Məhkəmə qərarları › İş №2(125)-1229/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1229/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1229/2025 22.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin hər birindən hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı doğma uşaqlarıdır. Cavabdeh2 və Cavabdeh1 maddi gəlirləri kifayət qədər yaxşı olmasına baxmayaraq, sonuncular anaları İddiaçı hər hansı maddi dəstək göstərmir. İddiaçı maddi vəziyyəti yaxşı deyil və daimi olaraq köməyə ehtiyacı vardır. Lakin cavabdehlər bir övlad olaraq analarının heç bir maddi və mənəvi qayğısına qalmırlar, övladlıq borclarını yerinə yetirməkdən boyun qaçırırlar. İddiaçı bir ana kimi övladlarından ona baxmalarını, ona dəstək göstərmələrini xahiş etsə də cavabdehlər heç bir qaydada anaları ilə razılıq əldə edə bilməmişlər. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4361/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı, X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional «ASAN xidmət» Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə X4 arasında 2 saylı Gəncə Regional «ASAN xidmət» Mərkəzi notariat ofisində 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzilə (ümumi sahəsi 82,4 kv.m) (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 419, M13, m5) (bundan sonra – mübahisəli 5 nömrəli mənzil) və Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 491, M15, m1) (bundan sonra – mübahisəli 1 nömrəli mənzil) dair bağlanmış daşınmaz əmlakın bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair cavabdeh X1 adına özgəninkiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mərhum ataları X4 ilə anaları İddiaçı birgə nikah dövründə əldə etdikləri sözügedən mənzillərə dair mərhum ataları X2 ½ hissəsinə payının tanınması ilə həmin mülkə mərhum atalarına münasibətdə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh1 İddiaçı, X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional «ASAN xidmət» Mərkəzində notariat ofisinə qarşı «bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğv edilməsi, miras mülkdə payların müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-478/2025 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4361/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı 3-cü dərəcəli əlilldir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 101-25-000-5971-6000 nömrəli vətəndaşın sosial xidmət (sosial xidmətlər) kompleks şəkilində dövlət sosial yardımı almaq hüququnun təsdiq edilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əlillər (3-cü qrup) dərəcəsi üzrə aylıq pul ödənişləri alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1 və 82.2-ci maddələrinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir ««Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarının 1.9-cu bəndində göstərilir ki, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi valideynin maddi yardıma ehtiyacının olduğu və əmək qabiliyyətinin isə olmadığı halda yaranır. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması uşaqdan aliment almaq üçün əsas deyildir. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladlardan aliment tələb etməyə əsas vermir. Beləliklə, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı müəyyən edildikdə, övladlardan aliment tutula bilər. Şəxsin əmək qabiliyyətinin olmaması dedikdə isə onun əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi andan şəxs əlil hesab edilir. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı 3-cü qrup əlill olması ilə bağlı və keçirdiyi xəstəliklərlə əlaqədar sənədləri məhkəməyə təqdim etsə də, bununla əlaqədar peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsinə, eləcə də maddi yardıma ehtiyacı olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanların əksinə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4361/2024 nömrəli qətnaməsi ilə 2 saylı Gəncə Regional «ASAN xidmət» Mərkəzində notariat ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-267 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 491, M15, m1), ümumi sahəsi 65,9 kv.m olan mənzili X3 bağışladığı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı maddi yardıma ehtiyacı yaranmamış, mülkiyyətində olan mənzili digər oğlu X3 bağışlamışdır. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment tələbi» barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «aliment tələbi» barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar