Məhkəmə qərarları › İş №2(125)-2055/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2055/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2055/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan Cavabdeh1 xeyrinə xx.xx.2022-ci il təvəllüdlü oğlu Turqayın saxlanılması üçün tutulan alimentin və Cavabdeh2 xeyrinə xx.xx.2019-cu il təvəllüdlü qızı Elayın saxlanılması üçün tutulan alimentin miqdarını azaldıb, hər biri üçün qazancının 1/6 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı əvvəlcə Cavabdeh2 ilə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan bir uşaq – xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuş, daha sonra isə İddiaçı Cavabdeh1 ilə nikaha daxil olmaqla ailə qurmuş, bu nikahdan isə xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Belə ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin və Turqay üç yaşına çatanadək hər ay 70 manat alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün polis nəfəri, polis baş serjantı işləyir və onun aylıq əmək haqqı vergilər çıxıldıqdan sonra 1113,56 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ayrı-ayrı məhkəmə qətnamələri ilə ondan hər ay qazancının 1/4 və 1/4 olmaqla ümumilikdə 1/2 hissəsi miqdarında iki uşağının saxlanılması üçün aliment tutulur. Aylıq qazancının ona qalan yalnız digər 1/2 hissəsidir ki, bu ailə qanunvericiliyi ilə ziddiyyət təşkil edir. İddiaçı tələbində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, ondan uşaqları Turqayın və Elayın hər birinin saxlanılmaları üçün qazancının yalnız 1/6 (1/3:2=1/6) hissəsi tutula bilər. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi və ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Qurbanova (İsmayılova) Aytac Kamran qızı iddia tələbinə qarşı etiraz təqdim edərək himayəsində azyaşlı qızının olması və maddi imkanının yaxşı olmaması səbəbindən məhkəməyə gələ bilməyəcəyini nəzərə alıb işə onun iştirakım olmadan baxılmasını, iddia tələbinin onun xeyrinə xx.xx.2019-cu il təvəllüdlü qızı Elayın saxlanılması üçün tutulan alimentin miqdarının azaldılıb iddiaçının qazancının 1/6 hissəsi miqdarında müəyyən edilməsi hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etiraz ərizəsində qeyd etmişdir ki, iddianı qəbul etmir, iddiaçı tələbini aylıq qazancının 1/2 hissəsinin alimentə tutulması, özünə qazancının 1/2 hissəsinin qalması, bu halın ailə qanunvericliyi ilə ziddiyyət təşkil etməsi ilə əsaslandırmış, bu zaman Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddələrinə istinad edərək həmin maddələri səhv təfsir etmişdir. İddia tələbinin əsasları ilə razı deyil. Belə ki, iddiaçının dəfələrlə ailə qurub hər arvadından uşaq sahibi olaraq uşaqların saxlanması üçün aliment ödəməsi onun qızının hüquqlarının pozulması üçün əsas ola bilməz. İddiaçı maddi normanı öz mənafeyinə uyğun dəyişərək qızının saxlanılması üçün qazancının 1/6 hissəsinin tutulmalı olduğunu göstərir. Halbuki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi imperativ xarakterli normadır. Yəni hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulması məcburidir. Qanunvericilikdə 1 uşağa görə qazancın 1/6 hissədə tutulması nəzərdə tutulmamışdır. Bundan başqa, o, azyaşlı qızı ilə birlikdə valideynlərinin himayəsində yaşayır, heç bir yerdə işləmir. İddiaçı qazancından tutulan alimentdən başqa uşağının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Hətta, ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını belə qaytarmamışdır. Yəni onun maddi vəziyyəti iddiaçının maddi vəziyyətindən pisdir. Göründüyü kimi iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan bir övladı doğulmuşdur. Məhkəmə qeyd edir ki, tərəflərin mötəbərliyini mübahisələndirmədiyi Gəncə Şəhər Məhkəməsinin 2(125)-1355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsi, yəni iddiaçının ikinci nikahından olan uşağına da aylıq qazancının 1/4 hissəsində aliment tutulması isə iddiaçının maddi vəziyyətində dəyişikliyə gətirib çıxarmışdır. Odur ki, hazırda iddiaçı məhkəmələr tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişilməsi tələbini irəli sürməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.2). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı birinci nikahından olan uşağı üçün aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulduqdan sonra yeni nikaha daxil olmasına, yeni nikahından doğulan digər bir övladı üçün də aliment ödəməli olmasına və hər iki məhkəmə qətnaməsi ilə tutulan cəmi alimentin onun gəlirlərinin yarısına bərabər olmasına istinad edərək hər iki məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsini və iki uşağının saxlanılması üçün tutulmuş alimentin miqdarının hər biri üçün onun qazancının 1/6 hissəsi məbləğində müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, məhkəmə aktları ilə xx.xx.2019-cu il təvəllüdlü X5 üçün İddiaçı qazancından 1/4, xx.xx.2022-ci il təvəllüdlü X6 üçün isə 1/4 hissəsində aliment tutulmuşdur. Beləliklə, iddiaçıdan ümumilikdə tutulan alimentin həcmi onun qazancının yarısını təşkil edir. Yaranmış vəziyyət isə Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində iki uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının üçdə birini (iki uşağın hər biri üçün ayrılıqda altıda birini) təşkil etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməklə iddiaçıdan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh2 xeyrinə Göyçay Rayon Məhkəməsinin 2(046)-376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği azaldılmalı və iddiaçının qazancının 1/6 hissəsi məbləğində müəyyən edilməli, eyni zamanda iddiaçıdan xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh1 xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin (uşaq üç yaşına çatanadək hər ay 70 manat alimentin tutulması hissəsi istisna olmaqla) məbləği azaldılmalı və iddiaçının qazancının 1/6 hissəsi məbləğində müəyyən edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mövcud vəziyyətdə Elay və Turqay üçün tutulan alimentin miqdarının onların hər birinə iddiaçının aylıq gəlirinin 1/6 hissəsi həcmində müəyyən edilməsi hər birinə ayrılıqda 185 manat 59 qəpik təşkil edir ki, bu da mövcud vəziyyətə uyğundur. Belə ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Məhkəmə cavabdeh Aytac İsmayılovanın (Qurbanova) etirazında göstərilən dəlilləri əsassız hesab etməklə qeyd edir ki, ailə qanunvericiliyi iddiaçının dəfələrlə ailə qurub uşaq sahibi olub, sonrakı uşaqlarının saxlanması üçün aliment ödəməsini onun əvvəlki aliment üzrə uşağının hüquqlarının pozulması kimi qiymətləndirmir. Başqa sözlə, birinci nikah üzrə uşağa aliment ödənilməsi şəxsin digər uşağına alimentin tutulmasına maneə deyil. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.7-ci bəndində də qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Həmin qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıdan aliment alan cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmələri barədə hər hansı sübut olmadığından, eləcə də mövcud qanunvericilik əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilsin. İddiaçı, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulmuş alimentin məbləği dəyişdirilsin. İddiaçı, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar