Məhkəmə qərarları › İş №2(125)-2382/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2382/2024

26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2382/2024 26.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat, üç uşaq üçün isə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə 28 aprel 2006-cı il tarixdə evlənib ailə qurmuş və xx.xx.2022-ci il tarixdə nikahları Gəncə “ASAN Xidmət Mərkəzi”nin Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Cavabdehlə birgə yaşadıqları müddətdə xx.xx.2007-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı üç uşaqları doğulmuşdur. Onların cavabdehlə birgə nikahdan olan Elnurə, İsmayıl və Leyla adlı uşaqları hazırda onun yanında qalır, o, heç bir yerdə işləmir, uşaqlarının saxlanılmasında maddi cəhətdən çox əziyyət çəkir. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh hazırda Bakı şəhərində yaşayır və “Çətir” adlı restoranda inzibatçı (adminstrator) vəzifəsində işləyir. O, hər ay yüksək qazanc (gəlir) əldə edir. Ona görə də hesab edir ki, Cavabdeh bir uşağın saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat, üç uşağın saxlanması üçün isə hər ay 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh ilə birgə ailə münasibətlərindən Elnurə, İsmayıl və Leyla adlı 3 uşaqları doğulmuşdur. Hal-hazırda cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah pozulmasa da, faktiki olaraq ayrılmışlar və uşaqlar onun yanındadır. Cavabdeh rəsmi gəliri az olsa da real gəliri 1000 manatdan artıqdır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmədiyindən uşaqların saxlanılmasında, tələbatlarının ödənilməsində çətinlik çəkir. Belə ki, cavabdeh qazandıqlarını başqa qadına göndərir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 503196 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 21 aprel 2022-ci il tarixdə Gəncə “ASAN xidmət” X2 bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 aprel 2022-ci il tarixdə 1075 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Cəfərov, arvada “Cəfərova” soyadı verilmişdir. AZ-İ seriyalı, 995967 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 17 iyun 2007-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İİ seriyalı, 266834 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 13 avqust 2008-ci il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İİİ seriyalı, 338370 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 13 may 2014-cü il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1-00295 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 16 fevral 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 21 aprel 2022-ci il tarixində nikahlarını rəsmiləşdirmək ailə həyatı qurmuşdur. Tərəflərin xx.xx.2007ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adında üç uşaqları doğulmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrılmış və uşaqlar iddiaçının yanındadır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamalarını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, eyni zamanda cavabdehin gəlirləri barədə işdə sübutun olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 14 mart 2024-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 5760 manat təşkil etdiyindən, 77,6 (yetmiş yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 77,6 (yetmiş yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar