Məhkəmə qərarları › İş №2(125)-1949/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1949/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1949/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa gorə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan iki uşaq - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü X3 doğulmuşdur. Uşaqlar hazırda iddiaçı ilə birgə yaşayırlar. İddiaçı bundan əvvəl də cavabdehə qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmuş, qətnamə icraya yönəldilmişdir. Lakin iddiaçının müraciəti əsasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ayxan Mənsurlunun xx.xx.2021-ci il tarixli qərarı ilə sözügedən icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar və birgə nikahlarından iki uşaqları - Rəna və Nuray doğulmuşdur. Ailə qurduqları gündən 2019-cu il tarixədək çox xoşbəxt olmuşlar. 2019-cu ilin yay aylarında ona xəyanət etdiyi üçün cavabdehlə faktiki ayrılsa da sonradan cavabdehin yalvarışları nəticəsində onunla barışmışdır. Lakin cavabdeh sonra yenə ona xəyanət etmişdir. xx.xx.2023-cü il tarixdən cavabdehlə ayrı yaşayırlar. Bu müddətdə cavabdeh nə iddiaçıya, nədə ki, uşaqlarına hər hansı maddi və mənəvi köməklik etməmişdir. İddia tələbinə görə cavabdeh “Veysəl oğlu” firmasında satış müdiri və bölgə müdiri vəzifəsində işləyir. Onun qeyri-rəsmi gəliri aylıq 2000 manat civarındadır. Məhkəmə baxışında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhvə yol verdiyini bildirərək iddia tələbinin təmin edilməsini, iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa gorə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək birgə nikahdan olan uşaqlarının anasının yanında qalmasına razı olduğunu, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 200 manat aliment ödəyə biləcəyini qeyd etdi və iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Rəna və Nuray İsayevaların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində uşaqların anasının yanında qalması ilə bağlı mübahisələrinin olmadığını, iki uşağının saxlanılması üçün ondan hər ay cəmi 200 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 63,2 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar