Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1400/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, X3 Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı X2 cavabdeh X1 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 09 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 25 dekabr 2011-ci il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. İş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)- 776/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30 aprel 2009-cu il tarixdə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 09 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 25 dekabr 2011-ci il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşağın nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılmaları və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında alimentinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 10 may 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh qaraciyərin fibrozu və serrozu xəstəliyindən müalicə olunmuşdur və əmək qabiliyyətli olmaqla, yüngül işlərdə işləyə bilər. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 09 fevral 2010cu il tarixdə doğulmuş X4 və 25 dekabr 2011-ci il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 800 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından 09 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 25 dekabr 2011-ci il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-776/2023 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin vaxt Cavabdeh “Ekspress Bank”ın bank müdiri işləyir və aylıq 5000 manat məbləğində əmək haqqı alırdı. Lakin, ona yüksək məbləğdə aliment verməmək üçün cavabdeh işdən çıxmışdır. Hazırda cavabdehin daimi iş yeri yoxdur, başqa yaxşı işi var və onun maddi vəziyyəti çox yaxşıdır. Ona görə də iddaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı nümayəndəsi, Vəkil iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, hər uşaq üçün hər ay 150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Belə ki, özü qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkir və tam əmək qabiliyyətli deyildir. Odur ki, xəstə olmasının nəzərə alınmasını və hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçının nümayəndəsi olan vəkili və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin əvvəlki-06 iyun 2023-cü il tarixli, 2(125)-776/2023 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin ödəniş qaydası dəyişdirilməli, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlayaraq 09 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 25 dekabr 2011-ci il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 200 (iki yüz) manat (iki uşaq üçün hər ay cəmi 400 manat) sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 800 manat aliment tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğində alimenti ödəmək üçün maddi imkanının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə məhkəmədə izahat verərəkən hər uşaq üçün hər ay 150 manat məbləğində aliment ödəməyə maddi imkanı çatdığını bildirmişdir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, Cavabdeh qaraciyərin fibrozu və serrozu xəstəliyindən müalicə olunmuşdur və əmək qabiliyyətli olmaqla, yüngül işlərdə işləyə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Аilə Məcəlləsinin 78-ci maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, alimentin iddiaçının tələbinə uyğun olaraq sabit pul məbləğində tutulmalı olmasını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia alimentin sabit pul məbləğində tutulması barədə, yəni alimentin müəyyən edilən məbləğinin dəyişdirilməsi barədə deyil, məhz yeni qaydada tutulması barədə qaldırıldığından, alimentin tutulmasının başlanması da iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 105 manat xərc (İMS və barışıq sazişi) ödənilmişdir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (400 manat x 12 ay)=4800 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 68 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 68 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-776/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödəniş qaydası dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 09 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 25 dekabr 2011-ci il tarixdə doğulmuş X5 adlarında yetkinlik yaşına çatmayan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 200 (iki yüz) manat (iki uşaq üçün hər ay cəmi 400 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi 23 yanvar 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasına ödənilmiş xərcin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1400/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1400/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver