Məhkəmə qərarları › İş №2(125)-1960/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1960/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1960/2023 28.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverti qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin mediasiya xərci olan 50 manat pulun onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə ailə quraraq nikahlarını xx.xx.2022-ci ildə Gəncə «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmışlar.Birgə nikahlarından xx.xx.2022-ci ildə Alisa adlı uşaqları anadan olmuşdur. Bir müddət münasibətləri normal olsa da son vaxtlar münasibətləri kəskinləşmişdir. Təxminən 5 aya yaxındır ki, ayrılmışlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Cavabdeh işləməsinə baxmayaraq, ayrıldıqları müddət ərzində ailəyə baxmır, uşağın saxlanımasında maddi köməklik göstərmir. Uşağını valideynlərinin köməkliyi ilə saxlayır. Cavabdeh uşağın saxlanılmasında maddi cəhətdən köməklik gösdərmədiyi üçün mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya sessiyasına gəlmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında texnik işləməklə 500 manat əmək haqqı alır.Başqa heç bir yerdən gəliri yoxdur. İddiaçı özü də işləyir və kifayət qədər əmək haqqı alır. Uşağının saxlanması üçün aliment ödəməkdən imtina etmir, lakin maddi imkanı çatan qədər hər ay 180 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 723983 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Alisa adlı uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixli, MŞG/1-00007 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmişlər.İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Şəxsi məlumatlar haqqında elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» X6 texnix işləməklə 727,0 manat əmək haqqı alır. Şəxsi məlumatlar haqqında elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı X2 idarəsində kitabxanaçı işləməklə 478,0 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının öz tələbi ilə bağlı mötəbər sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyindən və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğundan, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, habelə uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulması məqsədə müvafiqdir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 42,8 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mediyasya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş üzrə ödənilmiş mediyasiya xərci 50 manatın 25 manatı Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2023-cü ildən başlayaraq Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş mediyasiya xərci olan 50 manatın 25 manatı Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 42,8 manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar