Məhkəmə qərarları › İş №2(125)-1367/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1367/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1367/2025 13.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə nikahlarını qeydə aldırmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə X5 anadan olmuşdur. Həmin şəxslər nikaha girdikdən bir müddət sonra xarakterləri fərqli olduğuna görə aralarında mübahisələr yaranmış və münasibətlər pisləşmişdir. Buna görə İddiaçı Cavabdeh ilə aralarında olan nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3326/2024 nömrəli qətnaməsi əsasında tərəflər arasında olan nikah pozulmuş, Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin xeyrinə tutulması qət edilmişdir. İddiaçı «Xəzər» universitetində əyani təhsil alır və Bakı şəhərində aylıq 500 manata kirayə mənzildə yaşayır. Hazırda İddiaçı himayəsində Cavabdehla birgə nikahdan doğulmuş uşaq olduğuna görə işləyə bilmir. Halbuki, İddiaçı himayəsində azyaşlı uşaq olmasa ali təhsil tələb olunmayan işlərdə, məsələn satıcı, kassir, dərzi və s. işlərdə işləyə və öz maddi təminatını ödəyə bilərdi. Bununla belə Cavabdeh təyin olunan alimentdən başqa İddiaçı heç bir maddi yardım göstərmir. Buna görə də İddiaçı uşağın 3 yaşına çatanadək saxlanması üçün aliment təyin edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Z.M.Hüseynova iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3326/2024 nömrəli qətnaməsi əsasında tərəflər arasında olan nikah pozulmuş, Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. K.Cavabdeh aylıq əmək haqqı 2.500 manat olduğundan, həmin məbləğə mütənasib qaydada İddiaçı hər ay 625 manat aliment ödəyir. Bundan başqa tərəflər birgə nikah dövründə olduğu müddət ərzində Cavabdeh "xxxx" ASC-dən 20.000 manat məbləğində kredit götürmüşdür və aylıq 592 manat məbləğində ödəniş edir. İddiaçı iddiası əsassızdır və təmin edilə bilməz. Belə ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün təyin olunan alimentin məbləği kifayət qədər yaxşıdır, həm həmin uşağın, həm də İddiaçı maddi tələbatını ödəyir. Sonda Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3326/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-7/2-H-9386/2025 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və məşğulluq» altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 11.1-ci maddəsinə görə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 345 manat həddində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) bir-birinə qarşı aliment tələbi hüququ vardır. Lakin işə baxan məhkəmə yalnız aliment tələb edən ərin (arvadın) maddi imkanının olmadığını və aliment vermək vəzifəsi olan ərin (arvadın) buna zəruri vəsaitə malik olduğunu müəyyən etdikdə həmin iddia tələbi əsaslı hesab edilə bilər. Hazırki halda tərəflər xx.xx.2022-ci il tarixdə nikaha girmiş, onlar arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3326/2024 nömrəli qətnaməsi ilə pozulmuş və birgə nikahdan xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 nikahın pozulmasından sonra İddiaçı yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-7/2-H- 9386/2025 nömrəli arayışla İddiaçı işləmədiyi, cavabdehin nümayəndəsi Nümayəndə izahatı ilə Cavabdeh hərbi qulluqçu olmaqla, hər ay 2.500 manat məbləğində əmək haqqı aldığı təsdiq edilir. Göründüyü kimi mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə İddiaçı maddi imkanının olmadığı və Cavabdeh isə buna kifayət qədər maddi imkanının olduğu müəyyən edilir. Buna görə də məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələbini və mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 3 yaşınadək sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,19 misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 3 yaşınadək sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,19 (sıfır tam yüzdə on doqquz) misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin olunmasın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar