Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2476/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş kreditə görə zamin kimi onun əmək haqqından tutulmuş ümumilikdə 6907,73 manat, əldən çıxmış fayda kimi 2000 manat, mənəvi ziyan olaraq 2000 manat, dövlət rüsumu kimi ödədiyi 122,70 manat olmaqla, ümumilikdə 11030,43 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin mart ayında Zaqatala rayonunda ordunun "N" saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu vəzifəsində işləyərkən bilavasitə rəisi olan cavabdeh təcili pula ehtiyacının olduğunu və bu məqsədlə bankdan kredit götürmək istəyində olduğunu ona bildirmişdir. O, bu barədə "xxxx" ASCnin Zaqatala filialına müraciət etdiyini, oradan isə zaminsiz kredit verilməyəcəyini bildirərək onun zamin durmağını xahiş etmişdir. O, ilk olaraq bundan imtina etmək istəsə də, onun bilavasitə komandiri olduğu üçün imtina edə bilməmiş və zaminliyə razılıq vermişdir. 31 mart 2014-cü il tarixində cavabdehlə bank arasında kredit müqaviləsi və eyni zamanda həmin verilən kredit məbləğinin təminatı olaraq onunla 31 mart 2014-cü il tarixli, Z-139GTUM140900002 nömrəli zaminlik müaviləsi bağlanmışdır. Müqavilə əsasında cavabdehə 24 ay müddətinə aylıq faiz dərəcəsi 28,6 % olmaqla 5000 manat pul verilmişdir. Həmin pul bankın məxaric kassasından şəxsən cavabdehə təqdim olunmuş və pulun heç bir hissəsi ona verilməmişdir. Cavabdehə ödəniş qrafiki təqdim olunmuş və elə ilk aydan cavabdeh ödənişləri etməmişdir. 2015-ci ilin oktyabr ayından işdən çıxmışdır. 24 iyul 2020-ci il tarixindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürən vəzifəsində işləyir. 2021-ci ilin may ayından ödənilməmiş həmin kreditə görə əməkhaqqından tutulmalar aparılmağa başlanılmış və bu minvalla 2022-ci ilin mart ayının 28-dək onun əməkhaqqından ümumilikdə 6907,73 manat məbləğində vəsait tutulmuşdur. Məvacibindən ödənişlər tutulduğu zamandan cavabdehi bu barədə xəbərdar etmişdir, cavabdeh ona narahat olmamağını və pulunu qaytaracağını demişdir. Cavabdeh vədinə əməl etməmiş və nəticədə alınmış kredit məbləğinin və həmin məbləğə hesablanmış onun əməkhaqqından tutulmalar aparılaraq cavabdeh tərəfindən faiz və cərimə olaraq 6907,73 məbləğində vəsaitin tam ödənişi həyata keçirilmişdir. Son zamanlar isə cavabdeh ümumiyyətlə onun telefon zənglərinə cavab verməyib və bütün zənglərini bloklayıb. Bu məsələni yaxın ətrafında olan ümumi tanışları və dostları bilmiş və bundan böyük mənəvi iztirab keçirmişdir. Özünə yaxın bildiyi, çətin günündə əlindən tutuduğu bir şəxsin ona qarşı bu hərəkəti ona böyük mənəvi zərbə vurmuş və psixoloji sarsıntı keçirmişdir. Beləliklə, cavabdeh tərəfindən aldanıldığına əmin olmuş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin əvəzinə ödədiyi pul aldığı vaxtdan sonra keçən müddət ərzində Respublika ərazisində dəfələrlə olmuş qiymət artımları nəzərə alınmaqla cavabdehin gecikdirdiyi öhdəliyə görə əldən çıxmış fayda 2000 manat, ona dəymiş mənəvi zərərə görə isə cavabdehdən 2000 manat mənəvi zərər məbləği tələb edir. Məhkəməyə müraciət etmək üçün 122,70 manat dövlət rüsumu ödəmişdir. Qanunun tələbinə görə dövlət rüsumu kimi ödənilən 122,70 manat məbləği də cavabdehdən tələb edir. Qeyd etdiyi hüquqi əsaslara görə də hesab edir ki, tələbinin mənəvi zərər hissəsi də əsaslı və qanunidir. Cavabdehin bu cür hərəkəti onun mənəvi sarsıntı keçirməyi ilə nəticələnmiş, ona qarşı olunmuş bu hörmətsizliyin fonunda şüurunda müəyyən mənfi psixi reaksiyalar yaranmış, iztirab keçirmişdir. Bir müddət fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Məhkəmənin gedişində "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizələr ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh ərizə verərək iddia tələbini qismən qəbul etdiyini, iddiaçı 6907 manat pulu onun əvəzinə "xxxx" ASC-yə ödədiyindən həmin pulun qaytarılmasına razı olduğunu, bu hissədə iddianı etiraf etdiyini, qalan hissədə isə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, əvvəllər hərbiçi olmuşdur, hazırda anası ona maddi cəhətdən köməklik edir, onun başqa banka da borcu var. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh sonrakı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Həmçinin məhkəmə bildirişi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetində yerləşdirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış bağlanmış 139GTUM140900002 nömrəli, 31 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə ödəmək şərtilə 5000 manat məbləğində kredit vermiş, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehin həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə iddiaçı (zamin) arasında Z-139GTUM140900002 nömrəli, 31 mart 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən zamin 139GTUM140900002 nömrəli, 31 mart 2014-cü il tarixli müqavilə üzrə borcalanın Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və kreditor qarşısında borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqaviləyə görə zamin borcalanın öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışa əsasən iddiaçıya məxsus 416974******8440 nömrəli bank hesabı üzrə xx.xx.2020-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2022-ci il tarixinədək kart üzrə 11831,19 manat dövr üzrə məxaric olunmuş, 11832,08 manat isə dövr üzrə mədaxil olunmuşdur. İş materiallarına iddiaçıya məxsus 510307******5050 nömrəli bank hesabı üzrə xx.xx.2021-ci il tarixindən son əməliyyat tarixi olan xx.xx.2025-ci il tarixinədək kart üzrə əməliyyatları əhatə edən ödəniş kartı üzrə çıxarış əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən kredit ödənişləri təyinatı ilə RGTK4995090A178 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 1100 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə 1340 manat ödənişlər edilmişdir. Müqaviləyə əsasən borcalan kreditor qarşısında öhdəliklərini icra etdikdə, borcalana qarşı reqres qaydada tələb irəli sürmək zaminin hüququdur. Həmin müqaviləyə əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və faizləri, yaxud onların bir hissəsini) tərəflər arasında imzalanmış ödəniş qrafiki üzrə yerinə yetirmədikdə və ya borcalan tərəfindən ödənişlər (əsas borc və faizlər, yaxud onların bir hissəsi) ardıcıl olaraq iki dəfə pozulduqda Bank kredit öhdəliklərinin icrasını birlikdə və ya ayrılıqda borcalan və zamindən vaxtından əvvəl tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış cavabdehin izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bank ilə zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, Bank tərəfindən sözügedən kredit müqaviləsindən irəli gələn 6907 manat məbləğində pul vəsaiti zaminlik müqaviləsinə əsasən zaminin hesabından akseptsiz qaydada müxtəlif tarixlərdə silinmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" ASC hazırkı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə, habelə müvafiq sorğu göndərilməsinə, bununla da hazırkı mülki işdən məlumatlı olmasına baxmayaraq məhkəmədə iştirak edib müvafiq kredit müqaviləsi üzrə kredit borcunun banka tam qaytarılıb-qaytarılmadığını mübahisələndirməmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin kredit müqaviləsi üzrə bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tələb edilən 6907 manat məbləğində iddianı qismən qəbul edərək bu barədə məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçı 6907 manat pulu onun əvəzinə "xxxx" ASC-yə ödədiyindən həmin pulun qaytarılmasına razı olduğunu, bu hissədə iddianı etiraf etdiyini, qalan hissədə isə iddia tələbini qəbul etmədiyini bildirmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əldən çıxmış fayda kimi 2000 manat və vurulmuş mənəvi ziyana görə 2000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə isə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu, habelə cavabdehin əvəzinə ödədiyi puldan sonra keçən müddət ərzində ölkə ərazisində dəfələrlə olmuş qiymət artımları nəzərə alınmaqla cavabdehin gecikdirdiyi öhdəliyinə görə əldən çıxmış faydasının olduğunu bildirsə də, lakin mənəvi ziyanın və əldən çıxmış faydanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini, həmçinin əldən çıxmış faydasının olduğunu sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər vurması və əldən çıxmış faydasının olması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması və əldən çıxmış faydası ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6907 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı digər hissədə tələbinin əsasını təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 89,07 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 6907 (altı min doqquz yüz yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 89,07 (səksən doqquz manat yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2476/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2476/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver