Məhkəmə qərarları › İş №2(125)-1407/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1407/2025

15.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1407/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-Uşaq bağçası) qarşı əmək haqqına əlavə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin sentyabr ayından ona ödənilməli əmək haqqına əlavə olunan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixi gününə düşən 32 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 2006-cı ildən hazıradək Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o işdə olduğu halda həmin gün guya işdə olmadığı üçün bir günlük əmək haqqı saxlanmışdır. Müvəqqəti müdir vəzifəsini icra edən X2 vəzifəsindən sui-istifadə edərək “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1997-ci ilin Təlimatında göstərilən ona çatası olan 15 faiz pulu 2023-cü ilin sentyabr ayından kəsmişdir. İşəgötürən heç bir əsas olmadan əmək qanunvericiliyinə zidd olaraq 15 faiz əlavə pulu ondan kəsmişdir. Əmrdən çıxarışda göstərilən gün o, işdə olmuş və əmrdən çıxarışda heç bir qanuna istinad edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, o, 2006-cı ildən hazıradək Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində orta qrupda işləyir. 3 ay müddətində əmək haqqına əlavə olunan 15 faiz pulu, yəni 75 manat pul vəsaitini alsa da, sonradan onun verilməsi dayandırılmışdır. Hazırda həmin əmək haqqına əlavə olunan 15 faiz pulun hansı əsasla dayandırılmasını bilmək istəyir. Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-Uşaq bağçasının müdirinə müraciət etdikdə o bu məsələnin onunla əlaqədar olmadığını bildirmişdir. 2-3 aydır ki, əməkhaqqında artım olmuşdur, hazırda 714 manat əməkhaqqı alır. Bağçada böyük, orta və kiçik qruplar olmaqla, 3 qrup fəaliyyət göstərir. 1-2 yaşlı uşaqlar kiçik qrupda, 3-4 yaşlı uşaqlar orta qrupda, 5 yaşlı uşaqlar isə böyük, yəni məktəbəqədər qrupda təhsil alır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, iddiaçı 2023-cü ilin sentyabr ayınadək 690 manat əmək haqqı alsa da, həmin vaxtdan etibarən iddiaçının əmək haqqına əlavə olunan 15 faiz pul kəsildiyi üçün 75 manat daha az əmək haqqı almağa başlamışdır. İddiaçı Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq bağçasının müdirinə müraciət etsə də, o 75 manatın kəsilməsi ilə bağlı əmr vermədiyini bildirmişdir. 24 fevral 2024-cü il tarixdə Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq bağçasında monitorinq aparılan zaman iddiaçı işdə olduğu halda 5 dəqiqə ərzində işdən çıxıb qayıtdığı üçün iddiaçının həmin gün işdə olmadığı qənaəti ilə birgünlük əmək haqqı dövlət hesabına saxlanılmışdır. Cəmi 5 dəqiqə üçün iddiaçının birgünlük əmək haqqı kəsilmişdir. Ümumiyyətlə monitorinq aparılması üçün gələn qrupun akt tərtib etmək səlahiyyəti olmamışdır. 1997-ci ilin Təlimatına əsasən uşaq bağçası-körpələr evində bütün qruplarda işləyən pedaqoji işçilərə, həmçinin orta qrupda işləyən iddiaçıya əməkhaqqının 15 faizi miqdarında artım şamil olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1997-ci ilin Təlimatına əsasən ümumi tipli internatlarda, lisey, gimnaziyalarda, müəllif məktəbində, körpələr evində (uşaq bağçası-körpələr evində körpə qruplarda) işləyən pedaqoji işçilərinin əməkhaqqı stavka və vəzifə maaşlarının 15 faizi miqdarında artırılır. İddiaçı 2023-cü ilin sentyabrından bugünədək orta qrupda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərir. Həmin 15 faiz artım məhz bu səbəbə görə iddiaçıya şamil olunmur. Bu məsələ isə əmrlə yox, təlimatla tənzimlənən məsələ olduğundan hər hansı əmrin verilməsinə ehtiyac yoxdur. Cavabdeh əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə səhər saatlarında Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq bağçasında monitorinq aparılan zaman iddiaçı iş vaxtı iş yerində olmamış, sonradan zəng olunandan sonra tələsik şəkildə işə gəlmişdir. Həmçinin heç bir təlimatda qeyd olunmamışdır ki, işçi özbaşına şəkildə iş vaxtı 5 dəqiqəlik də olsa, idarəni tərk edə bilər. Məhz buna görə də Cavabdeh əməkdaşları tərəfindən akt tərtib edilərək əmrləşdirilmiş və iddiaçının birgünlük əməkhaqqı kəsilmişdir. Bir daha qeyd edir ki, Bağçada 3 qrup - böyük, orta və kiçik qruplar fəaliyyət göstərir. Kiçik qrupda olan uşaqlara qulluğa görə tərbiyəçilərin əmək haqqı və vəzifə maaşlarına 15 faiz miqdarında əlavə pul verilir. İş üzrə mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-Uşaq bağçasına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçası üzrə 26 fevral 2024-cü il tarixli 07 nömrəli əmrdən çıxarışdan görünür ki, 24 fevral 2024-cü il tarixdə işdə olmadığı üçün İddiaçı bir günlük əmək haqqı dövlət hesabına saxlanılmışdır. Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasının 03 nömrəli, xx.xx.2024-cü il tarixli iddiaçıya cavab məktubunda iddiaçının müraciətinin araşdırıldığı qeyd edilmiş, araşdırma ilə əlaqədar bildirilmişdir ki, 2024-cü il fevral ayının 24-də Cavabdeh əməkdaşları tərəfindən yoxlama zamanı iddiaçı iş vaxtı işdə olmadığı üçün əmək haqqı saxlanılmışdır. 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral aylarından iddiaçının əmək haqqından 15 faiz tutulan pul barədə Daşkəsən Təhsil İdarəsinin mühasibatlıq şöbəsinə müraciət etməyi tövsiyyə olunmuş, 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral aylarında iddiaçıya ödənilən əmək haqqı orta yaş qrupu üzrə tərbiyəçi vəzifəsinə uyğun ödənilmişdir. İş materiallarında olan Cavabdeh Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçası tərəfindən Daşkəsən rayon təhsil üzrə sektorunun müdiri Vüsal Cəfərova ünvanlanmış 10 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan və Cavabdeh müdir müavini cənab Rövşən Kərimova ünvanlanmış Daşkəsən şəhər 5 nömrəli Körpələr eviuşaq bağçasında çalışan tərbiyəçilər barədə xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasında çalışan tərbiyəçi İddiaçı ştat vahidi 1,17 vahid olmaqla, qrupun növü orta qrupdur. Qafarova X3 şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasının müdir əvəzi G.Əkbərova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral aylarının əməkhaqqından 15 faiz tutulan pul barədə əmrin və 2024-cü ilin fevral ayında ondan tutulan 31 manat haqqındakı əmrin surətinin ona verilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, dəfələrlə deməsinə baxmayaraq həmin əmrlərin surəti 3 gün ərzində ona verilməli olduğu halda bugünə kimi verilməyərək qanun pozuntusu edilmişdir. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya təşkilatının 13 may 2024-cü il tarixli MŞG/MT033/2024-00206 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı ənək haqqının saxlanılmasında dayandırılması tələbinə dair üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Daşkəsən şəhəri 5 saylı Körpələr-evi Uşaq bağçasının müdir əvəzi X2 13 may 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarından görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq bağçasına və Cavabdehnə qarşı “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” Təlimatda göstərilən maaşın 15 faizinin və bir günlük əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, iddiaçının 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə isə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2362/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-425/2024 nömrəli qətnaməsinin tamamilə ilə ləğv edilməsi, İddiaçı cavabdehlər Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq bağçasının müdiri X1 və GəncəDaşkəsən Regional Təhsil İdarəsinə qarşı “2023-cü ilin sentyabr ayından ona verilməli olan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixində gününə düşən 32 manatın ona qaytarılması” tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olubolmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasında kiçik, orta və böyük yaş qrupları fəaliyyət göstərir. İddiaçının izahatına görə Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasında işə qəbul olunandan hazırkı vaxtadək orta yaş qrupu üzrə tərbiyəçi vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli Qanununun 14.15-ci maddəsinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin Qanunun 36.1-ci maddəsinə görə, dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, məktəbəqədər təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 8.2-ci maddəsinə görə məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.3-cü maddəsinə əsasən məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. 11.10-cu maddəsinə görə məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir. 22.3-cü maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məktəbəqədər təhsil müəssisəsində orta yaş qrupu üzrə işləyən tərbiyəçilərə əmək haqqının 15 faizi miqdarında əlavənin ödənilməsi qaydası nəzərdə tutulmamışdır. Bununla belə, iddiaçı tələbində “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1 yanvar 1997-ci il tarixdən tətbiq olunmuş Təlimata əsaslanır. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin Təlimat “Təhsil haqqında” Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Qanununun icrası ilə bağlı qaydaları müəyyən etmişdir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009cu il tarixli Qanunu qüvvəyə mindiyi tarixdən əvvəlki Təhsil Qanunu qüvvədən düşmüşdür. Qüvvədən düşmüş qanunun icrası ilə bağlı olmuş Təlimatın qaydaları aid olduğu qanun qüvvədən düşdükdən sonra tətbiq olunmur. Bundan başqa, məhkəmə iddiaçının Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçası üzrə 26 fevral 2024-cü il tarixli 07 nömrəli əmrinin iddiaçıya aid hissədə mübahisələndirmədən əmək haqqının bərpasını tələb etməsinə aid aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Belə ki, müəyyən iş gününə görə əmək haqqının ödənilməməsi intizam tənbehi deyildir və yaxud əmək haqqından tutma sayılmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində intizam təbehlərinin növləri göstərilmişdir. Həmin intizam tənbehləri sırasında əmək haqqının ödənilməməsi tənbeh növü mövcud deyildir. Həmçinin Əmək Məcəlləsinin 175-ci maddəsində əmək haqqından tutulmaya yol verilən hallar göstərilmişdir ki, bu məsələ həmin hallar sırasında yer almamışdır. Lakin, Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən işəgötürən iş vaxtının uçotunu aparmağa borcludur. Ona görə də işçilərə ödənilən əmək haqqı bu uçot əsasında həyata keçirilir. Əməyi vaxtamuzd sistem əsasında ödənilən işçinin əmək haqqı ay ərzində olan iş saatlarına görə hesablanıb ödənilməlidir. İşçinin işdə olmadığı saatlar olduğu halda, işdə olduğu saatlar müvafiq cədvəl əsasında rəsmiləşdirilməklə işçilərə həmin saatlara görə əmək haqqı hesablanmalıdır. İşçinin işdə olmadığı saatlar iş vaxtının uçotu nəticəsində bəlli olduğundan ona işləmədiyi saatlar çıxılmaqla əmək haqqı hesablanması mümkündür. Yəni, bu məsələ ayrıca əmr verilmədən də həll edilə bilər. Odur ki, əmrin mövcudluğu mübahisəyə baxılmasına mane olmur. İşin hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə, səhər saatlarında Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq bağçasında monitorinq aparılan zaman iddiaçının işdə olmadığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Aktın tərtib edilmə saatı göstərilməmiş, yoxlamanın nə qədər vaxt ərzində davam etməsi təsdiqini tapmır. Bu akt əsasında iddiaçıya həmin tarixə görə bir günlük əmək haqqı ödənilməmişdir. Göründüyü kimi, işçi bütün gün ərzində deyil, təhsil idarəsinin əməkdaşları səhər saatlarında uşaq bağçasına gələn vaxt iş yerində olmamışdır. İddiaçı izahatında bildirmişdir ki, yaşadığı evin açarını oğluna vermək üçün çıxmış və təqribən beş dəqiqədən sonra qayıtmışdır. Uşaq bağçasının müdiri isə onun saat 10-11 radələrində işə gəldiyini bildirir. Hər bir halda işçinin bütün gün ərzində işdə olmaması təsdiqini tapmır. Belə olan vəziyyətdə işçinin neçə saat ərzində işdə olmaması tam dəqiqliyi ilə müəyyən edilməklə işçinin əmək haqqı həmin saatlara uyğun saxlanıla bilərdi. Bu şərtlə ki, bu hal üzürsüz səbəbdən yaranmış olsun. Həmçinin işçinin iş yerində olmamasının üzürlü, yaxud üzürsüz səbəblərdən baş vermiş olması araşdırılmamışdır. Beləliklə, öncə işçinin iş vaxtının hansı saatlarında iş yerində olmaması tam dəqiqliyi ilə müəyyən olunmalı, bunun səbəbləri öyrənilməli və bundan sonra müvafiq tədbirin görülməsi məsələsinə baxılmalı idi. Cavabdeh əməkdaşlarının Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq bağçasına gələn zaman hər hansı bir işçinin iş yerində olmaması işçinin gün ərzində işdə olmaması anlamını vermir. Məhkəmə qeyd edir ki, işçi həddən artıq qısa müddət ərzində işdə olmadığını bildirir, belə olan vəziyyətdə onun nə qədər vaxt ərzində işdə olmamasını işəgötürən sübut etməlidir. Lakin, işəgötürən bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Əmək Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərinə əsaslanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü ilin sentyabr ayından ona ödənilməli əmək haqqına əlavə olunan 15 faiz pulun ödənilməsi hissədə iddia təmin edilməməli, bir günlük əmək haqqının ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilərək İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqı ona ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar