Məhkəmə qərarları › İş №2(125)-1444/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1444/2022

06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1444/2022 06.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahlarından 13 yanvar 2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli, 2(043)- 1045/2013 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş X2 ananın himayəsində saxlanılması qət olunmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(043)- 1919/2012 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ailə münasibətlərindən irəli gələn mübahisə üzrə iddiaçı müraciət etdikdən iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli, 2(043)-1919/2012 saylı qətnaməsi ilə Cavabdeh qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasına xitam verilərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 13 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiyaya ödənilmiş 50 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh son bir ilə kimi müddətdən artıq hərbi qulluqçu işləmiş və normal əmək haqqı almışdır. Hazırda cavabdeh işdən çıxmışdır və başqa işlə məşğul olur, onun rəsmi əmək haqqı 300 manat təşkil ediri, onun ¼ hissəsi olan 75 manat uşağın saxlanılmasında azlıq edir. İddiaçı cavabdehə uşağın saxlanılması üçün əlavə pul ödəməsini bildirsə də, o, müraciətlərinə əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, digər nikahdan onun iki övladı var və onlardan biri böyrək xəstəliyindən əziyyət çəkir. Hazırda 300 manat əmək haqqı aldığını, 13 yanvar 2012-ci il təvəllüdlü Hüseyn Pənahinin saxlanılması üçün 75 manat aliment ödəyə biləyəciyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Hüseyn adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Həmin uşaq hazırda iddiaçının himayəsində yaşayır. İddiaçı bundan əvvəl cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, həmin tələbdə alimentin cavabdehin qazancının müəyyən hissəsi şəklində tutulması xahiş olunmuş və iddia tələbi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdehin daimi qazanc əldə etdiyi iş yeri olduğundan onun qazancının 1/4 də bir hissəsi miqdarında tutulması qət edilmişdir. Hazırda isə cavabdeh əvvəl işlədiyi iş yerində (hərbiçi) işləmədiyindən, başqa işdə işlədiyindən və həmin iş üzrə qazancının və digər gəlirlərinin 1/4 də bir hissəsi miqdarında tutulan alimentin məbləği azalmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsini və sabit pul məbləğində tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Bu qaydada kənara çıxmağa yalnız Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və alimentin sabit pul məbləği ilə tutulmasına dair tələb edən şəxsin xahişi olduqda yol verilir. Beləliklə qanunvericilikdə alimentin sabit pul məbləği ilə tutulmasının əsası kimi tələb edən şəxsin xahişinin olması mütləqdir. Hazırda iddiaçı alimentin sabit pul məbləği ilə tutulmasını istədiyi üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən tərəflərin birgə yaşayışlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, bunlardan başqa, cavabdehin hazırkı aylıq əmək haqqının 300 manat təşkil etməsini, digər nikahdan 2 övladının doğulmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(043)-1919/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar