Məhkəmə qərarları › İş №2(125)-1262/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1262/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1262/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) qarşı tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh ilə 2009-cu ildə faktiki ailə münasibətlərinə daxil olmuş və nikahlarını xx.xx.2012-ci il tarixdə 488 akt qeyd nömrəsi ilə qeydə aldırmışlar. Onların faktiki nikah münasibətlərindən xx.xx.2010-cu il tarixdə Nurhan, birgə nikahlarından isə xx.xx.2013-cü il tarixdə Vəsilə və xx.xx.2018-ci il tarixdə Nurlan adlı uşaqları anadan olmuşdur. Lakin bir müddətdir bundan əvvəl onunla cavabdeh arasındakı münasibətlər pisləşmiş və onlar müxtəlif ünvanda yaşamağa başlamışlar. Onların birgə nikah münasibətlərindən doğulmuş uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh Gəncə şəhər, Mənzil Kommunal Kommunal X2 işləyib, sabit əmək haqqına malik olsa da, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün ona heç bir maddi yardım göstərməmişdir. Qeyd olunan səbəbdən o, uşaqların maddi təminatını çətinklə ödəmiş və həmin uşaqların əvvəlki maddi təminatları çox aşağı düşmüşdür. Halbuki, birgə nikahdan doğulmuş uşaqları saxlamaq onunla yanaşı cavabdehin də vəzifəsidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Sonda Cavabdeh iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramdan iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZ-İ seriyalı 767679 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2012-ci il tarixdə, Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində, 488 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 783882 nömrəli, AZ-İİİ seriyalı 063500 nömrəli və AZ-İV seriyalı 065701 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X7 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(045)-4014/2017 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 90 manat cəmi, 180 manat sapit pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin sabit qazanca malik olmasını, cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün hər ay qazancın (başqa gəlilərin) üçdə bir hissəsi miqdarında pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 20 aprel 2013-cü ildə anadan olmuş X3 və 02 yanvar 2018-ci ildə anadan olmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 10 yanvar 2024-cü il tarixdən X11 və X13 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar