Məhkəmə qərarları › İş №2(125)-2274/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2274/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2274/2024 22.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından dünyaya gəlmiş 24 dekabr 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay onun xeyrinə hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasına, həmçinin, mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci il tarixində faktiki ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 24 dekabr 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2023-cü təvəllüdlü X6 adında 2 uşaqları doğulmuşdur. Cavabdeh ilə bir müddət normal yaşadıqdan sonra cavabdehlə aralarında narazılıqlar olmuş, xasiyyətləri uyğun gəlmədiyindən cavabdehlə aralarında olan ər-arvad münasibətlərinə son qoymaq məcburiyyətində qalmışdır. Hazırda cavabdehlə ailə münasibətlərində problem yaranmışdır. Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Cavabdehlə ayrıldıqları bu müddət ərzində cavabdeh uşağına könüllü maddi və mənəvi yardım göstərməmişdir. Hazırda azyaşlı uşaqla birlikdə maddi çətinlik çəkir. Odur ki, azyaşlı uşaqlarının saxlanması üçün cavabdehdən aliment tələbi vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, faktiki ailə münasibətlərindən İnci və Tahir adlı iki uşaqları doğulmuşdur. İddiaçı ilə arasında uşaqlarla ünsiyyət, uşaqların himayəsi məsələsi ilə əlaqədar olaraq barışıq sazişi bağlamışlar. Lakin, İnci və Tahir adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün aliment ödənilməsi barədə razılığa gələ bilməmişlər. Hal-hazırda iddiaçının tələb etdiyi aliment məbləği ilə razıdır. Belə ki, İnci və Tahir adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İV seriyalı, 392277 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 dekabr 2019-cu il tarixində doğulmuşdur. Atası: X7, anası: İddiaçıdır. AZ-İV seriyalı, 935868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünürn ki, X6 15 oktyabr 2023-cü il tarixində doğulmuşdur. Atası: X7, anası: İddiaçıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı ilə Cavabdeh ilə qeyri-rəsmi nikahından doğulmuş iki azyaşlı uşaqlarının saxlanılması üçün aliment məbləğinin müəyyən olunmasında tərəflər arasında fikir ayrılığı yarandığı üçün məhkəmə tərəfindən məbləğin müəyyən olunmasına və digər şərtlərin isə öz aralarında həll olunmasına razılaşmışlar. Birinci tərəf İddiaçı iki azyaşlı uşaqların 24 dekabr 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin Məhkəmə tərəfindən müəyyən olunmasına, uşaqların ana himayəsində saxlanılmasına və atanın istədiyi vaxt uşaqlarla görüşməsinə razılaşdığını bildirmişdir. Birinci tərəf İddiaçı ata ilə uşaqların istədiyi vaxt görüşməsinə narazılıq bildirməməsi üçün öz üzərinə öhdəlik götürmüşdür. İkinci tərəf Cavabdeh birinci tərəf İddiaçı fikirləri ilə razılaşdığını bildirmişdir. Tərəflər aliment məbləğinin müəyyən olunmasında fikir ayrılığı yarandığı üçün Məhkəməyə müraciət etməyə razılaşmışlar. Tərəflər İddiaçı və Məmmədov X2 yazılanları oxumuş, dinləmiş və imza atmağa razılaşmışlar. Tərəflər Barışıq sazişinə əsasən bir-birlərinə verdikləri sözlərə görə gələcəkdə məsuliyyətsizlik etsələr və öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsələr tərəf-tərəfi məhkəməyə verə bilər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki ərarvad münasibətlərindən 24 dekabr 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2023-cü il təvəllüdlü X6 adında iki uşaqları doğulmuşdur. Tərəflər öz aralarında aliment məsələsi ilə bağlı razılığa gələ bilmədiklərindən və aralarında alimentə dair mübahisə olduğundan iddiaçı “aliment” tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etdiyini, yəni hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, həmçinin, cavabdehin iddiaçının tələb etdiyi aliment məbləği ilə razılaşmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24 dekabr 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, uşaqlar analarının yanında olduqlarından, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 11 mart 2024-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, qeyd edir ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh X3 tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, 24 dekabr 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar