Məhkəmə qərarları › İş №2(125)-2111/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2111/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2111/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 3 yaşına çatanadək ona baxması üçün 150 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2022ci ildə faktiki nikaha girmiş, xx.xx.2022-ci il tarixdə onlar nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2022-ci il tarixdə Flora adlı 1 uşaq anadan olmuşdur. Cavabdehlə son vaxtlar münasibətləri pisləşmişdir. Belə ki, Cavabdeh 2023-cü ilin yanvar ayında işləmək üçün Polşa Respublikasına, daha sonra isə Almaniya Respublikasına getmişdir. Hazırda Cavabdeh Almaniya Respublikasındadır və ev təmiri ustası kimi çalışır. Cavabdeh ötən müddət ərzində cavabdeh onunla və uşağı ilə maraqlanmamış, uşağın saxlanması üçün ona heç bir maddi dəstək olmamışdır. Qeyd olunan səbəbdən də o, cavabdehlə birgə nikahdan doğulmuş uşağın maddi təminatını çətinliklə ödəmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV seriyalı, 696752 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 530881 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx.xx.2022-ci tarixdə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi ər-arvadın birbirinə qarşı ər-arvadın hüquq və vəzifələri, eləcə də bir-birindən aliment tələb etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələbini və mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın 3 yaşına çatanadək saxlanması üçün aliment tələbi qismən təmin edilməli və uşaq 3 yaşına çatanadək saxlanması üçün 30 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 06 noyabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 190 (bir yüz doxsan) manat və 06 noyabr 2022-ci il tarixdə anadan olmuş X1 3 yaşına çatanadək 30 (otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 28 fevral 2024-cü il tarixdən X3 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar