Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1731/2023 10.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 12 sentyabr 2011-ci tarixdə anadan olmuş X1 və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 12 sentyabr 2011-ci tarixdə anadan olmuş X1 və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 22 avqust 2011-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində nikahlarını rəsmi qaydada qeydə aldıraraq, ailə qurmuşdur. Onların birgə nikahından 12 sentyabr 2011-ci il tarixdə X3 və 02 dekabr 2016-cı il tarixdə X4 adlı 2 uşaqları anadan olmuşdur. Onların maddi vəziyyətləri olduqca ağırdır. Belə ki, o cavabdehlə eyni evdə yaşasa da, sonuncu uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmir. Hazırda ölkədə ərzaq, geyim, məktəb ləvazimatlarının, hazırlıq məşğələlərinin qiyməti dəfələrlə artmışdır. Qeyd olunan səbəbdən də o, cavabdehlə faktiki nikahdan doğulmuş uşağın maddi təminatlarını çətinliklə ödəyir. O, uşaq bağcasında dayyə işləyir və ailələri yalnız onun aldığı cüzi əmək haqqı ilə dolanır. Buna görə uşaqların saxlanması üçün cavabdehdən alimentin alınmasında zərurət yaranmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə gprı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 888085 saylı və AZ-İİİ seriyalı, 877274 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 12 sentyabr 2011-ci il tarixdə və X4 02 dekabr 2016-cı il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı 657141 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında 22 avqust 2011-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində nikah bağlanmışdır və nikahın bağlanması haqqında akt qeydləri kitabında 525 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-ci ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 12 sentyabr 2011-ci tarixdə anadan olmuş X1 və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 08 fevral 2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 12 sentyabr 2011-ci ildə anadan olmuş X1 və 02 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 08 fevral 2023-cü il tarixdən X3 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1731/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1731/2023
10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver