Məhkəmə qərarları › İş №2(125)-1567/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1567/2025

19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1567/2025 19.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən hər ay 300 manat sabit aliment məbləğinin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan üç övladı xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1987-ci il təvəllüdlü X2 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2 anadan olmuşdurlar. Yoldaşı ilə münasibətləri korlandığına görə münasibətləri kəsilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2005-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Maddi vəziyyəti çox aşağıdır, işləməkdə çətinlik çəkir. Həmçinin sağlamlığı ilə bağlı ciddi problemləri vardır. Ürək-damar yollarından əməliyyat keçirməlidir, lakin imkanı olmadığından əməliyyata gedə bilmir. Təqaüd almır. Övladlarından dəstək almaq üçün nə qədər çalışsa da, övladları ona köməklik etməkdən imtina etmişdirlər. Artıq bir neçə ildir ki, onlarla əlaqəsi yoxdur. Oğlanlarının hər ikisi özəl sektorda işləyirlər, maddi imkanları yetərincə yerindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, övladlarının saxlanılması üçün 7 il aliment ödəmişdir. Ürəyində problem olmuş, qonşular ona baxmışdır. Övladlarından borc pul istəmiş, bir aydan sonra 50 manat vermişdirlər. Maddi imkanı olmadığından evi satmaq istəyir, buna görə də qeydiyyatdan çıxmalarını demişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onlara atalıq etməmişdir. 3 dəfə ailə qurmuş, 7 övladı vardır. Hərbi xidmətdən qayıtdıqdan sonra görmüşdür ki, atası anasını və qardaşını evdən çölə atmışdır. Qonşuların da hamısı şahiddir ki, onlar hansı şəraitdə yaşamışdırlar. İddiaçı onlara heç vaxt qayğı göstərməmişdir. İddiaçı özü taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. Buna görə də onlardan aliment tələb etmək hüququ olmadığını göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ailəsinə baxmamış, başqa ailəsi, uşaqları olmuşdur. Uşaq vaxtlarından onlar kirayələrdə yaşamışdırlar. Maddi vəziyyətləri o qədər aşağı olmuşdur ki, məktəbli vaxtlarından qardaşı ilə birlikdə işləmişdirlər. İddiaçı bir ata kimi onların yanında olmamış, onlara baxmamışdır. Buna görə də onlardan aliment tələb etmək hüququ olmadığını göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 068616 nömrəli nikahın pozulmasıhaqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları xx.xx.2007-ci ildə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində pozulmuşdur. Qəbzlərdən görünür ki, İddiaçı 2007-ci ildən başlayaraq hər dəfə müxtəlif məbləğlər 20,30,40 və 60 manat olmaqla aliment ödənişləri etmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-006650 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə, saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı işsiz kimi qeydiyyatda olduğuna dair elektron sənəd təqdim etdiyindən ilkin mediasiya xidmətinin göstərilməsinə görə xərcin ödənilməsindən azad edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı maddi vəziyyətinin aşağı olmasını, işləməkdə çətinlik çəkdiyini, həmçinin sağlamlığı ilə bağlı ciddi problemləri olduğunu iddia edərək cavabdehlərdən onun xeyrinə aliment tutulmasını tələb etmişdir. Cavabdehlər iddia tələbinə qarşı etiraz edərək etirazlarını iddiaçının onlara atalıq etməməsi, onları evdən atması, iddiaçının özünün taksi fəaliyyəti ilə məşğul olması ilə əsaslandırmışdırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Ailə Məcəlləsinin 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Göründüyü kimi, qanunvericilik əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların valideynlər üçün aliment ödənilməsini iki halda şərtləndirmişdir. Birinci hal valideynin maddi yardıma ehtiyacı olması, ikinci hal isə əmək qabiliyyətinin olmaması ilə şərtləndirmişdir. Hazırki işin hallarından görünür ki, iddiaçının maddi yardıma ehtiyacı olsa da, onun əmək qabiliyyətinin olmaması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, iddiaçı əmək qabiliyyətinin itirilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf də iddiaçının taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar