Məhkəmə qərarları › İş №2(125)-1450/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1450/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1450/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurmuş olduğu mənəvi ziyan kimi 5000 manat pulun alınması və cavabdehin onun barəsində yaymış olduğu yalan məlumata görə üzr istəməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun barəsində polisə ərizə yazıb onun cavabdehi öldürməklə hədələməyini yazıb, cəzalandırılmağını istəmiş, aparılmış araşdırma ilə bu faktın yalan olması sübuta yetirilməmişdir. Cavabdeh onun yoldaşının iddiaçıya məxsus 4 ədəd maşını mənimsəyib pulunu vermədiyi üçün pulunu tələb etdiyinə görə ona təzyiq etmək üçün iddiaçıya şər və böhtan atır. Cavabdehin onun barəsində yaydığı şər, böhtan xarakterli məlumata görə o keçmiş polis işçisi kimi özünə gələ bilmir. Bu hadisədən sonra əsəb xəstəsi olub, mənəvi sarsıntılar keçirmişdir. Ona görə də hesab edir ki, cavabdehdən ona vurduğu mənəvi ziyan kimi 5000 manat tutulub ona ödənilməlidir. Həm də cavabdeh ona qarşı etdiyi hərəkətə görə üzr istəməlidir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş və əlavə etmişdir ki, İddiaçı ona qarşı şərəf və ləyaqətin alçaldılması ilə bağlı iddia qaldırmış və ondan 5000 manat pul tələb etmişdir. İddia ərizəsində həm maddi həm də mənəvi ziyanla bağlı məsələyə toxunulur. Lakin maddi zərərin nədən ibarət olması iddia ərizəsində əsaslandırılmamışdır. Bundan başqa, əldən çıxmış fayda ilə bağlı da məsələ göstərilsə də, əldən nəyin çıxmasına dair heç bir fikir iddia ərizəsində öz əksini tapmayıb. İddiada onun verdiyi ərizə ilə bağlı ölümlə hədələnməyinin öz təsdiqini tapmamaqla bağlı fikirlər isə əsassızdır. Belə ki, onun şikayətində olan xüsusatlar üzrə sadəcə ölümlə hədələməninin real olmadığı əsas gətirilib cinayət işinin başlanması rədd edilib. Bu isə iddiaçının dediyi kimi yalan olmaq anlamına gəlmir. Hətda həmin qərarda onun mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib. Bundan başqa, həmin qərarda münaqişəli qonşu kimi qeydiyyata alınmaları göstərilib. Bu da onu deməyə əsas verir ki, onun etdiyi şikayət heç də yalan olmamışdır. İddia ərizəsində iddiaçı tərəf dediklərini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İddia ərizəsində göstərib ki, keçmiş polis əməkdaşı olduğu üçün özünə gələ bilmir. Eyni zamanda, həmin hadisədən sonra əsəb xəstəsi olmağını bildirib. Buna dair heç bir sübut təqdim etməyib. Keçmiş polis əməkdaşı olması ilə özünə gələ bilməməyin hansı əlaqəsinin olmasını göstərməyib. İddia ərizəsində onun tərəfindən edilmiş şikayətin yalan olmasının sübuta yetirilmədiyi də öz əksini tapmışdır. Bu da bir daha təsdiq edir ki, verdiyi şikayət əsaslı olmuşdur. Bundan başqa, iddiaçı hansı səbəbə görə məhz 5000 manat təzminat tələb etməsini əsaslandırmayıb. Hesab edir ki, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə etdi ki, cavabdehin həyat yoldaşı onun maşınlarını satmışdır, hazırda sözügedən məsələ ilə əlaqədar cinayət işi var, həmin işə Baş Prokurorluqda baxılır, ondan dəfələrlə şikayət edilir, həmin qərarlardan yalnız ikisini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi, əlavə etdi ki, iddiaçının onun əri ilə öz aralarında pul məsələsi var, iddiaçı dəfələrlə onu və uşaqlarını hədələyib, onun maşını hazırda iddiaçıdadır. Məhz buna görə də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişdir. İddiaçı maşını sürmək adı ilə götürüb, geri qaytarmayıb. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilən Şahid ifadəsində bildirdi ki, iddiaçı ilə birgə işləmişdir, cavabdehi, onun atasını tanıyır, atası dəfələrlə məhkum olunmuşdur, cavabdeh ona zəng edərək onu nalayiq sözlərlə təhqir etmişdir, halbuki o, cavabdehin yoldaşına zamin duraraq ona köməklik etmişdir, cavabdeh dəfələrlə ondan da Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişdir, cavabdehlə iddiaçı arasındakı problemlərinin ona heç bir dəxlisi yoxdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin hazırki iş üzrə iddiaçının müraciəti əsasında toplanmış HK-1/1121 nömrəli rədd materialına əlavə edilmiş təhqiqatçı X1 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 3-cü PB-yə ərizə ilə özü müraciət etdiyini, ərizədə qeyd olunan imzanın özünə məxsus olmasını, Vaqif və Şahin adlı şəxsləri tanıdığını, Vaqifin onunla qonşu binada yaşadığını, Vaqif və Şahin adlı şəxslərin onu nalayiq ifadələrlə təhqir etdiklərini, Vaqifin onu sözlə öldürməklə hədələdiyini, Vaqifin yaşadıqları ünvanda uşağını nəlayiq ifadələrlə təhqir etdiyini, həmçinin zəng edərək ona şər böhtan atdığını, ailəsinə qarşı təhqiredici sözlər dediyini, Vaqif və Şahin adlı şəxsləinr onu sadəcə sözlə öldürməklə hədələdiklərini, həmin zaman onların əlində silah, silah qismində hər hansı bir əşya, soyuq silah, soyuq silah qismində hər hansı bir əşya olmadığını, əsas tələbinin təhlükəsizliyinin qorunması olmasını bildirmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında Cavabdeh onun barəsində etmiş olduğu müraciətlə tanış olduğunu, Cavabdeh tanıdığını, Cavabdeh onunla qonşu binada yaşadığını, Cavabdeh ilə əvvəllər düşmənçiliyi olmasa da, Aygünün əri Həsən adlı şəxsin 2022-ci il tarixdə onu aldadaraq 4 ədəd avtomobilini dələduzluq yolu ilə ələ keçirməklə ona 61000 manat maddi ziyan vurmasını, bununla bağlı 2022-ci ilin dekabr ayında Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etdiyini, hazırda onun müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırmanın davam etdirildiyini, Həsən adlı şəxsdən onu aldatması üçün şikayət etdiyinə görə və ona dəymiş ziyanı ödəməsin deyə Həsənin arvadının qəsdlə onun barəsində şər böhtan xarakterli şikayətlər etdiyini, heç vaxt Cavabdeh öldürməklə hədələmədiyini, Aygünün onun barəsində yalan olaraq qərəzli şəkildə şikayət etdiyini, Aygünün dəfələrlə onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinə və bölmələrə şikayətlər etdiyini, həmçinin əri Həsənin adından da onun barəsində Baş Polis İdarəsinə ərizələr yazdığını, Cavabdeh nalayiq ifadələrlə təhqir etmədiyini bildirmişdir. Həmçinin, sözügedən qərarda Cavabdeh qonşusu İddiaçı arasında gələcəkdə baş verə biləcək cinayət və inzibati xətaların qarşısının alınması və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə “münaqişəli qonşu” kimi qeydiyyata alınaraq nəzarət edilməsi məqsədə müvafiq olduğundan qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin aidiyyəti sahə rəisinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin hazırki iş üzrə iddiaçının müraciəti əsasında toplanmış HK-1/14 nömrəli rədd materialına əlavə edilmiş baş təhqiqatçı X2 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə araşdırma zamanı izahatı alınan Cavabdeh göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. X10 onun əridir. Kia K5 minik markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil baş etibarnamə əsasında Həsən Həsənova məxsudur. X5 tanıyır. Belə ki, Həsənin Rəşada borcu olmuşdur. Buna görə də Həsən xx.xx.2023-cü il tarixdə Kia K5 markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Rəşada olan borcunun əvəzinə onun adına keçirmişdir. Lakin avtomobili Rəşada verməmişdir. Həmin avtomobili o, idarə etmişdir. 2022-ci ilin dekabr ayında keçmiş polis işçisi Vaqif adlı şəxs aralarında olan ədavətə görə gəlib özbaşına onun işlədiyi salondan ondan xəbərsiz Kia K5 markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili götürüb aparmışdır. Rəşad buna görə həmin avtomobili axtarışa vermişdir. Lakin sonradan onlar Rəşada olan borcu verdikdən sonra həmin avtomobili notarial qaydada yenidən öz adlarına çevirmişlər. Lakin hazırda həmin avtomobil Vaqif adlı şəxsdədir, Vaqif avtomobili qaytarmır. Vaqifin adına həmin avtomobilə dair heç bir sənəd yoxdur, Vaqif həmin avtomobili qanunsuz olaraq aparmışdır. Həmin avtomobil Rəşad Əhmədovun adınadır, lakin baş etibarnamə ilə ona məxsusdur. Araşdırma zamanı izahatı alınmış X8 göstərmişdir ki, Cavabdeh və X7 tanıyır. Həsən Həsənovun ona 10600 manat borcu var idi. Buna görə də həmin pulun əvəzinə Həsən xx.xx.2022-ci il tarixdə Kia K5 markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun adına keçirmişdir. Lakin avtomobili ona verməmişdir. Sonradan Həsən onun pulunu qaytardığı üçün o, həmin avtomobili baş etibarnamə ilə Həsənin özünə qaytarmışdır. Hazırda həmin avtomobilə dair bütün səlahiyyətləri o, baş etibarnamə ilə Cavabdeh vermişdir. O, həmin avtomobili idarə etməmişdir. O, Vaqif adlı şəxsi tanımır. Araşdırma zamanı izahatı alınmış X10 izahatında Cavabdeh göstərdiyi xüsusatları təsdiqləmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 2022-ci ilin əvvəllərində onunla qonşuluqda yaşayan və əvvəllər tanıdığı Həsən Həsənov onunla söhbət əsasında bildirmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən qaz doldurma məntəqəsini icarəyə götürüb maşın salonu işlədir. Həmin vaxt ona bildirmişdir ki, əgər imkanın olarsa maşın alıb salonda satıb birgə qazanc əldə edə bilər. Bu işlə əlaqədar tanışlarına və dostlarına maddi vəziyyətlə bağlı köməklik göstərilməsini bildirmişdir. X11 birlikdə 61000 manat dəyərində avtomobillər almışlar. Həmin pulların hamısı ona məxsus olmuşdur. 20500 manat dəyərində 2008-ci il istehsalı olan “Santafe” markalı avtomobili Tahir adlı şəxsdən alıb Həsənin salonuna aparmışdır. Bundan başqa Kia Optima markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobili, “Chevrolet Cruze” markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili və Opel Astra markalı avtomobili tanımadığı şəxsdən alıb Həsənin salonuna aparmışdır. Həsən Həsənov 2022-ci ilin dekabr ayında ona bildirmişdir ki, Ceyhun adlı şəxs Kia Optima markalı avtomobili Moskva şəhərində yaşayan oğluna almaq istəmişdir. Ceyhun adlı şəxs onunla telefonda danışaraq Kia markalı avtomobili oğluna almaq istədiyini ona bildirərək Həsən həmin avtomobili satmaq üçün 17500 manat pul istəmişdir, lakin imkanının olmadığından 17000 manat pul düzəltdiyini bildirmişdir. Bir neçə saatdan sonra Ceyhun adlı şəxsin tanışı Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən dost qapısı restoranında 500 manat pul vermişdir. Digər 500 manat pulu isə bir gün sonra Ceyhun adlı şəxs beh kimi vermişdir. Daha sonra Həsən Həsənov ona beh alındığı üçün maşının sürülməməsini bildirmişdir. Bu barədə o, Həsən tərəfindən aldadıldığını bildikdə xx.xx.2022-ci il tarixdə bu barədə Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir. X9 və Ceyhun adlı şəxsin barəsində cinayət işi açılmışdır. Kia optima markalı ** DN *** d.q.n-lı avtomobil onda deyil və harada olması barədə heç bir məlumatı yoxdur. Araşdırma zamanı izahatı alınmış X6 göstərmişdir ki, 2023-cü ilin yaz aylarında əvvəllər tanıdığı Cavabdeh ona bildirmişdir ki, ədikləri maşın salonunda Kia Optima markalı avtomobil var. O da, həmin avtomobilli Moskva şəhərində yaşayan oğluna almaq istəmişdir. Həmin avtomobilin kreditlə satılmasını Aygün ona bildirmişdir. Həmin vaxt Gəncə şəhəri, Univermağın yaxınlığında yerləşən lakin, adını xatırlamadığı Banka gedib avtomobili öz adına etibarnamə alıb idarə etmək istəmişdir. Daha sonra Kia Optima markalı avtomobili Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən avtomobil salonuna aparmışlar. İki gündən sonra həmin avtomobili salondan götürmək üçün getsə də avtomobili salonda görməmişdir. Bununla bağlı daha sonra maraqlandıqda avtomobilin İddiaçı tərəfindən aparıldığını öyrənmişdir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində ifadə edilmiş məhkəmə icraatının həqiqətin müəyyən edilməsi vəzifəsi mütləq həqiqətin deyil, baxılan iş üzrə tərəflərin təqdim etdikləri və məhkəmə tərəfindən araşdırılan sübutlardan irəli gələn hüquqi həqiqətin müəyyən olunmasını nəzərdə tutur. Belə ki, həmin normanın şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı barəsində polis orqanına mütəmadi olaraq şikayətlərlə müraciət etmişdir. İddiaçı iddia edir ki, cavabdeh onun yoldaşının iddiaçıya məxsus 4 ədəd maşını mənimsəyib pulunu vermədiyi üçün pulunu tələb etdiyinə görə ona təzyiq etmək üçün iddiaçıya şər və böhtan atır. Cavabdehin onun barəsində yaydığı şər, böhtan xarakterli məlumata görə o keçmiş polis işçisi kimi özünə gələ bilmir. Bu hadisədən sonra əsəb xəstəsi olub, mənəvi sarsıntılar keçirmişdir. Cavabdeh isə bildirir ki, ona məxsus avtomobili iddiaçı götürüb qaytarmadığından onun barəsində polis orqanına müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Məcəllənin 23.4-cü maddəsinin tələbinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Göründüyü kimi iddiaçı cavabdehin hüquq mühafizə orqanlarına müraciət etməsinə və yalan məlumat verdiyinə əsaslanaraq onun cəmiyyətdə olan şərəf və ləyaqətinə xələl gətirdyini əsas gətirməklə iddianın təmin edilməli olmasını bildirir. Azərbaycan Rspublikası Konstitusyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 saylı qərarının 4-cü bəndinə əsasən qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının onu hədələməsi və s. barədə polis orqanlarına müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Hər bir Azərbaycan Respublikası vətəndaşının öz pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət orqanlarına, eləcə də digər təşkilatlara müraciət etmək hüququ vardır və bu hüquq məhdudlaşdırılmamalıdır. Lakin belə müraciətlərdə və ya şikayətlərdə məlumatlar haqqında müraciət edilən şəxsin şərəf və ləyaqəti ləkələyən və yalan (təhqir, böhtan və.s kimi) məlumatlar olmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin müraciətində iddiaçının şərəf və ləyaqətini ləkələyən və yalan (təhqir, böhtan və.s kimi) məlumatların olmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi şahid də bu barədə hər hansı dəlilə istinad etməmiş, cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələyən konkret hansı ifadə işlətdiyini bildirməmiş, yalnız ümumi sözlərlə cavabdehin ona zəng edərək özünü nalayiq sözlərlə təhqir etdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə, hüququnun pozulmasını zənn edən cavabdehin polis orqanlarına müraciəti iddiaçının şərəf və ləyaqətinə xələl gətirməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi və üzr istənilməsi barədə vəzifə qoyulması hissədə təmin edilməməlidir. İddia tələbinin cavabdehdən onun xeyrinə 5000 manat mənəvi zərərin tutulması hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə araşdırması zamanı cavabdehin polis orqanlarına müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin tələbdən irəli gələn mənəvi zərərin tutulması tələbi təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar