşamağa başlamışlar. Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1625/2022 saylı qətnaməsi ilə oğlu X2 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2136/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 6 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh evdən çıxarılan zaman əşyalarının bir hissəsini aparsa da, cehiz əşyalarını aparmaqdan imtina etmişdir. Cehiz əşyalarının çıxarılması cavabdehdən xahiş edilsə də, müsbət nəticə əldə edilməmişdr. Cavabdeh iddiaçıya münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilmiş ailə üzvü hesab olunan şəxslərdən deyildir. Bu baxımdan həmin əsaslarla onun iddiaçıya məxsus mənzildən istifadə hüququ yoxdur. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun əldə edilməsi barədə notarial qaydada yazılı razılaşma da, olmamışdır. Beləliklə, cavabdeh Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində göstərilmiş əsasla da iddiaçıya məxsus mənzildən istifadə hüququ yaranmamışdır. Buna görə də hesab edir ki, iddiaçıya məxsus olan fərdi yaşayış evində cavabdehin qanunla müəyyən edilmiş qaydada istifadə hüququ əldə etməməsi nəzərə alınmaqla cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq ona məxsus mənzildə saxlanılması üçün əsas yoxdur. Odur ki, Cavabdeh məxsus mebel qonaq otağı (Stenka), yataq dəsti (dolab, güzgülü stol, çarpayı, dolab), divan və 2 kreslo, stol və 6 stul, balınc 5 ədəd, 1 ədəd döşəkdən ibarət cehiz əşyalarının ona məxsus ünvan 4 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını və növbəti məhkəmə prosesini onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını münkün hesab etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 37.4 kv.m olan mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 2136/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçının mülkiyyətində olan Gəncə Şəhəri, Kəpəz Rayonu, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, ev 9 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh iddiaçının oğlu X2 ilə ailə qurmuş, Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1625/2022 saylı qətnaməsi ilə X2 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 2136/2019 saylı, xx.xx.2019-ca il tarixli qətnaməsi ilə Cavabdehın ünvan 6 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılması qət edilmişdir. Cavabdeh özü mübahisəli evdə yaşamasa da, cehiz əşyaları iddiaçının yaşadığı evdə qalmışdır. Cavabdeh həmin cehiz əşyalarını könüllü olaraq götürməkdən imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddiaçıların cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçıların subyektiv hüquqa malik olubolmamasının, həmçinin cavabdehin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edərək belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli evin İddiaçı mülkiyyətində olması, cavabdehin həmin mənzilə gəlin köçməsi işin mübahisəsiz halıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, həmçinin nəzərə alır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2136/2019 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçının mülkiyyətində olan Gəncə Şəhəri, Kəpəz Rayonu, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, ev 9 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılması qət edilmişdir. Bu baxımdan hazırkı vəziyyətdə cavabdehin iddiaçı ilə birlikdə mübahisəli evdə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüquqları mövcud deyildir. Məhkəmə, hesab edir ki, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ olmadığından, mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2136/2019 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçının mülkiyyətində olan Gəncə Şəhəri, Kəpəz Rayonu, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, ev 9 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılması qət edildiyindən cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da bu Məcəllədə göstərilən əsaslarla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin istifadəçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsinin tərkib hissəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, onun cehiz əşyalarının mübahisəli evdə qalması iddiaçının əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evin mülkiyyətçisi kimi qanunla qorunan hüququnun əsas elementləri olan istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehə məxsus cehiz əşyaları hazırda iddiaçının yaşadığı mənzildə qalmışdır. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçının yaşadığı evin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh məxsus mebel qonaq otağı (Stenka), yataq dəsti (dolab, güzgülü stol, çarpayı, dolab), divan və 2 kreslo, stol və 6 stul, 5 ədəd balınc, 1 ədəd döşəkdən ibarət cehiz əşyaları iddiaçının mülkiyyətində olan, ünvan 6 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılmalıdır. İddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh məxsus mebel qonaq otağı (Stenka), yataq dəsti (dolab, güzgülü stol, çarpayı, dolab), divan və 2 kreslo, stol və 6 stul, 5 ədəd balınc, 1 ədəd döşəkdən ibarət cehiz əşyaları iddiaçının mülkiyyətində olan, ünvan 7 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar