Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2092/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 286 manat 50 qəpik, cərimə qismində 633 manat 94 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış, təhvil-təslim aktı üzrə üzrə mallar ona təhvil verilmişdir. Belə ki, cavabdeh iddiaçıdan 862 manat 50 qəpik məbləğində(malların qiyməti 690 manat + 25% komissiya haqqı) nisyə mal almışdır. Belə ki, ödəniş alıcı (cavabdeh) tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavə edilmiş ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməli idi. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən cavabdeh ilk ödənişini xx.xx.2024-cü il tarixdə 150 manat məbləğində etmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin 2-ci ödənişi xx.xx.2024-cü il tarixdə 144 manat məbləğində olmalı idi,lakin o heç bir ödəniş etməmişdir. Növbəti ödənişi xx.xx.2024-cü il tarixdə 282 manat məbləğində etmişdir. xx.xx.2024-cü il tarixəndə ödəməli olduğu məbləği xx.xx.2024-cü il tarixində 142 mat məbləğində etmişdir. Hal-hazıra kimi cavabdeh tərəfindən qeyd olunanlardan başqa heç bir ödəniş edilməmişdir. Müqavilənin 4.1-ci bəndində birbaşa olaraq göstərilmişdir ki, "Bu müqavilənin 3.4-cü bəndində göstərilən ödənişlər gecikdirildikdə alıcı gecikdirilmiş hər gün üçün satıcıya müqavilə məbləğinin 5%-i məbləğində dəbbə pulu ödəyir. Buna görə də gecikdirilmiş günlər üçün dəbbə pulu 633 manat 94 qəpik təşkil etmişdir. Müqavilənin 2.3.2-ci maddəsində göstərilir ki, ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər alıcı tərəfindən 30 təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tam tələb etmək satıcının hüququdur. Cavabdeh artq iki dəfə ödənişi gecikdirmişdir, bununla da bütün qalıq borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh 286 manat 50 qəpik qalıq əsas borc məbləği ilə yanaşı 633 manat 94 qəpik məbləğində dəbbə pulu ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər olunmasına baxmayaraq bu günə kimi ödəniş etməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada cavabdehə pretenziya məkubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği bu günə qədər ödənilməmişdir. Cavabdeh borcun qaytarılması ilə bağlı tələblərinə məhəl qoymamış, hər dəfə bəhanə gətirərək, borcu qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında iddiaçının Nümayəndə iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 00/95-RB nömrəli nisyə alqısatqı müqaviləsindən və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd 420 manat dəyərində «Coach» markalı çantanı, 1 ədəd 185 manat dəyərində «Coach» markalı saatı və 1 ədəd «Guess» markal 85 manat dəyərində kəməri 6 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Həmin Müqavilənin 3.4-cü bəndində görə müqavilə bağlanarkən 690 manat + 25 faiz komissiya haqqı, cəmi 862 manat 50 qəpik məbləğində pul vəsaiti hesablanmışdır. Həmin Müqavilənin 4.1-ci bəndinə görə bu müqavilənin 3.4-cü bəndində göstərilən ödənişlər gecikdirildikdə, alıcı gecikdirilmiş hər gün üçün satıcıya müqavilə məbləğinin 0,5 faiz məbləğində dəbbə pulu ödəyir. İşdə olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 00/95-RB nömrəli nisyə alqısatqı müqaviləsi bağlanmış, İddiaçı MMC 25 faiz komissiya haqqı hesablanmaqla 1 ədəd 420 manat dəyərində «Coach» markalı çantanı, 1 ədəd 185 manat dəyərində «Coach» markalı saatı və 1 ədəd «Guess» markal kəməri 6 ay ərzində hissə-hissə ödəmək şərti ilə Cavabdeh vermişdir. Cavabdeh İddiaçı MMC qarşısında öhdəliklərini tam icra etməmiş və ödənilməmiş əsas borc qismində 286 manat 50 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 633 manat 94 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 00/95-RB nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 286 manat 50 qəpik, cərimə qismində 20 manat, cəmi 306 manat 50 qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 00/95-RB nömrəli nisyə alqı-satqı müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 286 (iki yüz səksən altı) manat 50 (əlli) qəpik, cərimə qismində 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 336 (üç yüz otuz altı) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2092/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2092/2025
14.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver