Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2465/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüquqlarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup Qarabağ əlili olaraq ona verilmiş (ona məxsus) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanından Cavabdeh tərəfindən istifadə hüququna yaradılmış maneənin aradan qaldırmaqla, sözügedən mənzilə köçürülməsini və onların həmin mənzildən istifadə qaydalarının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulub boya-başa çatmışdır. 1992-ci ildə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsinə başlanan zaman yaşı çatmasa da, könüllü olaraq vətəninin müdafiəsi üçün müharibəyə getmiş və döyüşlərə qatılmışdır. 1993-cü ildə güllə yarası almış və İ Qarabağ müharibəsi qazisidir. O, İ Qarabağ müharibəsi iştirakçısı olmaqla, İİ qrup Qarabağ əlilidir. O, İİ qrup Qarabağ əlili olaraq dövləti tərəfindən Qarabağ əlilləri üçün verilmiş imtiyazlardan istifadə edir. O, İİ qrup Qarabağ əlili olduğu üçün ona ev verilməsi üçün Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının 19 sentyabr 2003-cü il tarixli, 433 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə X3 və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə İİ qrup Qarabağ əlili olmağı məqsədi ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 20 saylı binanın 19 saylı mənzilini ona vermişlər. O, 11 may 2011-ci ildə X6 ilə nikaha daxil olaraq evlənmişdir. Onların birgə nikahlarından xx.xx.2012-ci ildə Səməd və xx.xx.2013-cü ildə Arif adlı uşaqları doğulmuşlar. Münasibətləri tutmadığı üçün onun iddiası əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2016-cı tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Onların nikahları pozulmamışdan 1 il öncə birgə yaşadıqları müddətdə cavabdehin iddiası əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 3367/2015 saylı qətnaməsi ilə hər uşağın saxlanılması üçün ondan 75 manat, cəmi 150 (bir yüz əlli) manat alimentin tutulması qət edilmişdir. Onların nikahları pozulduqdan sonra, dövlət tərəfindən ona İİ qrup Qarabağ əlili olduğu üçün verilmiş sözügedən evdən çıxaraq, getmişdir ki, cavabdeh uşaqlarına baxıb böyütsün və rahat yaşasınlar. Bundan əlavə olaraq o, məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment borcundan artıqlaması ilə pul vermişdir ki, rahat yaşasınlar. Cavabdeh alimentin artırılması ilə müraciət etmiş və məhkəmə qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat edilmişdir. O, dövlət tərəfindən ona verilən evindən istifadə edə bilmir. Hazırda o, İİ qrup Qarabağ əlili olaraq dövlət tərəfindən ona verilmiş evdən məhrum olmuş və orda-burda, kirayələrdə qalmışdır. Hazırda dövlət tərəfindən ona İİ qrup Qarabağ əlili olduğu üçün verilən evə köçürülməsi və onların sözügedən mənzildə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanına köçürülməsinə və orada yaşamasına, həmçinin onunla bərabər evin bütün hissəsindən istifadə etməsinə etiraz etmir. Ancaq İddiaçı mübahisəli evə köçən zaman içki düşkünü olduğu üçün içib dava salacaqdır. Hazırda mübahisəli evdə iki azyaşlı uşağı ilə birlikdə qalır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Ə № 010128 Azərbaycan Respublikası X3, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlili statusu verilmişdir. AZ-İ seriyalı, 273927 nömrəli, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş İddiaçı və X6 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 05 fevral 2018-ci il tarixdə 40 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Orucov”, qadına “İbrahimova” soyadı verilmişdir. Azərbaycan Respublikası Gəncə şəhəri İcra hakimiyyəti başçısının 19 sentyabr 2003-cü il tarixli, 433 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi 15 saylı yataqxananın 133 saylı mənzilində yaşayan İddiaçı şəhər İcra Hakimiyyətində İİ qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə X3 və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 06 oktyabr 2011-ci il tarixli iclasının qərarından çıxarışın surətindən görünür ki, İddiaçı İİ qrup X4. Ailə tərkibi 2 nəfər olmaqla, xx.xx.2003-cü ildən növbəyə dayanmışdır. Ailəlidir, “Billur” zavodunun yataqxanasında 1 nəfər qeydiyyatda olmaqla, sahəsi 12 kv,m olan otaqda 2 nəfər yaşayırlar. Yataqxana 5 mərtəbəlidir. Ümumi kommunal şəraitlidir. Həyat yoldaşı atasına məxsus mənzildə qeydiyyatdadır. Ayrılan otaqların sayı və sahəsi: 2 otaqlı, ümumi sahəsi 78,56 kvm, faydalı sahəsi 42,5 kvm-dir. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Ə-538 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 20 saylı binanın 19 saylı mənzilində yaşayan İddiaçı bildirilmişdir ki, yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 20 saylı binada yerləşən yaşayış sahəsi 42,5 m2 olan 2 otaqlı sosial təyinatlı 19 saylı mənzili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 8 noyabr 2010-cu il tarixli, 1/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın 25 dekabr 2010-cu il tarixli iclasının Qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial təyinatlı mənzillər özəlləşdirilə bilməz. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-75/2016 nömrəli, 11 mart 2016cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.2011-ci ildə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 269 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci ildə anadan olmuş Səməd və xx.xx.2013-cü ildə anadan olmuş Arif adlı uşaqlar yetkinlik yaşına çatana qədər anası X5 himayəsində saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(125)- 1047/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanından Cavabdeh əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı İ Qarabağ Müharibəsi iştirakçısı olmaqla, İİ qrup Qarabağ əlilidir. İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə ailə münasibətlərindən 2 övladları dünyaya gəlmişdir. İddiaçı İİ qrup Qarabağ əlili olduğu üçün ona ev verilməsi məqsədi ilə mənzil növbəsinə götürülməsini xahiş etmiş, Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 19 sentyabr 2003-cü il tarixli, 433 nömrəli sərəncamı ilə İddiaçı İİ qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə X3 və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilin yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmri ilə İddiaçı ailəli olmaqla, ikiotaqlı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 20 saylı binanın 19 saylı mənzili verilmişdir. İddiaçı ilə Cavabdeh ilə aralarındakı münasibətlər pozulduğundan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-75/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə X6 arasında xx.xx.2011-ci ildə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 269 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci ildə anadan olmuş Səməd və xx.xx.2013-cü ildə anadan olmuş Arif adlı uşaqlar yetkinlik yaşına çatana qədər anası X5 himayəsində saxlanılması qət edilmişdir. Nikah pozulduqdan sonra İddiaçı mübahisəli mənzildən çıxıb getmişdir. Hal-hazırda iddiaçı mübahisəli mənzildən istifadəsinə cavabdeh tərəfdən maneə yaradıldığından və yaşamağa yeri olmadığından İİ qrup Qarabağ əlili olduğu üçün ona verilən evə köçürülməsi və sözügedən mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etdiyini, İddiaçı mübahisəli mənzil olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanına köçürülməsinə, orada yaşamasına, həmçinin onunla bərabər evin bütün hissəsindən istifadə etməsinə etiraz etmədiyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Bundan başqa, Məhkəmə, tərəflər arşında olan hazırkı mübahisənin həlli ilə bağlı qanunvericiliyin normaları aşağıda qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 48.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3-cü maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4-cü maddəsinə əsasən bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. 60.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir. 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. 61.2-ci maddəsinə əsasən ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisəli mənzil olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanı dövlət mənzil fonduna daxil olan sosial mənzil olmaqla, iddiaçının istifadəsinə verilmişdir. Ev iddiaçıya verilən zaman isə cavabdehin də iddiaçı ilə birlikdə yaşaması dövlət tərəfindən nəzərə alınmışdır. Hazırkı vəziyyətdə isə cavabdeh iddiaçını mübahisəli mənzildə yaşamasına mane olmaqla onun həmin mənzildən istifadə hüququnu pozur. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçının mübahisəli mənzilə dair gələcəkdə gözlənilən mülkiyyət hüququ da vardır. Məhkəmə eləcə də qeyd etməyi lazım bilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğundan İddiaçı mübahisəli mənzilə köçürüldükdən sonra tərəflərin mübahisəli mənzildən bərabər istifadə qaydaları müəyyən edilməlidir. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanından istifadə hüququna qoyulan maneə aradan qaldırılmalı, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanına köçürülməli və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanından İddiaçı və Cavabdeh bərabər istifadə qaydaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanından istifadə hüququna qoyulan maneə aradan qaldırılsın və İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanına köçürülsün. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, mənzil 19 ünvanından İddiaçı və Cavabdeh bərabər istifadə qaydaları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2465/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2465/2023
04.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver