Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2302/2022 14.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh1 Nağdalı oğlunun, onun nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçı Cavabdeh1 Nağdalı oğluna və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun saxlanılması və mənzilə köçürülmə barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nağdalı oğluna və Cavabdeh2 qarşı cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzildən X4 yetkinlik yaşına çatana kimi istifadə hüququnun saxlanılması və iddiaçının qızı X9 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilin 43 kvadrat metr sahəsi olan 3 yaşayış otağı və 33,3 kvadrat metr köməkçi sahəsi Cavabdeh1 Nağdalı oğlunun, 9 kvadrat metr yaşayış otağı isə Cavabdeh2 mülkiyyətindədir. Buna dair həmin şəxslərə xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 Nağdalı oğlu ilə o, xx.xx.2015-ci il tarixdə nikahlarını qeydə aldırmaqla, nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2016-ci il tarixdə X9 anadan olmuşdur. Cavabdeh1 nikaha daxil olduqları gündən Cavabdeh1 razılığı əsasında Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilə gəlin köçmüş, həmin şəxsin razılığı ilə o və qızı Günəş həmin evə qeydiyyata düşmüşdür. Həmin ünvanda o, Cavabdeh1la birlikdə ər-arvad kimi yaşamış, birgə təsərrüfatı idarə etmiş və bir ailənin üzvləri olaraq, orada yaşamışlar. 2019-cu ilin dekabr ayında Cavabdeh1 bildirmişdir ki, bacısı Cavabdeh2 onların mübahisəli mənzildə yaşamaqlarına görə narazılığını bildirdiyi üçün onlar bir müddət köçüb başqa ünvanda kirayədə yaşamalıdırlar. O, T.N.İsgərovla razılaşmış və başqa ünvanda kirayədə yaşamağa başlamışlar. Ona məxsus olan 2 nəfərlik yataq, ön stolu, qaz piltəsi, 1 ədəd kreslo, 1 ədəd paltar asılan mebel Cavabdeh1 adına olan evdə qalmışdır. Lakin xx.xx.2020-ci il tarixdə Cavabdeh1 onu və qızını kirayə yaşadıqları mənzildə ataraq, Rusiya Federasiyasına getmiş və onlara heç bir maddi yardım göstərməmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 təşəbbüsü ilə onlar arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, dəfələrlə qızı Günəşlə birlikdə həmin mənzilə qayıtmaq istəsə də Cavabdeh1 bacısı Cavabdeh2 onları mənzilə buraxmamışdır. Cavabdeh1la birgə nikahdan doğulmuş Günəşi o, hazırda tək başına saxlayır. Nitq qüsurlu olduğuna görə o, heç bir yerdə işləyə bilmir və maddi çətinlik çəkir. Onun heç bir yerdə qalmağa mənzili olmadığına görə qızı ilə birlikdə kirayədə yaşlı və xəstə Nəzakət adlı bir qadının evində yaşayır. O, həmin qadına ev işlərində köməklik etdiyinə görə ondan kirayə haqqı almır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili N.N.Heydərov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, əvvəllər İddiaçı ilə nikahda olmuş və onlar arasındakı nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan xeyli müddət keçmişdir və bununla da İddiaçı onun mülkiyyətində olan mənzildən istifadəyə olan ehtiyacı aradan qalxmışdır. Hazırda o, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilin mülkiyyətçisi olduğuna görə X4 yetkinlik yaşına çatana kimi iddiaçının istifadə hüququnun saxlanılması onun mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi A.Z.Qasımov Cavabdeh1 izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun vəkilini, Cavabdeh1 və onun nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-300/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 Nağdalı oğlu ilə İddiaçı arasında 18 aprel 2015-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 51 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 16 fevral 2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 Nağdalı oğlundan hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 718302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 fevral 2016-cı ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh1 Nağdalı oğlu, anası İddiaçıdır. İşdə olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X5 və X1 şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Kirovabad şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 10 nömrəli protokolu ilə verilmiş 447 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli 1251 saylı arayışı (qeydiyyatda olanlar X10 və X11), Gəncə şəhər 4 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə 7E-02-2581 saylı reyestrdə təsdiq edilmiş X6 razılıq ərizəsi, Gəncə şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 4A, 72 saylı mənzil (52 kvadrat metr dörd yaşayış otaqları, 31,7 kvadrat metr yardımçı sahə) X7 adına özəlləşdirilmişdir və ona xx.xx.2005-ci il tarixli 22072 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-1704 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 bu əmlaka xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-2302 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 ümumi sahəsi 83,4 kvadrat metr olan bu mənzilin 9 kvadrat metr sahəli yaşayış otağını Cavabdeh2 Nağdalı qızına bağışlamışdır. 4-cü mikrorayon, ev 4A, 72 saylı mənzilə dair Cavabdeh1 (43 kvadrat metr 3 yaşayış otağı, 33,3 kvadrat metr köməkçi sahə) və Cavabdeh2 (9 kvadrat metr bir yaşayış otağı) adlarına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı və Cavabdeh1 Nağdalı oğlu xx.xx.2015-ci ildə nikaha girmiş, onların birgə nikahından 16 fevral 2016-cı ildə X9 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-300/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 Nağdalı oğlu ilə İddiaçı arasında 18 aprel 2015-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 51 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 16 fevral 2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 Nağdalı oğlundan hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2019-cu ilin dekabr ayından İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yaşamış, 2020-ci ilin may ayından isə İddiaçı ilə Cavabdeh1 arasında faktiki nikah münasibətləri başa çatmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı işüzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarından isə görünür ki, 2019-cu ilin dekabr ayından İddiaçı cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanda yaşamış, 2020-ci ilin may ayından isə İddiaçı ilə Cavabdeh1 arasında faktiki nikah münasibətləri başa çatmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-300/2021 nömrəli qətnaməsi ilə həmin şəxslər arasında olan nikah pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulmasından hazırki tarixədək ötən 1 il 09 ay, faktiki nikah münasibətlərinin başa çatdığı vaxtdan 2 il 04 ay müddət ərzində iddiaçı cavabdehlərin mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşamışdır. Bu müddət ərzində isə iddiaçının cavabdehlərə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququna dair zərurət aradan qalxmışdır. Digər tərəfdən mübahisəli evin kommunal şəraitinin üç ailənin (İddiaçı və qızı, X2 və Cavabdeh2) münaqişəli vəziyyətdə birgə yaşamasına imkan verməsinə, habelə iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmə imkanının (kirayə, əvəzsiz istifadə və s.) olmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Nağdalı oğluna və Cavabdeh2 qarşı cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzildən X4 yetkinlik yaşına çatana kimi istifadə hüququnun saxlanılması və iddiaçının qızı X9 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nağdalı oğluna və Cavabdeh2 qarşı cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzildən X4 yetkinlik yaşına çatana kimi istifadə hüququnun saxlanılması və iddiaçının qızı X9 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2302/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2302/2022
14.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver