Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-182/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və onun vəkili (Göygöl rayon Vəkil Bürosunun vəkili) Vəkil2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (fərdi qaydada fəaliyyət göstərən vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbi barədə iddiasına dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri Cavabdeh ilə birlikdə, birgə nikah dövründə ünvan 1 ünvanda tikdikləri zirzəmidən, 2 yaşayış otağından, zal-eyvandan və digər köməkçi tikililərdən ibarət olan fərdi yaşayış evinin tikintisi üçün çəkdikləri 45000 (qırx beş min) manat pulun ½ hissəsinin cavabdehdən tutulub ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuş və 03 dekabr 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə aralarında olan nikahdan 2 övladı - 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-ci il təvəllüdlü X7 doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikahları pozulmuşdur. Evləndikdən bir müddət sonra cavabdehlə birlikdə onun sənədsiz aldığı ünvan 2 ünvanda ev tikməyə başlamış və həmin evin 1 otağı hazır olduqdan sonra cehiz əşyalarını da həmin evə köçürdərək, cavabdehlə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Həmin ünvanda yaşaya-yaşaya evin digər otağını, çardağını, divar hasarını, darvazasını, sanitar qovşaq və hamam kimi köməkçi tikililərini tikib başa çatdırmışlar. Birgə nikah dövründə bu əmlakı əldə etmələrinə və tikintisini başa çatdırmalarına baxmayaraq, torpaq sahsinin əvvəlki sahibi vəfat etdiyinə görə evi sənədləşdirə bilməmiş və bu səbəbdən də boşandıqdan sonra o, həmin başa çatmış tikilinin mülkiyyət hüququna dair sənədi olmadığına görə əmlakın bölgüsü tələbinə dair iddia qaldıra bilməmişdir. Həmin evə cavabdehlə birlikdə o, və valideynlərinin köməkliyi ilə 45.000 (qırx beş min) manata yaxın pul xərcləmişdir. Bütün xərclərdə və evin tikintisində onun əziyyəti də olmuş, həmçinin qardaşı X11 da usta kimi işləmişdir. O, ilk öncə Gəncə şəhəri Nizami rayon Məhkəməsində evə köçürülmə ilə bağlı iddia qaldırmış və Gəncə Apellyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ilə Sevil Qaziyeva küçəsində yerləşən ünvana uşaqları ilə bir yerdə köçürülməyi təmin edildi və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən qüvvədə saxlanılmışdır. Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində olan evə köçürülməyi təmin edilsə də cavabdeh dəfələrlə buna maneçilik törətməyə başlamış və hazırda da maneçilik törədir. Bu səbəbdən də o, birgə nikah dövründə əldə olunmuş əmlaka çəkilən xərcin bölünüb cavabdehdən alınması tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdehlə birgə nikah dövründə tikdiyi bu ev kürsülü ev olmaqla, yəni 2 mərtəbə olmaqla aşağı hissəsi zirzəmidən ibarətdir, yuxarı hissəsi 2 böyük otaq, 1 eyvan - zaldan, 1 mətbəx otağından, həmçinin hamam, sanitar qovşaq və heyvan saxlamaq üçün tövlədən ibarətdir. Eyni zamanda evin ətrafına daş hasar çəkilmiş və darvazası qoyulmuşdur. Ümumillikdə evə 45.000 (qırx beş min) manatdan çox xərc çəkmişlər. Yuxarıda göstərdiyi səbəblərə görə hesab edir ki, işə baxan məhkəmə bu əmlakın birgə nikah dövründə tikilməsini və çəkilən xərclərin birgə nikah dövründə olmasını nəzərə alacaqdır və evə çəkilən xərclər müəyyən edilməklə, yəni müvafiq ekspert rəyi ilə müəyyən edilməklə cavabdehlə onun arasında bölünəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, o, mübahisəli ünvana 2007ci ildə gəlin gəlmiş, həmin vaxt ünvan 2 ünvanında yerləşən ev yalnız 1 otaqdan ibarət olmuşdur. 2007-2019-cu illərdə birgə vəsait hesabına həmin evin digər otaqları tikilmiş və təmir olunmuşdur. Lakin hansı ildə hansı işlərin görülməsini və hər görülən işə nə qədər vəsait xərcləndiyini dəqiq deyə bilmir. Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(076)-4090/2019 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, bundan sonra mübahisəli ünvana köçürülməsi barədə məhkəmədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. Sonra isə iddiaçı ilə barışaraq faktiki olaraq ərarvad münasibətini davam etdirmişdir. Daha sonra 2021-ci ildə cavabdehlə münasibətləri pisləşdiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi sonradan baxılmamış saxlanılmışdır. O, maddi vəziyyəti və səhhətində problemlər olduğuna görə hazırkı iddia ərizəsi ilə yenidən yalnız 2024-cü ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia müddətini ötürməmişdir. Odur ki, qanunamüvafiq qətnamə çıxarılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (fərdi qaydada fəaliyyət göstərən vəkil) Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən ev iddiaçı ilə cavabdeh evlənməmişdən öncə tikilmiş, onların nikah dövründə isə bəzi işlər görülmüş, həmin işlərin görülməsinə isə İddiaçı heç bir vəsait sərf etməmişdir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan başqa tərəflər faktiki olaraq 2014-cü ilin sentyabr ayından ayrılmışlar. Onların arasında olan rəsmi nikah 01 mart 2023-cü il tarixdə pozulmuş və İddiaçı mübahisəli evə çəkilən xərclərin ödənilməsi ilə bağlı 2021-ci il tarixdə iddia qaldırmışdır. Lakin həmin iş tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən baxılmamış saxlanılmış və iddiaçı 2024-cü ilin avqust ayında yenidən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı həm mübahisəli ünvana gəlin köçdüyü zaman onun heç bir vəsaiti əsasında evdə təmir işləri aparılmadığından, həm də iddiaçı iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Yeniabad kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26 oktyabr 2020-ci il tarixli, 600 nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Şəmkir rayonunun Yeniabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(076)-4090/2019 nömrəli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 03 dekabr 2008-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və 734 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş 27 noyabr 2008-ci il təvəllüdlü Şəhriyar və 11 iyul 2010-cu il təvəllüdlü Şəhla adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(102)- 6395/2019 nömrəli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(044)-4750/2018 saylı qətnaməsi ilə iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızının Cavabdeh, 3-cü şəxs X8 qarşı onun iki uşağı ilə birlikdə Cavabdeh yaşadığı Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 4-cü döngədə yerləşən 66 saylı fərdi yaşayış evinə köçürülməsinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2 (104)-1665/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızının apelyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(044)-4750/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızı 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-cu il təvəllüdlü X7 ilə birlikdə Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 4-cü döngədə yerləşən 66 saylı fərdi yaşayış evinə köçürülmüşdür. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(104)-1665/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 06 iyul 2021-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 2966 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Sevil Qazıyeva küçəsi, döngə 4, mənzil 66 ünvanında qeydiyyatsız yaşayır. xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestri barədə arayışdan görünür ki, Cavabdeh adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(044)- 1993/2021 nömrəli qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti texniki ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 10/5117 nömrəli rəyinin surətindən görünür ki, tədqiqat ünvan 4 ünvanda yerləşən mübahisəli fərdi yaşayış yeri üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün göstərilən tikililərə tərəflərin iştirakı ilə ekspert tərəfindən baxış keçirilərək müvafiq ölçü işləri aparılmışdır. Baxış zamanı, tədqiq olunan fərdi yaşayış evi 1 mərtəbəli olmaqla yaşayış və yardımçı tikililərdən ibarət olduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin tikililəri aşağı səviyyədə təmirli vəziyyətdə olduğu və daxili konstruksiyalarında dik, tamet, taxta, azbes şifer, bud, çay və mişar daşı, lambirin və boya kimi materialların istifadə olunduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinə baxış keçirilən zamanı fərdi yaşayış evinin konstruktiv elementlərinin üzərində müxtəlif ölçülərdə qüsurların (çatlar, boyanın qabarması və.s.) olduğu müşahidə olundu. Tədqiq olunan fərdi yaşayış evində yerləşən tikililərin sahələri aşağıdakı kimi müəyyən edilir. 1 saylı tikilinin sahəsi 31,2 kv.m (4,0x7,8)m, hündürlüyü 2,80m; 2 saylı tikilinin sahəsi 11,9 kv.m (3,95x3,0)m, hündürlüyü 2,80m; 3 saylı tikilinin sahəsi 18,0 kv.m (4,0x4,50)m, hündürlüyü 2,80m; cəmi 61,1 kvadratmetrdir. Rəyin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanında inşa edilmiş yaşayış evində müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından və həmin evin təmirinə dair mülki iş materiallarında smeta sənədləri olmadığından yaşayış evində (2007-2019-cu illərdə) aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Tədqiq olunan tikililərə dair layihə və smeta sənədləri əlavə olduqdan sonra tikintiyə sərf olunan əmək haqqının və materialın ümumi dəyərinin müəyyən edilməsi mümkün ola bilər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(044)- 145/2022 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaşayış evinintikintisi üçün çəkdikləri 45000 (qırx beş min) manat xərcin yarısının ona verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Tərəflərə, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmək hüququ izah edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(044)- 145/2022 nömrəli qərardadının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ərizənin baxılmamış saxlanılmasına dair xx.xx.2022-ci il tarixli, 2(044)- 145/2022 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin mahiyyəti üzrə yenidən baxılması barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 20 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,35 ha torpaq sahəsinin üzərində inşa edilmiş 350 kvadratmetr ümumi sahədən ibarət, 1 mərtəbəli, fərdi yaşayış evinin, tövlənin, hamamın, tualetin hasarın hazırki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-tikinti işlərinin usta fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı xərcinin xx.xx.2024-cü il tarixə real bazar dəyəri 48850 (qırx səkkiz min səkkiz yüz əlli manat) təşkil edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə 2007-ci ildə ailə qurmuş və 03 dekabr 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-ci il təvəllüdlü X7 doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan rəsmi nikah pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2 (104)-1665/2019 nömrəli qətnaməsi ilə iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızının apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(044)-4750/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Ələsgərova (Əliyeva) Günel Şakir qızı 27 noyabr 2008-ci il təvəllüdlü X4 və 11 iyul 2010-cu il təvəllüdlü X7 ilə birlikdə Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 4-cü döngədə yerləşən 66 saylı fərdi yaşayış evinə köçürülmüşdür. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaşayış evinin tikintisi üçün çəkdikləri 45000 (qırx beş min) manat xərcin yarısının ona verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(044)-145/2022 nömrəli qərardadına əsasən həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin iddiaçı yenidən həmin tələblə 19 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddia tələbini qəbul etməyərək iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqədar şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçı mövcud iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olmuşdur. Lakin iddiaçı mübahisəli evə dair konkret hansı məbləğdə xərc çəkməsinə dair sübutlar təqdim etməmişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında olan rəsmi nikah məhkəmə qətnaməsinə əsasən 01 mart 2019-cu il tarixdə pozulsa da, iddiaçı birgə nikah dövründə mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin cavabdehdən tutulması üçün əvvəlcə 02 iyun 2021-ci ildə iddia qaldırmış, yəni iddiaçı həmin dövr üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin iddia ərizəsi sonradan, yəni 09 iyun 2022-ci il tarixdə baxılmamış saxlanmış, iddiaçı yenidən qeyd edilən iddia tələbi ilə 2024cü ilin avqust ayının 19-da məhkəmədə iddia qaldırmışdır. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Cavabdeh isə məhkəmə iclasında iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. İddiaçı birgə nikah dövründə mübahisəli evə dair çəkilən xərcin tutulmasını tələb etməsi barədə hüquqlarının pozulduğunu bildiyi halda, məhkəmədə vaxtında iddia qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Həmin Məcəllənin 381.2-ci maddəsinin tələbinə əsasən əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddiası, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə mülkə çəkilmiş xərcin bölünməsi” tələbinə dair iddiası, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilsin. Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-182/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-182/2025
21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver