Məhkəmə qərarları › İş №2(125)-1500/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1500/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1500/2023 28.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olan 04 aprel 2003-cü il təvəllüdlü xəstə olan X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 600 aliment pulunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərin) ¼ miqdarda alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 2002-ci ildə el adəti üzrə toy edərək evlənmiş, nikahlarını xx.xx.2002-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 aprel 2003-cü il təvəllüdlü X4 və xx.xx.2009cu il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Qeyd edir ki, ailə qurduqları vaxtın 3- 4 ildən sonra Cavabdeh ona qarşı dəfələrlə xəyanət etmişdir. Ailəsinin dağılmaması üçün qadın olaraq hər əziyyətə susmuş, göz yummuş, döyülmüş, təhqir olunmuş, amma yenə də cavabdehdən ayrılmamışdır. Düşünmüşdür ki, balaları atasız boynubükük böyüməsinlər. Cavabdeh əxlaqsız qadınlarla görüşüb, sonrada gəlib etdiyi əxlaqsızlığı ona demiş, hətta onun gözü qarşısında görüşdüyü qadınlarla görüntülü telefonla danışmışdır. Cavabdeh ona qarşı etdikləri nə kişiliyə, nə insanlığa yaraşan hərəkət deyil. Onu dəfələrlə döymüş, qolunu yandırmış, əşyaları qırmış, evi dağıdaraq getmişdir. O, cavabdehlə evlənərkən Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi, ev 152-yə gəlin köçmüşdür. Valideynləri tərəfindən ona cehiz əşyaları hədiyyə edilmiş, həmin əşyalar gəlin köçdüyü evdə bəzənmişdir. Gəlin köçdüyü gündən bu günə kimi də uşaqları ilə bərabər Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi ev 152-də rəsmi qeydiyyatda olaraq yaşayırlar. Yaşadığı ev üçün Kapital Bankdan kredit pul götürərək və əlavə topladığı 12.000 (on iki manat) məbləğində pulla evi tək, qadın başına təmir etdirmişdir. İşıq, qaz, su çəkdirmiş, pulunu özü ödəmişdir. Cavabdeh əxlaqsız həyat tərzi sürdüyündən vaxt edib evinə, uşaqlarına baxmamışdır. O, tibb bacısı işlədiyi məktəbdən aldığı aylıq əmək haqqı ilə uşaqlarına baxır, bundan başqa da hər ay 170 manat banka kredit ödəyir. X1 xəstədir. Başında kistalar(şişlər) olduğundan öz hərəkətlərinin mahiyyətini dərk etmir. Övladının özündən getmə halları tutduqda saatlarla özünə gəlmir. Xəstə olduğuna görə komissarlıq tərəfindən əsgərliyə aparılmamışdır. Oğlu heç yerdə işləyə bilməz, xəstə olduğundan maddi, mənəvi qayğısına özü qalır. Bu səbəbdən də oğlu İsmayıl yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti yoxdur. Cavabdeh isə hərbiçi olmaqla, 1500 manat əmək haqqı alır və maddi imkanı çox yaxşıdır. Odur ki, Cavabdeh ilə birgə nikahlarından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərin) ¼ miqdarda alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 012859 saylı nikah haqqinda şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X6 nikahlarını xx.xx.2022-ci ildə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 457 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Alnağıyeva soyadı verilmişdir. İşdə olan Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ № 459815 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki evlənərək, xx.xx.2002-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 aprel 2003-cü il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmış, ayrıldıqdan sonra uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. İş materiallarından görünür ki, uşaq iddiaçının himayəsindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, azyaşlı uşaqların saxlanması üçün həm cavabdehin, həm də iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək iddiaçı və cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə, iddiaçının azyaşlı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alır və hesab edir ki, hazırda Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Lakin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən məhkəməyə müraciət edənədək alimentin tutulması üçün tədbirlər gördüyü təsdiqini tapdığından, həmin tarixdən başlayaraq aliment tutulması təmin edilməlidir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 09 yanvar 2023-cü ildən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar