Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1055/2022 19.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh ərizə ilə X11 cənab Vilayət Eyvazova 2020-ci ildə müraciət edərək bildirmişdir ki, toyları olan gündən anası və o, onu alçadıb məhv etməyə başlamış, ailəsi dağılmasın deyə cox şeylərə dözmüş, artıq dözə bilmədiyi üçün valideyinlərinə bildirib süd əmər uşağını götürüb qohumlarıgilə qaçmışdır. Hər şeyi əlindən alınmış, əlaqələri geniş olduğu üçün onu və ailəsini ləkələyərək hər kəsin gözündən salmağa davam etmişlər. Bundan başqa cavabdeh ərizəsində qanunla 3 ay davam etməli boşanma prosessinin onların tapşırığı ilə 8 ay davam etməsini bildirmişdir. Həmçinin cavabdeh müraciətində Emin və Natiq Xudaverdiyev qardaşları hərbi xidmətdən yayınmış və bununla da, Azərbaycan dövlətinin onlara işləməsi ilə öyünmələrini və heç bir şikayətinə dövlət qrumları tərəfindən baxılmamasını bildirmişdir. Lakin Gəncə şəhəri PŞ-nin TB-nin polis baş leytenantı Nicat Mustafayevin 16 aprel 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin iş üzrə araşdırılma aparılarkən, yəni cavbdehin bu qanunsuz əməlləri nəticəsində ona və ailə üzlərinə mənəvi cəhətdən zərbə vurulmuşdur. Cavabdehin bu hərəkətləri ona çox pis təsir edir, psixoloji olaraq sarsıntı keçirir. Cavabdeh keçmiş həyat yoldaşı olsa belə, artıq cavabdehlə bacara bilmir, ailə üzvləri və onu tanıyan digər şəxslər arasında özünü yaxşı mənada tanıda bilmir. Ümumiyyətlə cavabdeh demək olar ki, hər ay əsassız olaraq ona qarşı polis şöbəsinə belə əsassız şikayətlər edərək, onu ailə üzvləri və digər şəxslər qarşısında pis qələmə verərək gözdən salmaq istəyir. Məhz bu səbəblərdən də, ona dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində ona mənəvi cəhətdən zərbə vurulmuşdur və o, güclü mənəvi psixi sarsıntı keçirmişdir. İddiaçı vəkili X10 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (həmçinin SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş ilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, birgə nikah dövründə təxminən 1 ildən çox müddətdə əri İddiaçı tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalmışdır. Hələ də onun tərəfindən əzilib alçaldılır. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı vəkili X4 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh X11 cənab Vilayət Eyvazova ərizə ilə müraciət etmiş, həmin müraciət xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-də 013-9635-422 sayla qeydə alınaraq Gəncə şəhər 1-ci PŞ-nə göndərilmiş, həmin məlumat Gəncə şəhər 1-ci PŞ HK-1/932 sayla qeydə alınaraq Gənə şəhər 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X1 icraatına daxil olmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından və İddiaçı atası X2 Cavabdeh hədələməsi faktı ilə bağlı hədənin real olmasını əsaslandıran hər hansı bir sübut və ya dəlillər müəyyən edilmədiyindən və X3 Azərbaycan Respublikasından getməsi müəyyən olunduğundan Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanması cinayət hadisəsinin olmaması əsasına görə rədd edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə şərəfın, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə yaranan mübahisədir və iddia tələbi iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi, habelə əlaqəli normalar tətbiq edilməlidir. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Ali Məhkəmənin Plenumu məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsinə izah verərək göstərir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Plenum məlumatın doğru olmamasına onun həqiqətə uyğun olmaması, yəni yalan olması kimi anlayış verir. Daha sonra Plenum məlumatların yayılmasına izah verərək qeyd edir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İş materiallarından görünür ki, iddiaçı cavabdehin ondan yuxarı orqanlara müraciətlərini onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edir. Bu baxımdan mübahisənin düzgün həlli üçün ilk növbədə cavabdehin yazılarında göstərdiyi məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələyən, habelə onun işgüzar nüfuzuna xələl gətirən məlumatları əks edib-etmədiyi aydınlaşdırılmalıdır. Qeyd olunmalıdır ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Bu baxımdan şərəf dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. Ləyaqət isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Mülki Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. İddiaçının onun şərəf və ləyaqətini ləkələyən, habelə onun işgüzar nüfuzuna xələl gətirən məlumat hesab etdiyi- “2020-ci ildə Moskvada işini, təhsilini, ata ocağını atmış, elin adət ilə Azərbaycana İddiaçı ilə ailə qurmağa gəlmiş, toyları olan gündən ana, oğlu onu alçadıb məhv etməyə başlamışlar, ailəsi dağılmasın deyə çox şeylərə dözmüş, artıq dözə bilmədiyi üçün valideynlərinə bildirib süd əmər uşağını götürüb qohumlarıgilə qaçmışdır. Hər şeyi əlindən alınmış, əlaqələri geniş olduğu üçün onu və ailəsini ləkələrək hər kəsin gözündən salmağa davam etmişlər. Qanunla 3 ay davam etməli boşanma prosesinin onların tapşırığı ilə 8 ay davam etməsini bildirmişdir. Emin və Natiq Xudaverdiyev qardaşları hərbi ximətdən yayınmış və bununla da Azərbaycan dövlətinin onlara işləməsi ilə öyünmələrini və heç bir şikayətinə dövlət qurumları tərəfindən baxılmamasını bildirmişdir” kimi məlumatlarla bağlı məhkəmə göstərir ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin 1-ci hissəsinə görə hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın 57-ci maddəsinin1-ci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. (Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3-cü maddələri) İş materiallarından görünür ki, cavadehin yazılarında qeyd olunmuş “Qanunla 3 ay davam etməli boşanma prosesinin onların tapşırığı ilə 8 ay davam etməsini bildirmişdir. Emin və Natiq Xudaverdiyev qardaşları hərbi ximətdən yayınmış və bununla da Azərbaycan dövlətinin onlara işləməsi ilə öyünmələrini və heç bir şikayətinə dövlət qurumları tərəfindən baxılmamasını bildirmişdir” kimi məlumatlar iddiaçını aşağılamaq, alçaltmaq məqsədi deyil, daha çox tənqidi və şikayət məqsədi güdmüşdür. Bu isə onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Belə olduqda isə "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndində qeyd olunan “məlumatın yalan olma” şərti reallaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsinə dair məlumatlar yaymasından söhbət gedə bilməz. Həmçinin həmin məlumatlar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddiaçının «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1055/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1055/2022
19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver