Məhkəmə qərarları › İş №2(125)-1600/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1600/2022

03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1600/2022 03.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Museyib qızının katibliyi, İddiaçı, onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 21 may 2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat və həmin uşağın 3 yaşı tamam olanadək 300 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 avqust 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 21 may 2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat və həmin uşağın 3 yaşı tamam olanadək 300 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 07 avqust 2021-ci ildə nikaha girmiş və onlar nikahlarını qeydə aldırmışlar. Onunla Cavabdeh birgə nikahından 21 may 2022-ci ildə Əliyusif adlı bir uşaq anadan olmuşdur. Lakin 10 iyun 2022-ci il tarixdə onunla cavabdeh arasında olan münasibətlər kəsilmiş və onlar fərqli ünvanlarda yaşamağa başlamışlar. Cavabdehlə onun birgə nikahından doğulmuş uşaq körpədir və onun normal yaşayıb, böyüməsi üçün maddi və mənəvi qayğı zəruridir. Cavabdeh isə birgə nikahdan doğulmuş uşağın heç bir ehtiyacı ilə maraqlanmır və ata kimi həmin uşağın qayğısına qalmır. O, özü də himayəsində azyaşlı uşaq olduğuna görə heç bir yerdə işləyə bilmir və hazırda kirayə tutduğu mənzildə yaşayır. Qeyd olunan səbəbdən də o, özünə görə yaşayış minimumundan az olmayan məbləğdə aliment tələb etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, o, bir müddət əvvəl İddiaçı ilə ailəsinin razılığı olmadan nikaha girmiş və onların birgə nikahından 21 may 2022-ci il tarixdə Əliyusif adlı bir uşaq anadan olmuşdur. Lakin sonradan onlar arasındakı münasibətlər pisləşmiş və ər-arvad münasibətləri kəsilmişdir. Onun özünün bütün maddi təminatlarını əvvəllər valideynləri ödəmiş, İddiaçı ilə nikaha girdikdən sonra isə valideynləri onun maddi təminatlarını ödəməkdən imtina etmişlər. Qeyd olunan səbəbdən də onun özünün hazırda maddi vəziyyəti ağırdır və hətta özünün maddi ehtiyaclarını da çətinliklə ödəyir. Hazırda o, heç bir yerdə işləmir və heç bir qazancı yoxdur. Bundan başqa, birgə nikahdan doğulmuş uşağı saxlamaq yalnız onun deyil, cavabdehin də vəzifəsidir. Buna baxmayaraq, cavabdeh birgə nikahdan doğulmuş uşağı saxlamaq vəzifəsinin yalnız ona aid olduğunu bildirir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 383616 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahlarını 07 avqust 2021-ci ildə Göygöl rayon qeydiyyat şöbəsində qeydə aldırmışlar. İşdə olan AZ-İV seriyalı, 696546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21 may 2022-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 21 may 2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin iddiaçı cavabdehlə ümumi uşaq 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də, məhkəməyə heç yerdə işləməməsini, maddi yardıma ehtiyacının olmasını və həmçinin Cavabdeh ona aliment ödəməyə zəruri vəsaitə malik olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Halbuki, valideynlərin yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq üçün aliment ödəmək öhdəliklərindən fərqli olaraq, ər-arvadın aliment öhdəliklərinin yaranması üçün onların zəruri vəsaitə malik olması zəruri şərtdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından doğulmuş uşağın 3 yaşı tamam olanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasına dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə 15 avqust 2022-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 112.1.3-сı maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə qiymətlənir. «Dövlət rüsumu haqqında» Azərbayсan Respublikası Qanunun 8.1.2-сi maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-сi maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan 39 manat 20 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 21 may 2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 15 avqust 2022-ci il tarixdən X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə nisbətdə dövlət rüsumu qismində 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar