Məhkəmə qərarları › İş №2(125)-1087/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1087/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1087/2024 12.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı X7 qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 qarşı xx.xx.2015-ci tarixdə anadan olmuş X4, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X5 birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Cəsur, xx.xx.2016-ci il tarixdə Qumrus və xx.xx.2018-ci il tarixdə Elmira adlı 3 uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Birgə nikahdan anadan olmuş uşaqlar isə iddiaçının himayəsində qalmışdır. Uşaqların bütün maddi və mənəvi ehtiyacları iddiaçı tərəfindən qarşılanır. Cavabdeh isə uşaqların saxlanmasında heç bir maddi və mənəvi dəstək göstərmir. Odur ki, iddia təmin olunmalı, cavabdeh X3 birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X6 məhkəmə iclaslarının iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Moskva VVAQ idarəsi Uxtom VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Azərbaycan dilinə tərcümə olunmuş və həqiqiliyi notariat qaydasında təsdiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 xx.xx.2015-ci ildə, X8 xx.xx.2016-cı ildə və X9 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası X11, anası isə İddiaçıdır. İş materiallarında olan Moskvanın 6 saylı Mülki Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan dilinə tərcümə olunmuş və həqiqiliyi notariat qaydasında təsdiq edilmiş nikahın pozulması haqqında şəhadətnamənin görünür ki, İddiaçı ilə X11 arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 443.0.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan, həmçinin iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, X3 ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 80 qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. X3 03 iyun 2015-ci tarixdə anadan olmuş X4, 09 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 və 05 oktyabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 25 dekabr 2023-cü il tarixdən X12, X8 və X9 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. X3 ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar