Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1736/2023 04.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdehin vəkili X11 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə təsərrüfat aparmaqla bələdiyyənin qərarı ilə cavabdehin adına işlənmiş layihə əsasında ünvan 1 ünvanda torpaq sahəsində birgə təsərrüfatları hesabına evin inşası üçün çəkilmiş 50000 manat xərcin üzərində 50% pay hüququnu tanımaqla 25000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nigaha daxil olmaqla ailə qurmuş, birgə nigahlarından xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X13oğulmuşdur. Cavabdehlə nigahda olduqları müddət ərzində Bakı şəhəri, Binəqədi şossesi, döngə 2, ev 9 ünvanda torpaq sahəsi alaraq həmin torpaq sahəsində 50.000 manat xərc çəkərək fərdi yaşayış evi inşa etdirmişlər. Həmçinin cavadehlə birgə nigahda olduqları müddətdə bir sıra avtomobillər əldə etmişlər. Həmin avtomobilin üzərində o, cümlədən qeyd olunan ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilmiş xərcin üzərində də payı müəyyən edilməlidir. Cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada mediyasiya qaydasında həll etmək istəsələr də mediyasiya qaydasında mübahsənin həlli mümkün olmamışdır. Cavabdeh tərəf iddiaya etiraz verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onun əsaslandırılmışdır ki, övladı olan Cavabdeh həqiqətən xx.xx.2008-ci il tarixdə İddiaçı ilə rəsmi ailə həyatı qurmuşdur. Onunla birgə yaşayışdan xx.xx.2009-cu il təvəllüd Paşa İmanov və xx.xx.2013-cü il təvəllüd Sadiq İmanov adlarında yetkinlik yaşına çatmamış uşaqları var. İddiaçı iddia edir ki, oğlu Taryel onunla nikah dövründə Binəqədi şossesi, 2-ci döngə, 9 nömrəli ünvanda torpaq alıb, 50.000 manat xərcləməklə orada ev tikdirmişdir. Oğlundan həmin tikintiyə çəkilən xərcin 50 %-ni, yəni 25.000 manat pul tələb edir. İddiaçının bu tələbi aşağıdakı hallara görə əsassızdır. İşin həqiqəti ondan ibarətdir ki, X6 adında şəxs M.Ə.Rəsulzadə Bələdiyyəsindən xx.xx.2004-cü il tarixdə 100 kvm torpaq sahəsi alıb, 2014-ci ilə kimi həmin torpaqda 2 kiçik otaqdan və bir açıq eyvandan ibarət yaşayış sahəsi tikdirib, xx.xx.2015-ci il tarixdə onu 24.300 manata oğluma, əslində isə mənə satmışdır. Razılaşma oğlum Taryelin adma olsa da, həmin məbləğ mənə məxsus olmuşdur. Oğlumun nəinki bu kiçik evi almağa, heç ailəsini dolandırmağa yetərli pulu olmamış, Belə ki, bazan və mənzil kirayə haqqı çox baha olan Bakı kimi bir şəhərdə kirayələrdə yaşayan, özü də ailə üzvləri tələbə arvadından və 2 oğlan uşağından ibarət olan oğlum Taryelin 700-800 manat aylıq əmək haqqı yalnız ailəsinin bir təhərlə yaşaması üçün yetərli olmuşdur. 2015-ci ilə kimi, yəni əvvəl tələbə, sonra da işsiz olan iddiaçı ilə birgə yaşadığı 7 il müddətində həm hər ay 300-400 manat kirayə haqqı ödəməklə, həm də 4 nəfərdən ibarət ailə saxlamaqla nəinki 24.300 manat, heç 1 manat da toplamaq mümkün deyil, yalnız borclara girmək mümkündür. Evin alınmasına sərf edilmiş həmin məbləğ mənə məxsus olmuşdur. Bu məbləğdən əlavə və oğlumun ailəsinə hər ya bu və ya başqa köməklik göstərmiş, arvadının və uşaqlarının ac qalmalarına imkan verməmişəm. Evi alan vaxtdan oğlum ailəsini ora köçürüb, kirayələrdən yığışmışdır. Təxminən 1 il bundan qabaq özünə həkim işi tapandan sonra İddiaçı oğlumu bəyənməmiş, özünə onun hesabına “parlaq gələcək” qurmaq üçün 50.000 manata ev tikməsi barədə nağıl uydurub, bununla həm də oğlumu maddiyyət məngənəsində boğmaq istəyir. Halbuki cəmi bir sot torpaq sahəsində yerləşən ev hazır alınmış, almandan sonra ora cəmi 100 manat dəyərində 2 plastik qapı qoyulmuşdur ki, onun pulunu da mən vermişəm. İddiaçının ev tikdirməsi barədə sözləri aşkar uydurmadır. İddia ərizəsinin mətnindən və ona əlavə edilmiş sənədlərin siyahısından aydın olur ki, iddiaçı sübutlarla yox, arxasında tam boşluq olan sözlərlə manipulyasiya edir. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi hər biri ayrı-ayrılıda tələbə etiraz edərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-1599/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Gəncə Nikah evində 291 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X4 İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X7 isə Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş ünvan 3 ünvanına dair abonent kartına əsasən **********004 nömrəli abonent kodu, “Azəriqaz” İB tərəfindən verilmiş ünvan 4 ünvanına dair abonent saldosuna əsasən **********00000 nömrəli abonent kodu, "xxxx" ASC tərəfindən verilmiş Bakı şəhəri, ünvan 5 ünvanına dair abunə haqqında məlumata əsasən **********22644 nömrəli abonent kodu Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Həmidə onun qızıdır. Qızı 2015-ci ildə ev almaq üçün kömək istəmiş, o, 15000 manat pulu qızına vermişdir. Kürəkəni Taryelgil isə 10000 manat əlavə etmişdir, həmin pulu yəqin onun anası vermişdi. Həmin evə Taryelin anası, qızı və onun əri getmişdir. Evi aldıqdan sonra təmir etmişlər, demək olar ki, təmir işləri indiyədək davam edir. Təmirdə döşəməni təzələmişlər, sement-suvaq vurulub, divar kağızı vurulmuşdu. Təmir-tikintinin xərci üçün pulu o, vermişdir. Tikintidə iki otağın qarşısı, giriş tikilərək bağlandı. Taryelgil təmir üçün gələn ustaların pulunu verdi. Bundan başqa, qapılar dəyişdirilib, darvaza qalxıb, həyət bərkidildi. Təxmini 10000 manat xərc çəkilmişdir. Qızının Bakı şəhərindəki kirayə yaşadığı evə gedərək pulu orada vermişdir, Taryelin anası da pul verib, iki günə satın alıblar. Taryelgillə aralarında cehiz qarşılığında evin satın alınması və təmir-tikintisi barədə razılaşma olmamışdır. Taryelin maşını var idi, təmir-tikinti üçün yəqin onu satmışdı, işlərə onun pulunu xərcləyirdi. Təmir-tikinti materialları onunla və ya onsuz satın alınmışdır, xərci o, ödəyirdi. Əri təmir-tikinti materialının satın alınması üçün getməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Həmidə onun qızıdır, o, Taryelə qaçaraq evləndiyi üçün münasibətləri soyumuşdu, amma arvadı qızıgilə yardım göstərirdi. Qızıgil üçün kirayə haqqı vermək əvəzinə 15000 manat verib ev almışlar, sonra əsaslı təmir etdirmişlər. 2015-2016-cı ildə 15000 manat o, 10000 manat isə oğlangil vermiş, ev alınmışdır. Ev yarımçıq tikili idi, təxminən 1 il davam edən təmirə 10000 manatdan artıq pul xərcləmişlər. Həmin evin alındığı vaxtdan yerləşdiyi torpaq bələdiyyəyə məxsus idi. Notariat ofisində kassaya 15000 manat köçürüldü, Taryelə etibarnamə verildi, evin yiyəsi də pulu kassadan çıxardı. Notariat ofisində müqavilə imzalanmamışdır. Notariat ofisində ev yiyəsi, Taryel, onun anası, qızı Həmidə və o, olmuşdur, ev sahibinə cəmi 25000 manat pul verildi. Həmin ev 2 otaqlı, qarşısında balaca dəhlizi var idi, sökülüb yenidən tikildi. Hamam, tualet, dəhliz, zal tikildi. Mətbəx əvvəlcədən var idi, sonradan birləşdirildi. Həmin pulu qızına hədiyyə vermişdir. Oğlan maşınını 3000 manata satıb suvaq vurdu, o da töküldü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Taryel ilə 15 ildir həm uşaqlıq və ailəvi dostdurlar. Taryel 2015-2016-cı ildə yeni evə köçmüşdür, onların evə köçməyinə kömək etmişdir. Evin dəqiq ünvanını bilmir, harada yerləşdiyini bilir. Ev 2 otaq idi, balaca həyəti, 1 mətbəx və 1 qonaq otağı var idi. Evin divar kağızları qopmağa başlamışdır, iclas günündən təxmini 10-11 ay əvvəl həmin kağızları dəyişmişlər. Qız evdən gedəndən sonra divar kağızlarını vurmuşlar. Ev köhnə tikili idi. Evi almaq fikri barədə Taryel demişdi, bundan 1-2 ay sonra əşyaları köçürməyə kömək edən evi görmüşdü. Ev köhnə təmirli idi. Onlar köçəndən təxminən 8-9 ay sonrada getmişdi, ev eyni təmirdə idi. Qız evdən köçəndən sonra da ev eyni təmirdə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Taryel onun dostudur, illərdir bir-birini tanıyırlar. Taryelin yaşadığı ev Bakı şəhərində yerləşir, dəqiq ünvanını bilmir. O, hərbçi idi, Bakı şəhərində olduğu vaxt Taryel evə köçməyə kömək üçün çağırıb. O, həmin evə əşyaların köçürülməsinə kömək etmişdir. Təxmini 2015-2016-cı il idi. Ev bir mərtəbəli idi, 2 otağı var idi, onun da qarşısında bala bir ootaq var idi. Təxmini 1 il əvvəl divar kağızı aparıb vurmuşdur. Ev köhnə təmirli idi. Evin ilk gördüyü vəziyyəti ilə sonuncu vəziyyəti arasında fərq yox idi, tikilişində və təmirində heç bir fərq yox idi. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə dəşamil edilir (maddə 1092.1). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092.2) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (maddə 1092.3). Hazırkı iş üzrə iddiaçı ünvan 1 ünvanında həyata keçirilmiş təmir-tikinti işləri üzrə çəkilmiş xərcin yarısının alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının tələbi sonralar aradan qalxmış əsas olaraq birgə nikahlarının pozulması nəticəsində mübahisəli evin təmir-tikintisinə çəkilmiş xərclə cavabdehin əsassız varlanmasına söykənir. Tələbin sübutu kimi iddiaçının təmsilçisinin iddia ərizəsinin məzmununa uyğun izahatı və şahid ifadələri təqdim edilmişdir. Lakin həmin sübutlar bir-birini təkzib edir. Əvvəla, iddia ərizəsində iddiaçı rəsmi nikaha daxil olduqdan sonra mübahisəli ünvanda torpaq sahəsi alaraq orada 50000 manat xərc çəkərək fərdi yaşayış evi inşa etdirdiklərini bildirsə də, həmin ünvanda torpaq sahəsinin mülki qanunvericiylin tələblərinə uyğun olaraq daşınmaz əmlakın alqısatqısına dair tələbləri uyğun olaraq satın alınmasını, orada ev birgə inşa etmələrini və təmirə 50000 manat xərc çəkilməsini təsdiqləyən sübut(lar) təqdim etməmişdir. Bundan başqa, iddia ərizəsində torpaq sahəsi satın alınaraq həmin ünvanda tikinti aparıldığı bildirilsə də, həmin tərəfin sübut qismində təqdim etdiyi şahid ifadələri ilə həmin ünvanda iki otaqdan ibarət evin satın alındığı bildirilmişdir. Habelə, iddia ərizəsində təmir-tikintiyə 50000 manat xərc çəkildiyi bildirilsə də, həmin şahidlər evin əldə edilməsi üçün onlar tərəfindən 15000 manat verildiyi, sonrasında təmirə təxminən 10000 manat xərc çəkildiyi bildirilmişdir. Hətta həmin tərəfin təqdim etdiyi şahid ifadələrinə əsasən, cavabdeh tərəfin evin əldə edilməsi verdiyi bildirilə 10000 manat pul əlavə edildikdə belə (15000+10000+10000=35000) yarısı tələb edilən 50000 manat məbləğ hesablanmır. Bundan başqa, şahid qismində dindirilmiş Kəmalə Əhmədova ifadəsində mübahisəli iki otaqlı ev üzərində təmir və tikinti işləri aparıldığını bildirsə də, şahid qismində dindirilmiş İlham Əhmədov ifadəsində həmin iki otaqlı evin sökülərək yenidən inşa edildiyini bildirmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Kəmalə Əhmədova ifadəsində təmir işlərinin indiyədək davam etdiyini bildirsə də, şahid qismində dindirilmiş İlham Əhmədov ifadəsində mübahisəli evdə təmirin onun alındığı vaxtdan təxmini bir il davam etdyini bildirmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Kəmalə Əhmədova ifadəsində təmir-tikintinin xərci üçün pulu özünün verdiyini, habelə əri İlham Əhmədovun təmir-tikinti materialının satın alınması üçün getmədiyini bildirsə də, şahid qismində dindirilmiş İlham Əhmədov ifadəsində mübahisəli ev üçün təmirin xərci üzrə pulu qızı Həmidəyə hədiyyə verdiyini bildirmişdir. Bundan başqa, şahid qismində dindirilmiş İlham Əhmədov ifadəsində notariat ofisində sahibinə pulun kassadan ödəniş vasitəsilə mübahisəli evin əldə edildiyini bildirsə də, idida tərəf bu halı təsdiqləyən ödəniş haqqında sənəd təqdim etməmişdir. Halbuki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 154-cü bəndinə əsasən, notarius depozitə pul məbləğləri və ya sənədli qiymətli kağızlar qoyan şəxsə ödəniş haqqında sənəd verir. Digər tərəfdən, cavabdeh tərəfdən təqdim edilmiş, hər biri müstəqil qaydada qiymətləndirilən sübut olan şahid ifadələriylə mübahisəli evin köhnə təmirli olması, divar kağızlarının vurulmasından başqa təmir-tikinti işlərinin aparılmadığı müəyyən olunmuşdur. Beləliklə, iddiaçı tərəfin tələbini təsdiqləmək üçün təqdim etdiyi sübutlar bir-birini təkzib etmişdir. Belə olan halda, təmir-tikinti işlərinin aparılması müəyyən edilmədiyi üçün məhkəmənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsaslanaraq, ekspertiza təyin etməsi, habelə iddia sübuta yetirilmədiyi üçün ona qarşı irəli sürülmüş etirazın əsaslılığının yoxlanılması zərurəti yaranmamışdır. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf tələbinin hüquqi əsası kimi ər-arvadın birgə mülkiyyəti, ər-arvadın hər birinin mülkiyyəti və ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi barədə ailə qanunveriliciyinin normalarına, habelə mülkiyyət hüququnun anlayışı və məzmunu, mülkiyyətin müdafiəsi barədə mülki qanunveriliciyinin normalarına istinad etmişdir. Halbuki, mübahisəli evin və (ya) onun yerləşdiyi torpaq sahəsinin tərəflərin və ya onlardan birinin adına birgə nikah dövründə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsini təsdiqləyən sübut təqdim edilməmişdir. Belə olan halda, həmin evin özbaşına tikinti statusu daşıdığı ehtimal olunur, üzərində tikinti aparılmış torpaq sahəsi tərəflərin və ya onlardan birinin mülkiyyətində olmadığından həmin tikintiyə mülkiyyət hüququnun tanınması üçün hazırda hüquqi imkan mövcud deyildir. Belə ki, Mülki Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1736/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1736/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver