Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1228/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 dekabr 2007-ci il təvəllüdlü X9, 28 aprel 2009-cu il təvəllüdlü X7 və 14 fevral 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 50 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 08 dekabr 2007-ci il təvəllüdlü X9, 28 aprel 2009-cu il təvəllüdlü X7 və 14 fevral 2011-ci il təvəllüdlü X8 adında üç övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri uyğun gəlməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 2(044)-5786/2017 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında nikah pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. O, azyaşlı övladlarını böyütməkdə çətinlik çəkir. Ona görə də o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Gəncə şəhərində Kommunal idarəsində xadimə işləyir, 300 manat əmək haqqı alır, Cavabdeh isə işləmir. Aliment tələbi üçün Mediasiya Şurasına müraciət etmişdir, oradan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mediasiya Şurasının MŞG/MT033/2024-00793 nömrəli, 26 dekabr 2024-cü il tarixli arayışını iddia ərizəsinə əlavə edir. Cavabdeh ailəsinə qarşı laqeyd olmuş nə onunla, nədəki uşaqlarla maraqlanmamışdır. O, azyaşlı övladını böyütməkdə çətinlik çəkir. Ona görə də o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdiriməsi” barədə ərizə verərək, cavabdeh ilə birgə nikahdan doğulmuş X9, X8 və X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh ilə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşdur. Cavabdeh ilə münasibətlərindən 08 dekabr 2007-ci il təvəllüdlü Kənan, 28 aprel 2009-cu il təvəllüdlü Kamran, 14 fevral 2011-ci il təvəllüdlü Hüseyn və 12 mart 2018-ci il təvəllüdlü Rüqəyya adında 4 dörd uşaqları dünyaya gəlmişdir. Lakin, 28 aprel 2009-cu il təvəllüdlü Kamran adlı uşaq vəfat etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5786/2017 nömrəli, 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Hal-hazırda Kənan, Hüseyn və Rüqəyya adlı uşaqlar onun himayəsindədir. Lakin, cavabdeh həmin uşaqların saxlanılmaları üçün ona kömək etmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində dalandar vəzifəsində işləməklə, əmək haqqı 374 manat təşkil edir. Həmçinin, 2-ci qrup əlil olduğuna görə 393,33 manat pensiya alır. İddiaçı ilə ailə münasibətlərindən Hüseyn, Kənan, Kamran və Rüqəyya adında 4 uşaqları anadan olmuş, 28 aprel 2009-cu il təvəllüdlü Kamran adlı uşaq vəfat etmişdir. Digər Hüseyn, Kənan və Rüqəyya adlı uşaqların saxlanılmaları üçün iddiaçının tələb etdiyi məbləğdə, yəni hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 157838 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 dekabr 2007-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İİ seriyalı, 621723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 fevral 2011-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İV seriyalı, 084182 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 mart 2018-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5786/2017 nömrəli, 20 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 20 aprel 2007-ci il tarixdə bağlanmış və həmin tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 355 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. AZ-İ seriyalı, 273982 nömrəli, 27 mart 2018-ci il tarixli, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 mart 2018-ci il tarixdə 84 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Baxışov”, qadına “Baxışova” soyadı verilmişdir. 26 dekabr 2024-cü il tarixli, MŞG/MT033/2024-00793 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış Cavabdeh və İddiaçı 26 dekabr 2024-cü il tarixində, 11:30 saatlarında “aliment” tələbinə dair mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5786/2017 nömrəli, 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin 08 dekabr 2007-ci il təvəllüdlü X9, 28 aprel 2009-cu il təvəllüdlü X7, 14 fevral 2011-ci il təvəllüdlü X8 və 12 mart 2018-ci il təvəllüdlü X5 adında 4 uşaqları doğulmuş, 28 aprel 2009-cu il təvəllüdlü Kamran adlı uşaq vəfat etmişdir. Digər Kənan, Hüseyn və Rüqəyya adlı uşaqlar iddiaçı olan analarının yanındadır. Cavabdeh uşaqların saxlanmaları üçün iddiaçıya maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etsə də, tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etdiyini bildirərək, təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamasını və uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər ayrı yaşadıqlarından və uşaqlar anasının yanında olduqlarından, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 09 yanvar 2025-ci il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərci iddiaçıya aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən bir uşaq üçün ödənilməli olan 50 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 600 manat, üç uşaq üçün isə cəmi 1800 manat təşkil etdiyindən, 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı iddiası təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində sabit pul məbləğində aliment tutulsun. Hazırki qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1228/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1228/2025
12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver