Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2202/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «mənəvi zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı vurulmuş mənəvi zərərin əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. O, həmin ünvanda oğlu və oğlunun ailəsi ilə birgə yaşayır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qaz təminatı Cavabdeh tərəfindən təmin edilir. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində o, yaşadığı evin həyətində ev işləri ilə məşğul olarkən kənar bir şəxs yüksək səslə həyətə daxil olmuşdur. Sonradan həmin şəxsin Cavabdeh əməkdaşı olduğu ona məlum olmuşdur. Cavabdeh əməkdaşının hərəkətləri nəticəsində o, qorxu və həyəcan keçirərək huşunu itirmiş, gözünü açarkən evdə olduğunu görmüşdür. Həmin vaxt o, danışa bilmədiyini hiss etmişdir. Buna görə də oğlu Elxan Əmrahov və gəlini Alya Əmrahova onu «X1» X4 tabeliyindəki «Abbas Səhhət» adına xəstəxananın nevrologiya bölməsinə aparmışlar. Burada o, müayinə olunduqdan və ambulator şəraitdə müalicə edilməsi tövsiyyə edildikdən sonra yaşadıqları evə qayıtmışlar. Cavabdeh əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində o, psixi və mənəvi iztirab keçirmişdir. Bundan başqa, o, ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi üçün, bu hadisənin yaşanması onun xəstəliyini daha ciddiləşdirmişdir. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, 00400605 nömrəli akt tərtib olunaraq, ona qanunsuz olaraq 1.399 manat 68 qəpik məbləğində borc hesablanmışdır. Həmin aktdan narazı qaldığı üçün onu məhkəmədə mübahisələndirmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4171/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən əsassız hesablanmış 1.399 manat 68 qəpik məbləğində borc silinmişdir. Cavabdeh əməkdaşlarının onun yaşadığı evin həyətinə qanunsuz daxil olması ona pis təsir etmişdir. Həmin şəxslərin hərəkətlərindən onun psixoloji vəziyyəti çox dəyişmiş, Cavabdeh əməkdaşlarının qanunsuz hərəkətlərindən onun səhhətində arterial təyziq və əsəb sistemində problemlər yaranmışdır. Beləliklə, o, Cavabdeh əməkdaşlarının hərəkətləri ilə əlaqədar mənəvi sarsıntı keçirmiş, ona qarşı törədilən qanunsuz hərəkətinin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. O, iztirab və sarsıntı keçirərək sağlamlığının pozulması ilə nəticələnən fiziki əzab çəkmişdir. Bundan başqa, o, Cavabdeh əməkdaşlarının qeyri-qanuni hərəkətlərindən zob xəstəliyinə tutulmuş, bununla bağlı Z.Məmmədov adına xəstəxananın endikrinoloji şöbəsində müalicə almışdır. O, hazırda da müalicə alır. Buna görə də bankdan 9.000 manat məbləğində kredit götürmüş və həmin vəsaiti müalicəsinə sərf etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən evdə yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli «stansonar xəstənin tibbi kartasından» çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı stabil gərginlik stenokardiyası xəstəliyindən əziyyət çəkir. İşdə olan «Z.Məmmədov adına Xəstəxana»nın Endrokrinoloji şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı tiroid vəzində düyünlü dəyişikliklər izlənilir. İş materiallarında olan İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 5270***- *******01 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2028-ci il tarixədək ödəmək şərti ilə 9.179 manat 10 qəpik məbləğində kredit götürmüşdür. İşdə olan Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 14-2- 2-14/2-Ə-65-5/2025 nömrəli məktubdan görünür ki, müraciətdə adları qeyd olunan əməkdaşlarla fərdi qaydada söhbətlər aparılmış və məlum olmuşdur ki, müvafiq qanunvericiliyə uyğun olaraq əməkdaşlar öz vəzifə öhdəliklərini icra etmişlər və heç bir pozuntu halına yol verilməmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 4171/2025 nömrəli qətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 040065 nömrəli, xx.xx.2024-cü il tarixli akt əsasında İddiaçı (abonent kodu **********00660) Cavabdeh tərəfindən hesablanmış 1.399 manat 68 qəpik məbləğində borc silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə görə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 nüsxəsini istehlakçıya təqdim etməlidir; Həmin Qaydaların 3.2.11-ci bəndinə görə istehlakçı qaz paylayıcısının işçilərinin müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə maneəsiz daxil olmasına və ya müayinənin keçirilməsinə şərait yaratmalıdır. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) əlaqədar məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı öz iddia tələbinin əsası kimi Cavabdeh əməkdaşlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun və onun üzərindəki sayğacın yoxlanılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə həmin ünvana daxil olmaları ilə əlaqədar mənəvi zərərə məruz qalmasına istinad etmişdir. Halbuki, Cavabdeh istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarını yoxlama hüququna malikdir. Göründüyü kimi cavabdehin hərəkətlərində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedən qaz borusunun və onun üzərindəki sayğacın yoxlanılması ilə əlaqədar hər hansı mülki hüquq pozuntusu mövcud deyildir. Digər tərəfdən İddiaçı məhz Cavabdeh əməkdaşlarının təqsirli hərəkəkətləri nəticəsində mənəvi iztirab keçirməsini və sağlamlığının həmin mənəvi iztirabla əlaqədar pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «mənəvi zərərin əvəzi qismində pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2202/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2202/2025
28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver