Məhkəmə qərarları › İş №2(125)-2261/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2261/2025

07.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2261/2025 07.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına və Cavabdeh1nə qarşı “aliment borcundan azad olma, aliment borcunun silinməsi və yığılmış aliment borcuna dair iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdehlər Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Göygöl Rayon Məhkəməsinin 527/2016 saylı, 16 mart 2016-cı il tarixli icra sənədi üzrə yığılmış aliment borcunun tam şəkildə silinməsi, yəni həmin aliment borcundan tam şəkildə azad olunması barədə və Göygöl Rayon Məhkəməsinin 2(066)-450/2021 saylı, 19 aprel 2021-ci il tarixli icra sənədi üzrə aliment borcunun 2024- cü ilin aprel ayınadək silinməsi, yəni həmin tarixədək olan aliment borcundan faktiki nikahda olmasına və ümumi birgə təsərrüfat aparmasına görə aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-527/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər birinin saxlanması üçün 16 fevral 2016-cı il tarixdən sabit məbləğdə 80 (səksən) manat, cəmi 160 manat alimentin tutularaq Cavabdeh2 ödənilməsi, cavabdeh İddiaçı dövlət rüsumu hesabına 20 (iyirmi) manatın alınaraq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbnaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, formalaşmış hüquqi mövqeyə görə, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanarsa bu zaman aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılmalı, əks təqdirdə mübahisə icra qaydasında öz həllini tapmalıdır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar hesablanan məbləğin silinməli olması ilə əsaslandırılırsa, bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Hazırki tələbin mahiyyətindən görünür ki, İddiaçı Göygöl Rayon Məhkəməsinin 2(066)-527/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi çıxarılmasına, yəni cavabdeh Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızı ilə nikahları rəsmi qaydada pozulmasına baxmayaraq 2016-cı ildən 2023-cü il tarixinədək bir yerdə yaşadıqlarını, ümumi birgə təsərrüfat aparmalarını, bu müddət ərzində uşaqlarına və ailəsinə baxmaqla məşğul olduğunu, hətta bundan Cavabdeh1 də məlumatlı olduğunu bildirərək həmin dövrlər üzrə Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına ödənilməli olan aliment borcundan azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir və qeyd edilən məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında (iddia icraatı qaydasında) baxıla bilməz. Qanunvericiliyin tələbinə görə icra mərhələsində aliment borcları məhz icra məmuru tərəfindən müəyyən olunur və mübahisə halında tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər (çünki, bu kimi hallar alimentin ödənilməsi zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır). Göründüyü kimi, iddiaçı azyaşlı uşaqları və cavabdeh Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızı ilə birlikdə yaşadığı dövrlər üzrə yaranmış borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də, aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. İddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş aliment borcunun silinməsi və s. bu kimi hallarla bağlıdır. Odur ki, hazırkı ərizəyə icra icraatı qaydasında baxılmalı olduğundan iddiaçı məhkəməyə deyil, aidiyyəti üzrə icra məmuruna (icra qurumuna) müraciət etməlidir. Məhkəmə hesab edir ki, bu kimi mübahisələrin icra qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərfli həllinə yönəlməlidir. Odur ki, hazırkı ərizəyə icra icraatı qaydasında baxılmalı olduğundan iddiaçı məhkəməyə deyil, aidiyyəti üzrə icra məmuruna (icra qurumuna) müraciət etməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cəfərova (Məhərrəmova) Aysel Müzadil qızına və Cavabdeh1nə qarşı “aliment borcundan azad olma, aliment borcunun silinməsi və yığılmış aliment borcuna dair iş üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar