Məhkəmə qərarları › İş №2(125)-1600/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1600/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1600/2024 15.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2010-cu tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2009cu il tarixdə nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2010-cu il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2017-ci il tarixdə X8 adlı 3 uşaq anadan olmuşdur. Cavabdehlə xarakterləri uyğun gəlmədiyi üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onunla Cavabdeh arasında uşaqların saxlanması üçün aliment barədə razılıq olduğuna görə o, həmin vaxt Cavabdeh aliment tələb etməmişdir. Cavabdeh əvvəllər birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün ona maddi yardım göstərsə də, son zamanlar həmin uşaqların saxlanmasına ona heç bir maddi yardım göstərmir. Qeyd olunan səbəbdən də o, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların maddi təminatlarını çətinliklə ödəyir. Buna görə uşaqların saxlanması üçün cavabdehdən aliment alınmasına zərurət yaranmış və o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə gprı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 2622/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 826 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqadan sonra xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 529172 nömrəli, AZ-İİ seriyalı 929518 nömrəli və AZ-İİİ seriyalı 946285 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X7, xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2010-cu tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. 17 oktyabr 2010-cu tarixdə anadan olmuş X2, 27 iyul 2012-ci il tarixdə anadan olmuş X1 və 19 iyun 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 30 yanvar 2024-cü il tarixdən X7, X6 və X8 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar